Təəssüflə deyək ki, hər birimiz bu gün hər addımbaşı əsəbiləşir, bəzən çətin psixoloji durumu olan insanlarla qarşılaşırıq. Bu neqativ mühitlə qarşılaşmamaq qaçılmaz vəziyyət yaradıb. Əsas problemlərdən biri də budur ki, çox cansıxıcı insanlara ünsiyyətdə oluruq və bu səbəbdən bizim üçün ciddi xoşagəlməz hallar yaranır. Məşhur amerikalı pedaqoq, yazıçı Deyl Karneqi belələri ilə necə davranmalı olduğumuz barədə maraqlı bilgilər verib. Sosioloqun kitabından təqdim olunan aşağıdakı çıxarışlarda bəzi nüanslara əməl etməklə bu tip insanlarla davranışda uğur qazana bilərsiniz. Beləliklə, əgər sizin üçün çətinlik törədəcək insanlarla qarşılaşacaqsınızsa, bu tövsiyələrə əməl edin.
Məhəl qoymamaq
Bu, ən asan üsuldur. Bunun üçün sizdən ancaq səbir və dözümlülük tələb olunur. Nəyə isə əsəbiləşdiyinizi büruzə verməyin. Ümumiyyətlə, özünüzü elə aparın ki, sanki belə bir insan sizin yanınızda, həyatınızda yoxdur, onu görməzdən gəlin. Daha yaxşı olardı ki, mümkün qədər belə bir xarakterli insanla danışmaqdan çəkinəsiniz. Sizi əsəbiləşdirən insanı görən zaman yolunuzu dəyişin, telefonla danışın, harasa tələsdiyinizi göstərin və s. Əgər belə bir insanla bir otaqda oturursunuzsa, fikirlərinizi tamamilə öz işlərinizə, maraqlarınıza və xəyallarınıza cəmləşdirin. Belə olan təqdirdə səyləri nəticəsiz qalan bu cür insanlar sizdən əl çəkib başqalarına keçəcəklər.
Qıcıqlandırıcı cavab
Kimsə sizi bilərəkdən əsəbləşdirirsə, siz də onu “öz silahı ilə vura bilərsiniz”. Başqalarını əsəbiləşdirməkdən zövq alan insanlar adətən onlara qarşı bu cür münasibəti qəbul etmirlər. Bu insanlara məxsusi olaraq öz hərəkətləri zövq verdiyi üçün qarşılığında onu qıcıqlandıran hərəkətlər edərək siz də öz növbənizdə həmin şəxsi özünüzdən uzaqlaşdıra bilərsiniz.
Bu, bir qədər səy tələb etsə də, sizi əsəbləşdirən bir insanın diqqətindən yayınmaq üçün kifayət qədər təsirli üsuldur. Bunun üçün qarşı tərəfi əsəbiləşdirə biləcək şeyləri öyrənməlisiniz. Belə insanlarla yüksək səslə, tamamilə təsadüfi və əlaqəsiz şeylər haqqında danışmaqla da özünüzdən kənarlaşdıra bilərsiniz.
Hər şeyi üzə demək
Bu üsul problemin həll olunmasında ən sadəsi olsa da, eyni zamanda çox mürəkkəbdir. Çünki insanın üzünə onun haqda mənfi rəylərinizi açıq bildirmək üçün ilk öncə cəsarətli olmaq lazımdır. Çünki qarşı tərəfin sizin sözlərinizə biganə qalmayacağına hazır olmalısınız. Əgər aranızda qohumluq, yaxud iş əlaqələri varsa, həmin insanın sizi vura, təhqir edə biləcəyini də gözə almalısınız. Bununla belə sizə qıcıq gətirən insanın neqativlərini üzünə deməklə onu neytrallaşdıra biləcəyinizə daha çox əmin olun.
Hazırladı: Leyla Şirməmmədova