Antiterror əməliyyatlarının sirli məqamları – Yeni toqquşmalar mümkündür?backend

Antiterror əməliyyatlarının sirli məqamları - Yeni toqquşmalar mümkündür?

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bir il ötür. Lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub.

Nəticədə Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə Ordumuz hərəkətə keçdi. Sonda separatçılar darmadağın edildi və İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə şəhərində, Xocalı şəhərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində və Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Əməliyyatların gedişi ilə bağlı hələ də bir çox sirli məqamlar var.

Hərbi jurnalist Səxavət Məmməd KONKRET.az-a açıqlamasında döyüşlərin gedişi ilə bağlı bir neçə məqama toxunub:

“Antiterror əməliyyatına 44 günlük müharibənin davamı kimi baxıram. Hətta bunu “44+1” adlandırardım. Əməliyyatların başlaması üçün keçilən yol var idi. Baxın, Azərbaycan Ordusu Vətən müharibəsində Qarabağın müəyyən hissəsini işğaldan azad edə bildi. Sonraki mərhələdə isə Kəlbəcər və Zəngilən istiqamətində bir çox mövqelər əlbəyaxa dava ilə nəzarətimizə keçdi. Daha sonra Azərbaycan və Rusiya arasında Moskva Bəyannaməsi imzalandı. Bundan bir qədər zaman keçdi və Fərrux döyüşləri başladı. “Qisas 1”, həmçinin “Qisas 2″ əməliyyatları baş tutdu. Qeyd etdiyim kimi, proseslərin başlamasına müəyyən səbəblər var idi.

Birincisi, oradakı separatçılar silahlanırdı və Ermənistan hökuməti müxtəlif bəyanatlar səsləndirirdi. Azərbaycan tərəfi sistemli iş görürdü. Öncə ekofəalların aksiyası başladı və Qarabağla ermənilərin əlaqəsi kəsildi. Bu da döyüşlərin gedişində öz təsirini göstərdi”.

Ekspert bildirib ki, əməliyyatların 24 saat çəkməsi Azərbaycan tərəfi üçün olduqca önəmli idi:

“Döyüşlərin 24 saat ərzində yekunlaşması bizim üçün önəmli idi. Çünki əməliyyat 24 saatdan çox çəksəydi, Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq edilə bilərdi. Vacib bir detalı qeyd etmək yerinə düşər ki, Ordumuz daha çox yol qovşaqlarını nəzarətə götürməyə çalışdı. Bu döyüşlər komando briqadaları üçün də təcrübə oldu. Təbii ki, əməliyyatların uğurlu və uğursuz tərəfləri var idi. Ancaq nəticə baxımından bizim üçün hər şey yaxşı oldu. Məlum olduğu kimi, həmin vaxt mən də Ağdam – Xocavənd istiqamətində prosesləri müşahidə edirdim. Hava olduqca pis idi. Azərbaycan Silahlı Qüvvələri PUA-lardan və aviasiya vasitələrindən istifadə edə bilmirdi. Ona görə də bunu konkret quru əməliyyatlar adlandırmaq olar”.

Müsahibimiz ermənilərin daha çox pusqulardan istifadə etdiyini bildirib:

“Ancaq əməliyyatlar o qədər sürətli və hərəkətli idi ki, qısa zamanda bunun başa çatacağını düşünmək olurdu. Döyüşlər bitdikdən sonra bəzi qüvvələr hələ də təslim olmaq istəmirdi. Onlar qısa müddət ərzində tərk-silah edildi. Xülasə, Azərbaycan bir nömrəli problemini həll etdi. Nəticədə ölkəmiz suverenliyini bərpa etdi. İndi Azərbaycanın qarşısında başqa problemlər durur. Ümid edirəm ki, indiki gərgin vəziyyətin sonu toqquşmalarla yekunlaşmaz”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*