Argentina dünyanın ən böyük qeyri-Qərb iqtisadiyyatlarının birliyi olan BRİCS-ə qoşulmaqdan imtina edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin yeni seçilmiş prezidenti Xavyer Miley bu barədə kluba üzv ölkələrin rəhbərlərini məlumatlandırıb.
Miley BRICS-ə qoşulmaqdan heç bir iqtisadi fayda və ya məqsədəuyğunluq görmür. O, bütün iştirakçı ölkələrlə iqtisadi əlaqələri inkişaf etdirməyə hazırdır. Argentina klubun vasitəçiliyi olmadan birbaşa ikitərəfli əlaqələr qura biləcək.
Miley hələ prezident seçilməzdən əvvəl Argentinanın BRİKS-ə üzvlüyünə qarşı çıxıb. Seçki kampaniyası zamanı o, hətta ölkənin milli valyutası olan pesodan Amerika dollarına keçmək ehtimalından danışıb.
Qeyd edək ki, BRİKS-ə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Resoublikası daxildir. Klubun avqust ayında Cənubi Afrikada keçirilən son sammitində alyans yeni üzvlərin qəbulu planlarını açıqlayıb. Argentinadan başqa, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya BRİKS-ə üzv olmaq üçün dəvət alıblar. Argentina kimi ölkələr rəsmi olaraq imtina etməsələr, onların kluba üzvlüyü 2024-cü il yanvarın 1-dən avtomatik olaraq başlayacaq.
Natiq Səlim,
KONKRET.az