backend

Arşaluys Mqdesyan: Ermənistan 2021-ci ilə çözülməsi mümkün olmayan problemlə qədəm qoyur - ŞƏRH

İkinci Qarabağ Müharibəsindəki itkilər və koronavirus pandemiyası Ermənistanın əmək bazarında insanların sayında kəskin azalmaya səbəb oldu. Eyni zamanda iqtisadiyyat və sosial sahədə böyük  problemlər yaratdı.

Onsuz da son illər Ermənistanda sosial problemlər üzündən doğum sayları azalmışdı. Son müharibə isə bu azalmaya böyük təkan verdi. İlkin hesablamalara görə, ikinci Qarabağ müharibəsində erməni tərəfinin insan itkiləri 4 min nəfəri keçdi. Təxminən 2,5 min insan əbədi olaraq əlil oldu. Müharibə ölkənin iqtisadi sahədə fəal əhalisinin azalmasını sürətləndirməklə yanaşı, sosial sisteminin yükünü də artırdı. Qanunvericilik səviyyəsində parlament artıq vətəndaşların Hərbçilərin Həyat Sığortası Fonduna ödəmələrini xeyli artırıb. Əslində bu əhalinin vergi yükünün artması deməkdir. Bu da əlavə problemdir. Bu barədə növbəti yazılarımızda söhbət açacağıq. Gənclərin sayının azalmasına paralel olaraq, 2023-cü ildə təqaüdçülərin sayı kəskin artacaq. Bu, isə sosial sistemimiz üçün ciddi problemdir. Büdcə ciddi bir kəsirlə qarşılaşacaq.

Demoqrafik problemlər təhsil sistemində də böhran yaradacaq. Universitetlərdə onsuz da tələbə çatışmazlığı var. Gələcəkdə universitetlərə tələbə cəlb etmək üçün qəbul üçün tələb olunan bal səviyyəsini endirməyə davam edəcəklər. Bu isə təhsilin keyfiyyəti aşağı salınması hesabına ediləcək. Bir anlığa statistikaya nəzər salaq. Əgər 2015-ci ildə məktəbi bitirmiş gənc kişilərin yalnız 30% -i universitetlərə daxil olubsa, 2019-cu ildə bu rəqəm 57% -ə yüksəlib. Bununla belə, universitetlərdə tələbə çatışmazlığının həcmi azalmır. Yəni ali təhsil sisteminə daxil olmaq üçün imkanlar asanlaşır, lakin tələbə sayı artmır.

Ermənistanın keçmiş baş nazirinin müavini Vaçe Qabrielyan 2021-ci ildə ölkənin hərbi və iqtisadi təhlükəsizlik məsələləri ilə qarşılaşacağını düşünür. Qarabağ müharibəsi bitdikdən və Qarabağ ətrafındakı ərazilərin Azərbaycana təslim edilməsindən sonra Azərbaycan Silahlı Qüvvələri Ermənistanın cənub-qərb sərhədində qaldı. Bu, İrəvanı Sünik (Zəngəzur) bölgəsi ilə, eləcə də İranla birləşdirən əsas yol üçün ciddi bir təhdiddir. Coğrafiyanın xüsusiyyətlərinə görə bəzi yerlərdə bu yol birbaşa Azərbaycan Silahlı Qüvvələrinin nəzarət altına düşür. Bu və digər məsələlər ciddi problemlər yaradır. Məsələn, yaxın bir neçə ildə hökumətin əsas problemlərindən biri yeni otlaq sahələri müəyyən etməkdir. Çünki Cəbrayıl- Zəngilan bölgəsi Azərbaycanın nəzarətinə keçdiyi üçün fermerlər min hektarlarla otlaq sahəsindən məhrum oldu. Bu həm də ölkənin cənub hissəsində sosial-iqtisadi balansı və infrastrukturu pozdu. İndi əsas məsələ ölkənin qərbindəki infrastrukturları tamamilə yenidən qurmaq, fermerlərin təhlükəsizliyini təmin etmək və kənd təsərrüfatını yenidən formalaşdırmaqdır.

Məncə, hökumət bu problemləri dərhal həll etməlidir. Əks təqdirdə sərhəd kəndləri olan Sünik (Zəngəzur) bölgəsi ciddi dağıntı təhlükəsi ilə üzləşəcək. Qarabağ və ətraf ərazilər müharibə nəticəsində onsuz da itirilib. Təhlükə indi Ermənistanın Sünik bölgəsinə yaxınlaşıb. Bundan əlavə, Ermənistan hökuməti Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçən ərazilərə investisiya qoymuş sahibkarların zərərlərinin heç olmasa bir hissəsini ödəməlidir. Bu barədə rəsmi rəqəm olmasa da, bəzi mənbələrə görə yalnız kommersiya banklarının zərərləri 200 milyon dollardan çoxdur.

Qarabağ “Ombudsman”ı ofisinin məlumatlarına görə, döyüş əməliyyatları nəticəsində 15 min mənzilə, 3 mindən çox mülki infrastruktur obyektinə, 2500 nəqliyyat vasitəsinə ziyan dəyib. Müxtəlif ekspert hesablamalarına görə, “Artsax”a dəyən iqtisadi ziyan “Artsax”ın illik ÜDM-dən bir neçə dəfə çox – 2 milyard dollar qiymətləndirilir. Ona görə də hökumət Qarabağdakı investisiyalarını itirən iş adamlarına ayaqda qalmalarına kömək etməlidir. Bu ciddi bir çağırışdır.

Bu arada, Paşinyanın rəhbərliyi altındakı mövcud hökumətin bu problemləri həll edə biləcəyinə ümid çox azdır. Problem obyektivdir və  mövcud hökumət bunu gündəmə gətirsə də, onun həllinə dəstək ola biləcək iqtisadi rıçaqlar mövcud deyil. Ona görə də bu məsələnin gündəmə gətirilməsi yalnız daxili qütbləşməni və qeyri-müəyyənliyi artıracaq.

Ona görə də təəssüf hissi ilə deməliyik ki, 2020-ci ildə Ermənistan özünü fırtınalar qoynuna atdı. Bu fırtınadan çıxmaq üçünsə mobil komanda, güclü komandan və dayanıqlı “gəmi” lazımdır. Çox təəssüf ki, bunların heç bir hazırda Ermənistanda yoxdur.

Arşaluys Mqdesyan, “Verelq.am”, 30 dekabr 2020

Tərcümə etdi: KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*