Uzun müddət ürəyimdən keçənləri kağıza köçürmək istəsəm də, tərəddüd edirdim, birdən alınmaz deyib fikrimdən daşınırdım. Dərələyəzi layiqincə təsvir edə bilməyəcəyimdən çəkinirdim. Mənə elə gəlirdi ki, uzun illər içimdə yara bağlayan Dərələyəzin incisi-Qovuşuq haqqında yazmağa başlasam, sözlər qəhətə çəkiləcək. Amma bütün tərəddüdlərə baxmayaraq, özümdə güc tapıb 36 ilin ağrı-acısını qələmə alıram.
Ən böyük dərd səni itirmək, qucağından ayrı düşmək imiş. Hər axşam evimizin qənşərində – Köhnə kəndlikdəki cəviz ağaclarının budaqlarına qonan bayquşlar səs-səsə verəndə, adama elə gəlirdi ki, kəndimizin üzərindən kabus asılıb. Yaxınlaşan bəlanın müjdəçisilərinin sayı da çoxalmağa başlamışdı. Bayquşların səsindən vahimələnən ağsaqqal, ağbirçəklər bunu xeyrə yozmurdular. Bizi gözləyən ayrılığı hiss edən heyvanlar da ağız-ağıza vermişdi. Kəndi it ulartısı başına götürmüşdü. Elə bil hər yerdən dərd asılmışdı.
Hər payız gələndə ürəyim əsir, hər şey mənə Dərələyəzdəki, Qovuşuqdakı o müdhiş oktyabr axşamını xatırladır. Yenə üstümə həmin axşamın ağırlığı çökür, qəhər boğur məni. İçimdə sızıltı başlayır, kiminsə lap uzaqlarda ağı deyən səsi gəlir qulağıma. Sanki Otay bulağın zümzüməsi Arpa çayının şıltaq dalğalarının səsinə qarışıb haray çəkir. Hərdən mənə elə gəlir ki, bu fəryad Qovuşuğun son günlərindəki bayatılar, oxşamalardır. Çayların, yolların qovuşağında yerləşən Qovuşuq, 36 il həsrətiylə yaşadığım kəndim, bu illərdə başımıza nələr gəlmədi? Səni tərk edəndən sonra pərən-pərən düşdük, qaçqın olduq, hərə bir tərəfə səpələndi. Ən çətin zamanlarda belə yaddan çıxmadın. Hələ də yönü sənə tərəf yatanlar var. Sən onların qibləsi, and yerisən. “Hara getsək də, dünyanın harasında yaşasaq da, səni əvəz edən məkan tapmadıq”,- deyirlər.
36 ilin üzərindən boylanıb geri baxmaq, sənli günlərə qayıtmaq, xatirələr çözələmək çox çətindir. Hər il oktyabrın 20-si gələndə həmin gecənin vahiməsi tutur məni. Həmin axşamı yüz dəfə xatırlamışam. Hər dəfə gözümün qarşısında fəqli mənzərədə canlanmısan, əziz Qovuşuq. Doyunca istinə qızına da bilmədim. Üzümüz-gözümüz bir-birimizə yenicə öyrəşirdi ki, ortaya ayırılıq düşdü. Bizi ayrı salan zaman, dünyanın tərsinə işləyən təkəri idi. Uşaqlığım yenicə arxada qalmış, səni təzə-təzə sevməyə başlamışdım. Biz ayrılanda nə yaşım var idi ki? On səkkizi hələ haqlamamışdım. Gözümü açıb səni görmüşdüm, qucağını anamın qucağı qədər sevmişdim. Hər daşın, qayan, bulaqların, çayların, çığırların, kolların doğmaydı mənə. Bulaq suyu kimi dumduru, təmiz, pak idin. Bəxtəvər uşaqlığımın, atalı,analı vaxtlarımın şahidi Qovuşuq.
Bu gün ayrılığımızdan 36 il ötür. 36 saniyə yadımdan çıxmayan, yuxularımın məskəni Qovuşuq. Yadındadır sonuncu gün? Hər dəfə xatırlayanda ürəyim param-parça olur. Köçümüzün yığılma anı bəlkə də həyatda xatırlamaq istəmədiyim yeganə məqamdır. Hər kəs kədər içindəydi, nənəm isə xısın-xısın ağlayırdı. Yazıq anamın ağlamağa vaxtı nə gəzirdi. Yurd yerinin sonuncu barxanasını qavğarırdı. Evimizin boşaldığını görəndə məni vahimə basmışdı. Boş otaqlarda üstümə qayıdan səsimin əks sədasından qorxmuşdum. Bu qorxu hələ də mənimlədi, 36 ildir məni izləyir, məni tərk etmir. Boş otaqların divarlarına dəyib qayıdan səsim indi də qulaqlarımda cingildəyir. Bu səs sanki mənə – “bu əbədi ayrılıqdır, birdəfəlik vidalaş”, – deyirdi.
