“Yağıntılardan öncə mövsümi olaraq fərdi yaşayış evləri və torpaq sahələrinə tələbat artmışdı. Digər tərəfdən, paytaxtın bir çox yerində davam edən söküntü prosesi çox sayıda insanı onları almağa sövq edirdi. Amma 3 günlük aramsız yağış, ardınca subasma bir daha onu göstərdi ki, növbəti yağıntılar zamanı həyət evlərinin yerləşdiyi ərazilərin əksər hissəsinin yenidən su altında qalma ehtimalı çoxdur”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, subasma halları həyət evlərinin qiymətinin ciddi şəkildə ucuzlaşması ilə nəticələnəcək:
“Yaxın günlərdə su basan ərazilərdəki fərdi yaşayış evlərinin kütləvi sürətdə satışa çıxacağı gözlənilir. Subasma halları daha çox çıxarışsız ərazilərdə oldu deyə, həmin ərazilərin sahibləri istəsələr belə, çıxarışın yoxluğu ucbatından öz evlərini sığortalaya bilmir. Dəymiş zərər vətəndaş boynunda qalır.
Digər tərəfdən, bu tip hadisələr daha çox kompakt yaşayış məntəqələri olmayan torpaqlarda baş verib. Çünki yaşayış məntəqəsi torpaqları olan ərazilərdə, istənilən halda kanalizasiya və suötürücü xətləri mövcud idi”.
Ekspert vurğulayıb ki, çıxarışı olmayan daşınmaz əmlaklara dəymiş zərər dövlət tərəfindən yalnız bir halda qarşılanır:
“Bu gün Bakı və Abşeronda 100 minlərlə çıxarışsız fərdi yaşayış evləri var ki, onlara çıxarışların verilməməsinin səbəblərindən biri də həmin əmlakın yerləşdiyi ərazinin təyinatının kənd təsərrüfatı təyinatlı olmasıdır. Yalnız rəsmi formada təbii fəlakət elan olunarsa, bu zaman dövlət qurumları zərər dəymiş bütün daşınmaz əmlakla bağlı kompensasiyalar ödənilə bilir”.
E.Fərzəliyev qeyd edib ki, daşınmaz əmlakların sığortalanması ilə 2 formada aparılır:
“Sığortalanmış evlərə gəlincə, ümumiyyətlə daşınmaz əmlakların 2 cür sığortası mümkündür. Biri icbari sığortadır və onun illik qiyməti 50 manatdır. 50 manat qarşılığında 25 min manatadək dəymiş zərəri sığorta şirkətləri ödəyir. Təbii ki, sığorta müqaviləsində subasma halları da qeyd olunmalıdır. Digər sığorta paketlərində isə əmlakın tam dəyəri, əşyaların sığortalanması da öz əksini tapır. Həmin sığorta paketlərinin qiyməti nisbətən daha bahadır. Hansı vətəndaşın ki, bu formada sığortası varsa, onun əmlakına dəymiş zərər birmənalı olaraq sığorta şirkətləri tərəfindən qarşılanır”.
Xatırlatma: Ölkədə baş verən son yağıntılar zamanı fərdi yaşayış evlərində ciddi fəsadlar yaradıb. Ötən illərdə də belə hadisələr baş verməsinə baxmayaraq, əmlak sığortası 2025-ci ilin müvafiq dövrü ilə müqaisədə cəmi 8% artıb. Mövcud məlumatlara əsasən ölkədə daşınmaz əmlakın təxminən 15-20% sığortalanıb. Baxmayaraq ki, beynəlxalq təcrübədə bu rəqəm 70-90% təşkil edir.
20-30 mart tarixləri arasında normadan yuxarı yağıntılar və əlverişsiz hava şəraiti fonunda sığorta zərərinin həcmi 6 milyon manatı ötüb.
Baş verən sığorta hadisələri ilə bağlı 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4 576 müraciət daxil olub. Təqdim edilən məlumata görə, qiymətləndirilməsi artıq başa çatmış 4 045 sığorta hadisəsi üzrə gözlənilən zərər məbləği 6 milyon 57 min 25 manat təşkil edir. Qalan 531 hadisə ilə əlaqədar zərərin hesablanması prosesi hələ davam edir.
İlkin hesablamalara əsasən, bütün hadisələr üzrə qiymətləndirmə prosesi tamamlandıqdan sonra ümumi zərər həcminin təqribən 10 milyon manata çatacağı proqnozlaşdırılır.
