Andranik Tevanyan: “Nə qədər ki, bu hakimiyyət Ermənistandadır, bizə hörmət edilməyəcək”backend

Andranik Tevanyan: “Nə qədər ki, bu hakimiyyət Ermənistandadır, bizə hörmət edilməyəcək”

“2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan və onun tərəfdaşları ən çox “suverenlik” və “subyektivlik” sözlərindən istifadə etdilər. Paşinyan baş nazir kürsüsünə oturduqdan sonra elə ertəsi gün Qarabağ məsələsində fəlakətli siyasət yürütməyə başladı. Mayın 9-da Xankəndidə Qarabağ ermənilərini təmsil etmədiyi üçün danışıqlara getməyəcəyini bəyan etdi. Bu, İlham Əliyevə hədiyyə idi”.

KONKRET.az xəbər verir ki, bu barədə “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan yazıb.

“Belə görünürdü ki, Paşinyan güclü bəyanat verir, deyirdi ki, o, hər şeyi edəcək ki, danışıqlar masasında Ermənistan əvəzinə Qarabağ (qondarma Artsax rejimi nəzərdə tutulur – red.) olsun. Qarabağın danışıqlar masasına qayıtması ilə bağlı bəyanat inqilabi nailiyyət kimi təqdim edildi, yəni forma məzmundan üstün oldu və danışıqlar, əslində, dalana dirəndi. Lakin bütün bunlar qələbə kimi təqdim olundu: “Qarabağ Ermənistandır, nöqtə” və “Biz qalib gələcəyik”.
Qarabağın danışıqlar masasına gətirilməsi ideyası yaxşı idi, amma Qarabağ Ermənistanın əvəzinə yox, onun yanında olmalı idi. Yəni Ermənistan danışıqlarda öz yerini Qarabağa verməməli, ona danışıqlar masası arxasında yer açmağa çalışmalı idi.
Bir sözlə, Paşinyan öz addımları ilə Qarabağ məsələsi ilə bağlı danışıqları dalana dirədi, Ermənistanı beynəlxalq təcrid vəziyyətinə saldı, bizi müttəfiqlərdən məhrum etdi, müharibəyə töhfə verdi, məğlubiyyət gətirdi və indi bütün bunlar davam edir.

Paşinyan Qarabağı danışıqlar masasına gətirəcəyinə söz verdi, nəticədə onu təslim etdi, Ermənistanı danışıqlar masasına oturtdu, özü də bu masanın ətrafında sırf kənardan gələn sifarişləri yerinə yetirərək Türkiyə-Azərbaycan gündəminə xidmət etdi.

İndi hamı Ermənistanın hesabına danışıqlar aparır. Biz obyektə çevrilmişik.
Bizim regionda hər kəs öz maraqlarını təbliğ edir. Məsələn, Gürcüstan hakimiyyəti öz ölkələrinin suverenliyi üçün əsl mübarizə aparır, onlar ABŞ-ın əlində yemə çevrilmək və Rusiyaya qarşı istifadə edilmək istəmirlər. Paşinyan şəxsi maraqları naminə Ermənistanı geosiyasi toqquşmaların qurbangahına qoymağa razılaşıb.

İlham Əliyev hamı üçün etibarlı və qarşılıqlı faydalı tərəfdaşa çevrilib.
Türkiyə və Azərbaycan tam silahlanıb Ermənistan-Rusiya münasibətlərinin pisləşməsinin son nöqtəyə çatmasını gözləyirlər ki, Qarabağın nümunəsi ilə ölkəmizi viran etsinlər.
Paşinyan və Türkiyənin 5-ci kolonunun “qərbyönlü” nümayəndələri bu nöqtəyə ən qısa zamanda çatmaq üçün hər şeyi edir.

Dünya erməni xalqının davranışını təəccüblə izləyir. Nə qədər ki, bu hakimiyyət Ermənistanda qalıb, bizə hörmət edilməyəcək. Nəticədə bizi məhv edəcəklər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*