“Bizə Qafqazda hərbi baza lazımdır. Hərtərəfli təchiz olunmuş, güclü hərbi bazadan söhbət gedir. Bu ona görə lazımdır ki, bütün yollar İranla müharibəyə aparır. Əgər biz Cənubi Qafqazda hərbi bazaya sahib olsaq, İranı təhdid etmək asanlaşacaq. Açığını desəm, ABŞ üçün ən əlverişli mövqe Azərbaycandır”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın internet kanallarından birinə müsahibəsi zamanı amerkalı politoloq Con Varoli bildirib: “Ona görə ki, Azərbaycan İranla çox geniş sərhədlərə malikdir. İndi təsəvvür edirsinizmi, əgər bizim Azərbaycanda bazamız olsa, Tehran özünü necə hiss edər? Bəlkə də mən yanılıram, amma ABŞ-ın siyasəti bu gün belə deməyə əsas verir”.
Daha sonra ABŞ konqresində dinləmələrə toxunan amerikalı ekspert bildirib ki, Amerika Azərbaycanı sanksiya ilə hədələyir və bu bizim ənənəvi üsulumuzdur: “ABŞ-da hesab edirlər ki, Azərbaycan Rusiyaya kömək edir, ruslara qoyulan qadağanı pozur. Bizim niyyətimiz Rusiyanı sanksiyalarla dayandırmaqdır. Bundan sonra İran məsələsinə baxılacaq.
Azərbaycanın regionda çəkisi fərqlidir. Azərbaycan Ermənistan deyil. Biz sadəcə Azərbaycanı əldə etmək üçün Ermənistanla oynayırıq. Azərbaycanda da bunu başa düşürlər. Bizim son məqsədimiz Azərbaycanı Rusiya ilə əməkdaşlıqdan çəkindirməkdir. Məqsəd Ermənistana kömək deyil, bunu qəti şəkildə bildirirəm. Bağışlayın, mənim erməni xalqına böyük hörmətim var, amma sizdə bizə lazım olanlar yoxdur. Amma Azərbaycanda bizim istədiyimiz çox şey var. Ona görə də biz istəyirik ki, Azərbaycan ABŞ-ın nəzarəti altında olsun. Bilirsiniz ki, bütün dünyada bizim 800 hərbi bazamız mövcuddur. İndi Azərbaycanda hərbi bazamız çatışmır.
ABŞ hər iki tərəflə oynamağı sevir. Biz indi həm Azərbaycan, həm də Ermənistanla siyasi oyun oynayırıq. Açığı bu gün bizə sizin regionda münaqişənin davam etməsi sərfəlidir. Çünki münaqişə uzandıqca öz şərtlərimizi diktə edirik. Yaxın Şərqə baxın, İsrai-Fələstin münaqişəsi 70 ildir davam edir. Özünüz fikirləşin, bizim üçün bu məsələni 70 il ərzində həll etmək bu qədər çətindir? Yox, sadəcə münaqişənin həlli bizim maraqlarımıza uyğun deyil. Azərbaycan-Ermənistan münaqişəsində də eyni ssenari təkrar olunur”.
Vəli Həsənov,
KONKRET.az