Anar Quliyev: “Şəhərsalma qlobal hədəflərin yerli fəaliyyətə çevrilməsində əsas rola malikdir”backend

Anar Quliyev: “Şəhərsalma qlobal hədəflərin yerli fəaliyyətə çevrilməsində əsas rola malikdir”

23 iyul 2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramı və İtaliya Respublikasının Nyu-York şəhərindəki Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Lokallaşdırılması üzrə Tərəfdaşlıq Platforması”na həsr olunmuş Yüksək Səviyyəli Tədbirdə iştirak edərək çıxış edib.

KONKRET.az xəbər verir ki, tədbir zamanı Komitə sədri Azərbaycan ilə İtaliya arasında enerji, ticarət, təhsil və mədəniyyət sahələrini əhatə edən ikitərəfli münasibətlərin yüksək səviyyəsini vurğulayıb, bu əməkdaşlığın şəhərsalma, yaşıl infrastruktur və DİM-lərin həyata keçirilməsi sahələrində də genişləndirilə biləcəyini qeyd edib.

Anar Quliyev bildirib ki, Azərbaycan “Azərbaycan 2030: Milli Prioritetlər” çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərini sosial rifah, iqtisadi artım, ətraf mühitin qorunması və səmərəli idarəçilik prinsipləri ilə tam şəkildə inteqrasiya edib. O qeyd edib ki, ölkəmizdə DİM-lərin uğurlu icrası şəhər mühitinin necə planlaşdırılması və idarə olunmasından birbaşa asılıdır və bu baxımdan şəhərsalma qlobal hədəflərin yerli fəaliyyətə çevrilməsində əsas rola malikdir.

Komitə sədri Azərbaycanda şəhərsalmanın milli inkişaf strategiyasının aparıcı elementi kimi qəbul edildiyini vurğulayıb və hazırda ölkə üzrə şəhərlərin 86 faizinin 20 illik yenilənmiş Baş planlarla layihələndirildiyini bildirib.

Çıxış zamanı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma proseslərinə də toxunulub. “Daha yaxşı bərpa” prinsipinə əsaslanan yanaşmanın yalnız məcburi köçkünlərin qayıdışını deyil, həm də regionun gələcək şəhər inkişafına nümunə olacaq dayanıqlı və inklüziv məkanların formalaşdırılmasını nəzərdə tutduğu qeyd edilib. Bu prosesin səmərəli koordinasiyası məqsədilə yaradılmış Prezidentin Xüsusi Nümayəndəlikləri institutunun müxtəlif idarəetmə səviyyələri arasında praktiki əməkdaşlıq və DİM-lərin lokallaşdırılması üçün funksional çərçivə rolunu oynadığı bildirilib.

Komitə sədri həmçinin 2026-cı ilin may ayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində DİM-lərin əsas müzakirə mövzularından biri olacağını diqqətə çatdırıb. Bununla yanaşı, bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək 3-cü Milli Şəhərsalma Forumu barədə məlumat verərək, tədbir çərçivəsində DİM-lərin lokallaşdırılmasına həsr olunmuş ayrıca sessiyanın təşkil olunacağını, yerli hökumətlərin, vətəndaş cəmiyyəti institutlarının və digər tərəfdaşların bir araya gələcəyini bildirilib, UN-Habitat və İtaliyanın Ekologiya və Enerji Təhlükəsizliyi Nazirliyi də daxil olmaqla tərəfdaş qurumlar Milli Foruma dəvət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*