Aprel müharibəsini uduzan ermənilərdən “fenomen bir yazı”: Bizi yeni doğulan oğlan uşaqları ilə qorxudurlarbackend

Aprel müharibəsini uduzan ermənilərdən “fenomen bir yazı": Bizi yeni doğulan oğlan uşaqları ilə qorxudurlar

2016-cl il Aprel müharibəsi haqda istər Azərbaycan, istərsə də Ermənistan mediasında çox danışılıb, internet resurslarında geniş informasiyalar yayılıb və sənədli filmlər çəkilib. Sonuncu sənət əsərini təbii ki, Azərbaycan rejissorları ərsəyə gətirib. Ermənilərin isə yazıları əsasən “parlaq qələbə qazanmışıq” ritorikasına söykənib.

Həmin dövrdə Ermənistana Serj Sarkisyan rəhbərlik edirdi. Küçədən hakimiyyətə gələn Nikol Paşinyan isə hələ bir dəfə olsun, bu ifadəni işlətməyib və yalnız “Azərbaycan ordusunun qarşısını ala bildik” sözlərini deyib. Və üstəlik həmin günlərin günahını birbaşa 3-cü prezident Sarkisyanın boynuna yıxıb. Elə ölkədə yaradılan İstintaq Komissiyasının məqsədi də məğlubiyyətlərin necə və hansı şəraitdə baş verdiyini öyrənməkdir.

Bu məqsədlə də dünən Sarkisyan Komissiyada sullara cavab verib, çıxanda isə yenə də o döyüşlərdə “parlaq qələbə qazandıq” kəlməsini işlədib.

Belə olan halda adi primitiv bir sual yaranır: “Qələbə çalıbsınızsa, komissiyanı niyə yaradıbsınız?”. Onsuz da onların hər biri bu sualın cavabını yaxşı bilir.

Bu gün isə lragir.am saytı “Bu, həqiqətən Aprel müharibəsinin bir fenomenidir” başlığı ilə bir yazı dərc edib. Yazıda deyilir ki, Ermənistanda 2016-cı il aprel müharibəsinin şərtlərini araşdırmağa, günahkarları müəyyən etməyə, səhv və nöqsanları tapmağa çalışırlar. Aprel müharibəsindən sonra ilk dəfə Rusiya səfirliyi qarşısında etirazlar baş verdi və Rusiyanın xilasedici çoxəsrlik mifi dağıldı.

Haşiyə: “Parlaq qələbə” qazanan ölkə din qardaşı Rusiyadan niyə küsməlidir? Deməli, məğlubiyyətinizin bir ucunu rəsmi Kremlin gizli otaqlarında axtarırsınız və bu baxımdan İrəvanda Rusiya səfirliyi qarşısında etiraza qalxırsınız.

Yazı belə davam edir:

Bu müharibə ölkə rəhbərliyi üçün bir çox sual doğurdu və nəticədə 2018-ci il inqilabına səbəb oldu.

Haşiyə: Yəqin o sualın içində Serj Sarkisyanın ölkəni idarə etməməsi əsas yer alır. Yoxsa hakimiyyət dəyişikliyi nəyə lazım idi. “Parlaq qələbə” qazanan ölkə küçələrə çıxıb “parlaq qələbələrini” bayram etməli idilər. Etmədilərsə, mitilləri jurnalist Nikol Paşinyan tərəfindən küçələrə atıldı. İndi də gəlib izahat verirlər.

Yenə həmin yazının davamını oxuyaq:

Müharibə milli orqanizmimizin özünü qorumaq və bərpa etmək imkanlarını ortaya qoydu. Aprel döyüşünün ilk saatlarında hərbi-siyasi rəhbərlik çuxurlarda gizlənərkən əsgərlərin ataları toplandı və cəbhəyə getdi, qoşunlar heç yerdən formalaşdı, pul yığılmağa başlandı və dərhal hərbi texnika göründü.

Haşiyə: “Parlaq qələbə” qazanan bir ölkənin hərbi-siyasi rəhbərliyinin çuxurlarda gizləndiyi yazılırsa, deməli Azərbaycan ordusunun gücü qarşısında doğrudan da çuxurlarda gizləniblər. O ki, qaldı görünən o hərbi texnikalara. Onların aqibətinə, sadəcə Youtube-da yayımlanan saysız hesabsız videolarda baxın. Demək olar ki, hamısı hərbçilərimiz tərəfindən döyüş meydanında vuruldu.

Və o yazının “fenomen” adlandırılan son məqamı:

Ancaq Aprel döyüşünün fenomeni təkcə bu deyildi. Övladlarını itirən erməni anaları qardaşlarını əvəz etmək üçün doğuş etdilər. Bu, həqiqətən unikal bir hadisədir.

Erməni saytı bundan sonra doğulan oğlan uşaqların adlarını yazır: Edqar, Artur,  Narek, Viktor, Karen, Aqasi.

“Siyahı tam deyil və davam etdiriləcək”. Bu cümlə bizə məxsus deyil. Erməni icmalçı Naira Ayrumyan yazıb.

Haşiyə: Guya bu oğlan uşaqları ölən erməni əsgərlərinin gələcəkdə yerini tutacaq və Azərbaycana qarşı vuruşacaq.

Bir azərbaycanlı olaraq o uşaqların Qarabağda ölməsini istəməzdik, çünki o vaxtadək işğal edilən o torpaqlar geri alınacaq və adları çəkilən uşaqlar istəsələr bizim Əhmədlərlə, Nazimlərlə, Mikayıllarla, Cavidlərlə və Mübarizlərlə birgə yaşayacaq…

İstəsələr əgər…

Bunu isə zaman göstərəcək…

Babək Göyüş                                          

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*