Çayların, yolların qovuşduğu kəndim, həmin gecənin vahiməsindən qeyri-adi görkəm alan Qovuşuq. Təkədonduran dağının üstünü alan qara buludların zəhmi idi səni basan. Qaşın-qabağın açılmırdı. Ağacların budaqlarındakı quşların səsinə qarışıb bizimlə danışırdın. “Getməyin”,- deyirdin, yalvarırdın, “məni tək qoyub çıxmayın”,- deyib haray təpirdin. Hava meşəsindən əsən soyuq küləklə üstümüzə gəlirdin. Adamları saxlamaq istəyirdin. Qara şumdan üstümüzə ildırım çaxdırırdın. “Dayanın”,- deyirdin. Göy qayadan bizə sərt-sərt baxıb, “yurd yerini boşaltmayın,- deyə fəryad qoparırdın. Amma el-oba köç üstündə, biz isə ayrılıq məqamındaydıq. Narahat ruhların nalə çəkdiyi həmin gecənin zəhmindən bədənim üşəndi. Ağlamaq istədim, bacarmadım. Yuxum ərşə çəkilmişdi. Köç üçün hər şey hazır idi. Otaqlar boşalmış, anamın qavğardığı barxanalar bir küncə yığılmışdı. Küçə lampalarının pəncərədən düşən işığında nənəmin üzünü aydın görürdüm. Mələksima nənəm yatmamışdı, arvad dua edirdi. Qalxıb onun çarpayısının qarşısında oturdum.
-Niyə yatmırsan?
-Yata bilmirəm,yuxum gəlmir, – dedim
Nənəm məni sakitləşdirməyə çalışırdı.
-Yat, sabah işimiz çox olacaq. Bir də dünyanın işini nə bilmək olar. Vaxt olar geri qayıdarıq.
Nənəmə cavab vermədim, hiss etdim ki, təskinlik verir. Bu ayrılıq əbədi ayrılığa oxşayırdı.
Səhər tezdən köçümüzü yığmağa başladılar. “Kamaz” elə bil evimizin əşyalarını udurdu. “Kaş bir az gec yükləyərdilər”,- deyib bağa keçdim. Bütün ağaclarla bir-bir vidalaşdım, öpdüm onları, tumarladım gövdələrini. Heyif, bayatı bilmirdim. Qapımızdan axan çaya sarı boylandım. Daşlara dəyib billur kimi parıldayan dalğalar mənə baxıb gülümsəyirdi.”Biz bir daha görüşməyəcəyik”, deyirdilər. Cəviz ağacının altında dayanıb yuxarı baxdım. Yarpağını tökmüş budaqlar məni yola salmaq üçün sanki əl edirdilər. Həyətimizn ortasından axan çayın şırıltısı ətrafdakı söhbətləri eşitməyimə mane olurdu. “Deyəsən bitdi, yəqin bir azdan tərpənərik”, – deyə gözlərim doldu. Səni həmişəlik tərk edirdim, doğma Qovuşuq.
Yük maşını tərpənmək üzrəydi. Atam məni haraylayıb “yığış gedirik”, – deyəndə armud ağacının altında üzümü ağacın gövdəsinə sıxıb hönkür-hönkür ağlayırdım. Qovuşuqdan ayrılmağıma dəqiqələr, bəlkə də saniyələr qalırdı. Yenə atamın səsini eşitdim, məni çağırırdı. Bir təhər evimizin daşına-divarına sığal çəkə-çəkə yük maşınına çatdım. Elə bil dünya başıma uçdu. Ağlayan əzizlərimi, doğmalarımı, arxamızca su atan qonşularımızın qəmgin üzlərinə baxmaqdan vahimələndim. “Kamaz” yola düzəldi. Dikəlib oturdum. Sonuncu dəfə sənin yollarından keçirdim əziz Qovuşuq. Hamı köçümüzü yola salmaq üçün küçəyə çıxmışdı. Həsənkənd yolunu ermənilər bağladığından, biz Kotanlı istiqamətinə burulmalıydıq. Maşın kəndin içindən Qabaxlıya tərəf dönəcəkdi.
-Dədə, (atama belə müraciət edirdim) bəlkə maşın məktəbin altına qədər getsin. Oradan geri qayıdarıq.
Atam bir söz demədən başının hərəkətiylə razılıq verdi. “Kamaz” kəndimizin əsas girəcəyindən-məktəbin yanından geri qayıdıb yoluna davam etdi. Əyilib sürücünün qulağına:
-Bir az yavaş sür, – deyə pıçıldadım.
“Kamaz” ləngər vura-vura yoluna davam etdikcə, kəndimiz arxada qalırdı. Heç kim danışmırdı. Siqareti siqaretin oduna yandırmasından hiss edirdim ki, atam özündə deyil.
