Suraxanı rayon Zıx qəsəbəsində yerləşən 6 saylı xüsusiləşdirilmiş Vərəm Dispanserinin tibb bacısı Arzu Abbasova adıçəkilən müəssisənin baş həkimi İbadət Xubyarov tərəfindən qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.
KONKRET.az-a bununla bağlı müraciət edən şikayətçi baş həkimin tibb müəssisəsini dövlətin yox, öz qanunları ilə idarə etdiyini bildirib. Arzu Abbasovanın iddiasına görə, İbadət Xubyarov onu heç bir əsas olmadan işdən çıxarıb. Özü də “Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə ) əsas gətirilib. Amma şikayətçi bu ittihamla razlaşmadığını, işlədiyi illər ərzində səmərəli fəaliyyət göstərdiyini vurğulayır.
Arzu Abbasovanın sözlərinə görə, artıq 7 aydır işsizdir: “İbadət Xubyarov bizə baş həkim gələndə mən Yeni klinikada COVID xəstələri ilə işləyirdim. Xəstə sayı azaldıqdan sonra ezamiyyət bitdi və mən yenidən öz işimə qayıtdım. COVID-li xəstələrlə işlədiyim üçün almalı olduğum məvacib az hesablandığından şikayət etmək qərarına gəldim. Bundan sonra baş həkim mənimlə ədavət aparmağa başladı. On bir ay ərzində təhdid və təhqir etməklə, üzərimə əşyalar atmaqla mənə qarşı qərəzli münasibət sərgilədi. Günün birində isə növbədən çıxıb evə gedərkən iş yoldaşlarım zəng edərək işdən kənarlaşdırıldığımı dedilər. Mən işimə bərpa olunmaq üçün məhkəməyə müraciət etsəm də, prosesləri uduzdum. Hazırda Ali Məhkəməyə müraciət etməyi düşünürəm”.
Qeyd edək ki, Arzu Abbasova işdən çıxarıldığı üçün tibb müəssisəsi tərəfindən son haqq-hesabının düzgün ödənilmədiyi barədə Suraxanı Rayon Məhkəməsində iddia qaldırıb. Və əməkhaqqının yenidən hesablanaraq ödənilməsi haqqında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən dispanserin rəhbərliyinə xəbərdarlıq məktubu göndərilib. İddiaçının dediyinə görə, bütün bunlara rəğmən, bu günə qədər ona ödənilməli olan kompensasiyanı da ala bilməyib.
Arzu Abbasova dispanserdə baş verən özbaşınalıqlardan və qanunsuzluqlardan da danışıb. Tibb bacısının sözlərinə görə, dispanserdə xüsusi nəqliyyat vasitələri olduğu halda, vərəm, hepatit, SPİD kimi infeksiya çöpləri analiz üçün avtobuslarla başqa tibb müəssisələrinə daşınır. Bu isə xəstəliyin geniş yayılması və digər insanların sağlamlığı baxımından olduqca təhlükəlidir. Şikayətçi onu da deyir ki, baş həkim COVID məntəqələrində işləyən tibb işçilərinə TƏBİB tərəfindən verilən təşəkkürnamələri öz yaxın adamlarına (kadrlar şöbəsi əməkdaşlarına, dərman satanlara və sair) təqdim edib. A.Abbasova bildirir ki, İbadət Xubyarov tibb müəssisəsini qanunlara məhəl qoymadan idarə edir.
Şikayətçinin iddiaları ilə əlaqədar olaraq 6 saylı xüsusiləşdirilmiş Vərəm Dispanserinin baş həkimi İbadət Xubyarovla əlaqə saxladıq. Baş həkim deyilənləri təkzib etdi: “Bu şəxs məhkəməyə üz tutub və prosesi uduzub. İkincisi, adıçəkilən tibb bacısı gecə növbəsində işlədiyi zaman xəstəxanamızda ölüm faktı qeydə alınıb. Və hadisə A.Abbasovanın səhlənkarlığı ucbatından baş verib. Xəstənin vəziyyəti ağır olduğu üçün tibb bacısını köməyə çağırsalar da, o, buna məhəl qoymayıb, “Yatmışam! Cəhənnəmə ölsün, geyinib gələrəm” ifadəsi ilə cavab verib. Amma vaxtında müdaxilə etmədiyindən xəstə keçinib. Bütün bunların hamısı prosedur qaydada məhkəmədə səsləndirilb”.
İbadət Xubyarov Arzu Abbasovaya bir neçə dəfə xəbərdarlıq etdiyini vurğulayıb: “Dəfələrlə əmək ehtiramını pozub və xəbərdarlıq alıb. Lakin xəbərdarlıqlara məhəl qoymayıb. Biz də Həmkarlar İttifaqının iclasını çağırıb məsələni müzakirəyə çıxarmışıq və onu işdən azad etmişik”.
Baş həkim Arzu Abbasovanın səsləndirdiyi bütün iddiaların əsassız olduğunu, pandemiya vaxtı işləyən əməkdaşlardan yalnız birinə təşəkkürnamə verildiyini də diqqətə çatdırıb: “Hansı rəhbər işçisinin işdən çıxmasını istəyər. Mən həmişə yaxşı işçiyə qiymət verməyin tərəfdarıyam. Pis işçi isə düzgün yola dəvət olunmalıdır, əgər dərs çıxarmasa, o zaman ölçü götürülməlidir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az