Anar Quliyev Keniyada müxtəlif ölkələrdən olan həmkarları ilə əhəmiyyətli görüşlər keçirdibackend

Anar Quliyev Keniyada müxtəlif ölkələrdən olan həmkarları ilə əhəmiyyətli görüşlər keçirdi

Xəbər verdiyimiz kimi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Keniyanın paytaxtı Nayrobiyə səfər edərək, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının İkinci Sessiyasına qatılıb.

Səfər çərçivəsində Komitə sədri və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyev 2026-cı ildə ölkəmizdə keçiriləcək WUF13-lə bağlı hazırlıq məsələləri, Forumda iştirak və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə UN-Habitat-ın icraçı direktoru və bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

KONKRET.az xəbər verir ki, UN-Habitat-ın icraçı direktoru xanım Anaklaudiya Rosbax və Bakı Davamlılıq Koalisiyasının üzvləri ilə görüşdə Koalisiyanın COP29-un başlamasından bu günə qədər əldə etdiyi irəliləyişlər diqqətə çatdırılıb. Xüsusilə “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” (MAP) təşəbbüsünə beynəlxalq dəstəyin artdığı və bu sənədin artıq 200-dən çox tərəfdaş, o cümlədən 54 milli hökumət, 100-dən çox şəhər və bir sıra beynəlxalq və regional təşkilatlar tərəfindən təsdiqləndiyi vurğulanıb. Həmçinin Koalisiyanın fəaliyyətinin institusionallaşdırılması, tərəfdaşlar şəbəkəsinin genişləndirilməsi və əsas beynəlxalq platformalara (COP30 və WUF13) hazırlıq istiqamətində atılacaq addımlar müzakirə edilib.

Anar Quliyevin Nayrobidəki növbəti görüşü Malayziyanın Mənzil təminatı və yerli hökumət naziri Nqa Kor Minq ilə olub.Görüşdə davamlı və yaşanabilən şəhərlərin qurulması, ekoloji yanaşmaların tətbiqi, müasir şəhərsalma texnologiyaları və rəqəmsal idarəetmə sahəsində əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.

Çin Xalq Respublikasının Mənzil və şəhər-kənd inkişafı nazirinin müavini cənab Jianquo Donq ilə keçirilən görüşdə isə tərəflər dayanıqlı şəhərsalma, “ağıllı şəhər” konsepsiyaları və ekoloji cəhətdən təmiz şəhərlərin inkişafı sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə son rəsmi səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsi, davamlı şəhər inkişafında əməkdaşlıq baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Səfər çərçivəsində Keniyanın Torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri xanım ElisVahome ilə Komitə sədrinin görüşündə iki ölkə arasında mənzil təminatı, ekoloji cəhətdən təmiz, təhlükəsiz və dayanıqlı şəhərsalma sahəsində əməkdaşlığın perspektivlərinə dair məhsuldar müzakirələr aparılıb.

Anar Quliyev İtaliya nümayəndə heyətinin rəhbəri, Ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Klaudio Barbaro ilə görüşündə Azərbaycanın COP29-da irəli sürdüyü “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” təşəbbüsündə İtaliyanın verdiyi dəstəyi yüksək qiymətləndirib. Tərəflər Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna hazırlıq və sıx əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Anar Quliyev həmkarlarını bu ilin oktyabrında keçiriləcək 3-cü Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA) və 2026-cı ildə Bakıda baş tutacaq WUF13-də iştirak etməyə, yaşıl və dayanıqlı şəhər inkişafı ilə bağlı təcrübə mübadiləsinə qoşulmağa dəvət edib.

Qeyd edək ki, 29-30 may tarixlərində keçirilən sessiyada UN-Habitat-ın 2026-2029-cu illər üzrə Strateji Planı ilə yanaşı, rəqəmsal texnologiyaların sosial rifah naminə tətbiqini təşviq edən “İnsanyönümlü ağıllı şəhərlər” üzrə beynəlxalq təlimatın qəbul olunması nəzərdə tutulur. Tədbir çərçivəsində həmçinin mənzil təminatı məsələsinə həsr olunmuş “Hər kəs üçün layiqli mənzil” (“Adequate Housing for All”) mövzusunda yüksək səviyyəli dialoq və UN-Habitat Assambleyasının İcraiyyə Şurasına seçkilərin keçirilməsi planlaşdırılır.

Eyni zamanda tədbirdə təşkil olunan Azərbaycan stendi vasitəsilə WUF13 çərçivəsində gələcəyin şəhərlərinə dair planlar və müasir şəhərsalma prinsipləri ziyarətçilərə təqdim olunur.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*