2018-ci ildə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyəti ləğv edilərək, onun yerində Kənd Təsərrüfatı Nazirliyinin balansında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) yaradıldı. Bu dəyişiklikdən əsas məqsəd yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq, həmçinin daxili bazarda satışın effektiv təşkilini təmin etmək idi.
İxrac göstəriciləri: Gözlənilən artımdan geriləməyə
Ləğv edilən il, yəni 2018-ci ildə “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC 32,2 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac etmişdir. Bu, şirkətin xarici bazarlara məhsul çıxarılması sahəsində əhəmiyyətli rol oynadığını göstərir.
Lakin 2019-cu ildən sonra “Aqrar Tədarük və Təchizat” ASC-nin ixrac fəaliyyəti ilə bağlı mediada çox az məlumat mövcuddur. Məsələn, 2019-cu ildə “Aqrar Tәdarük vә Tәchizat” 218 285 ton mәhsul ixrac edib. Bunun 123 285 tonu meyvә vә gilәmeyvә, 95 tonu isə yumurta olub. 2020-ci ilin sonunda 1 ton nar məhsulu ixrac edib. Sonrakı illərdə rəqəmlər mövcud deyil və bu o deməkdir ki, şirkət gəlir gətirməkdən uzaqlaşıb, hansısa təlimlər, qrant layihələr icra etməklə ömrünü uzadır.
ASC-nin əsas vəzifələri və reallıq
ASC-nin nizamnaməsinə əsasən əsas vəzifələri aşağıdakılardır:
- İstehsalın və İxracın artırılması: Yerli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını və ixracını artırmaq.
- Xarici İxracın təşkili: Kənd təsərrüfatı və ərzaq məhsullarının xarici ölkələrə ixracını təmin etmək.
- Vasitəçilik xidmətləri: Ölkədə istehsal olunan kənd təsərrüfatı və ərzaq məhsullarının satışı və ixrac edilməsi üzrə vasitəçilik xidmətlərinin göstərilməsi.
Lakin mövcud vəziyyət göstərir ki, ASC bu funksiyaları effektiv şəkildə yerinə yetirmir. İxrac həcmlərinin kəskin azalması, daxili bazarda satışın təşkili ilə bağlı problemlər və vasitəçilik xidmətlərinin zəifliyi buna sübutdur.
ASC-nin fəaliyyətindəki zəifliklər, sələfi tərəfindən əldə edilən bazarların itirilməsi ilə nəticələnib. Bu həmçinin ASC-ni böyük həcmdə gəlirlərdən məhrum edib. Yalnız Bakıda satış yarmarkaları təşkil etməklə kiçik fermer təssərüfatlarının dəstəklənməsi mümkün deyil. Eyni zamanda nizamnaməsinə əsasən şirkət vermerlərə avans verməklə istehsala dəstək olmalıdı.
Ancaq apardığımız araşdırma göstərdi ki, ümumiyyətlə nizamnamənin bu bəndi unudulub. ASC-də hesab edirlər ki, əsas diqqət böyük təssərüfatlara ayrılmalıdır. Ancaq unudurlar ki, 20%-ə qədər məhsil kiçik və ailə təsərüfatlarında formalaşır və istənilən gərginlik zamanı əsas daşıyıcı yük kiçik və orta fermerlərin üzərinə düşür.
Ümumiyyətlə, bu sahənin Kənd Təsərrüfatı Nazirliyinin balansından ayırıb müstəqil orqan kimi yaratmaq effektiv olardı. Müstəqil orqan daxili bazarda tənzimləyici rol oynaya, eyni zamanda ixrac kanallarına qoşularaq kiçik və orta fermerlərin xarici bazarlara çıxışına dəstək ola bilər.
“Aqrar Tədarük və Təchizat” ASC-nin hazırkı vəziyyəti, şirkətin öz nizamnamə funksiyalarını yerinə yetirmədiyini açıq şəkildə göstərir. Bu isə ölkənin kənd təsərrüfatı sektorunun inkişafına və iqtisadiyyatına mənfi təsir edir. Yuxarıda sadalanan problemlərin həlli üçün təcili tədbirlərin görülməsi vacibdir.
Əgər ASC rəhbərliyi və aidiyyəti dövlət qurumları bu məsələlərə ciddi yanaşsa, şirkətin fəaliyyətində pozitiv dəyişikliklər əldə etmək mümkündür. Bu da öz növbəsində, yerli kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsinə, ixracın artırılmasına və milli iqtisadiyyatın gücləndirilməsinə əhəmiyyətli töhfə verəcəkdir.
KONKRET.az-ın analitik qrupu