Ailəmizin qalan üzvləri evimizi səhər tezdən tərk edəcəkdilər. Onlar Arazdəyən stansiyasından İrəvan Bakı qatarına minəcəkdilər. Köç maşınımız isə Qabaxlıyla Kotanlı arasındakı dolayları qalxırdı. Nəriltiylə irəli atılan “Kamaz” çoxdan Qovuşuqdan aralanmışdı. Maşında 4 nəfər idik. Atamla mən yanbayan əyləşmişdik. Sürücülərdən biri arxada uzanıb istirahət edirdi. Dərələyəzin kəndlərindən keçirdik. Kotanlı, Her-her, Leyliqaçan da bir azdan arxada qalacaqdı. Daha heç nə düşünə bilmirdim, bədənim od tutub yanırdı. Sürücü şüşəni bir qədər aşağı saldı. Çöldən gələn buz kimi hava ruhumu üşütdü.
Vəli Həsənoğlu,
KONKRET.az
Salam a qardaş. Yazdıqların mən çox kövrəltdi. İnşaallah qismət olarsa qayıtmasaq da, heç olmasa gedib o torpaqları ziyarət edərik.
Salam dəyərli insan mükəmməl təsvir etmisiz oxuya oxuya elə bil o anı məndə yaşadım . İnşaallah tezliklə oranı görmək ümidilə özünüzə yaxşı baxın.
Vəli müəllim, bu səmimi hissləri o qədər dolğun ifadə etmisiniz ki, bir anlıq özümü hadisələrin içində gördüm. Yox, düz demədim. Mən qarşı tərəfdə-çayın o biri sahilində böyük çaydan ayrılmış kiçik arxın kənarında (ona “Dəyirman arxı” da deyirdilər) pilləkənlərin üstündə əyləşib Nabat nənəmin bel şalına bürünsəm də, isinməyən, iliyimə işləyən soyuqdan, qarşıdakı mənzərənin dəhşətindən bədənim titrəyə-titrəyə, Dərəıəyəzin qupquru soyuğu iliyimə işləyə-işləyə, büzüşüb oturmuşdum. Sizi və sizin evdə baş verənləri həyəcanla izləyirdim. Birnəfəsə oxuyub qurtarmaq, bu ağrı-acıdan xilas olmaq istədim. Sonra isə bir anlığa Mənsurə ilə görüşmək üçün gəldiyim o evi, o evdə toxunan xalçaları, iməcilərə bişirilən əriştə – omacı, həqiqətən də, mələk simalı Mələksuma nənəni ( kənddə onu belə çağırardıq), bir ağır, qarğaşalı ailənin yükünü çəkən Pərixan xalanı, deyib-gülməyi sevən Həsən dayını xatırladım. Rəhmətlik Əli ailəli idi. Çox vaxt işdə-gücdə olardı. Allah hamısına rəhmət eləsin. Digər uşaqlar yaşca balaca olduqları üçün bir o qədər də münasibətim olmazdı. Hə, çox ağır dərd yüklədi belimizə bu qansız fələk.
Vəli müəllim, bu səmimi hissləri o qədər dolğun ifadə etmisiniz ki, bir anlıq özümü hadisələrin içində gördüm. Yox, düz demədim. Mən qarşı tərəfdə-çayın o biri sahilində böyük çaydan ayrılmış kiçik arxın kənarında (ona “Dəyirman arxı” da deyirdilər) pilləkənlərin üstündə əyləşib Nabat nənəmin bel şalına bürünsəm də, isinməyən, iliyimə işləyən soyuqdan, qarşıdakı mənzərənin dəhşətindən bədənim titrəyə-titrəyə, Dərəıəyəzin qupquru soyuğu iliyimə işləyə-işləyə, büzüşüb oturmuşdum. Sizi və sizin evdə baş verənləri həyəcanla izləyirdim. Birnəfəsə oxuyub qurtarmaq, bu ağrı-acıdan xilas olmaq istədim. Sonra isə bir anlığa Mənsurə ilə görüşmək üçün gəldiyim o evi, o evdə toxunan xalçaları, iməcilərə bişirilən əriştə – omacı, həqiqətən də, mələk simalı Mələksuma nənəni ( kənddə onu belə çağırardıq), bir ağır, qarğaşalı ailənin yükünü çəkən Pərixan xalanı, deyib-gülməyi sevən Həsən dayını xatırladım. Rəhmətlik Əli ailəli idi. Çox vaxt işdə-gücdə olardı. Allah hamısına rəhmət eləsin. Digər uşaqlar yaşca balaca olduqları üçün bir o qədər də münasibətim olmazdı. Hə, çox ağır dərd yüklədi belimizə bu qansız fələk.