Ankara razılaşdı, Kremldə narahatlıq başladı – Türk ordusu bu tapşırığı gözləyirbackend

Ankara razılaşdı, Kremldə narahatlıq başladı – Türk ordusu bu tapşırığı gözləyir

Ukraynanın Ankaradakı səfiri Nəriman Cəlalov Türkiyənin bu ölkəyə hərbi kontingent göndərməyi nəzərdən keçirdiyini açıqlayıb. Diplomat əlavə edib ki, Türkiyənin Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi ilə bağlı danışıqlarda iştirakı məsələsini ölkənin milli müdafiə naziri Yaşar Gülərlə müzakirə edib.

Sözügedən təklif Prezident Rəcəb Tayyib Ərdoğanın Fransa, Ukrayna və Rusiya liderləri ilə intensiv əlaqələri fonunda diqqət çəkir.

Türkiyə Ukraynanın təhlükəsizliyinə təminat verəcək ölkələr siyahısında yer alacaq? Türk əsgərinin Ukraynaya getməsi nədən xəbər verir?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Ukraynaya təhlükəsizlik təminatının verilməsi rəsmi Kiyev üçün əsasən NATO çərçivəsində arzuolunandır:

“Ukraynanın çalışdığı da məhz budur. Amma ABŞ məsələyə qarşı çıxır. Vaşinqton açıq şəkildə bəyan edib ki, bu prosesdə öz silahlı qüvvələri vasitəsilə iştirak etmək niyyətində deyil. Ukraynaya fərqli formada təhlükəsizlik təminatı verilməsi isə real görünmür. Çünki ölkə artıq Budapeşt Memorandumu çərçivəsində BMT Təhlükəsizlik Şurasının daimi üzvləri vasitəsilə təhlükəsizlik təminatı almışdı, lakin bunun nəticəsiz qaldığının şahidi olduq.

NATO çərçivəsində təminat veriləcəyi halda, Türkiyənin iştirakı zəruridir. Rəsmi Ankaranın hərbi gücü hər kəsə məlumdur. Lakin Moskva Ankaranın prosesdə rol almasından narazıdır. Bu isə razılaşmanın tələblərinin pozulmasına, həmçinin ABŞ-ın inkişaf etdirmək istədiyi sülh prosesinin iflasa uğramasına səbəb ola bilər. Ona görə də Türkiyənin prosesdə iştirakı üçün ABŞ-ın razılığı vacibdir. Həmin razılıq isə yalnız Rusiya ilə aparılan danışıqların nəticəsindən asılı olacaq.

xeyal besirov
Xəyal Bəşirov

Türkiyə Ukrayna müharibəsi çərçivəsində həqiqi neytrallığını qoruyub saxlamağa nail olub. Danışıqlar prosesində İstanbul platformasından istifadə edilməsi də bunu göstərir. Hər iki tərəfin rəsmi Ankaraya etimadı böyükdür. Əgər Ukraynaya təhlükəsizlik təminatları çərçivəsində hərbi kontingent yerləşdirilməsi gündəmə gələrsə, bu rolu yalnız Türkiyə oynaya bilər. Ancaq hələlik Kreml belə bir mərhələnin yetişdiyini düşünmür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*