“Uzun illər vergi və digər dövlət xidmətlərində əməliyyat aparmaq üçün əsas “ASAN İmza” fəaliyyət göstərirdi. Amma bir neçə ildir ki, bu tendensiya dəyişir. Artıq biometrik imza olan “SİMA İmza” da prosesdə həcmini artırmağa başlayır. Bu, çox yavaş gedən porses idi, amma artıq bir çox məsələdə “SİMA” elektronik imza ilə əməliyyatlar aparmaq mümkündür. Lakin yenə də tam deyil, üstünlük “ASAN İmza”dadır. Biometrik imza “ASAN İmza” qədər tam yayğın deyil, “ASAN İmza” daha yetkindir. “SİMA” isə inteqrasiya olunmasına rəğmən tam yetkinlik əldə etməyib. Maliyyəçi və mühasiblərin vergidə apardıqları xidmətdə “ASAN imza” ilə hər hansı əməliyyat imzalandığında status gəlir, yəni imzanın tamamlanıb-tamamlanmadığını, prosesin necə baş verdiyini öyrənmək olur. Lakin biometrik imza olan “SİMA” ilə hər hansı sənəd imzalandığında ekranda heç bir dəyişiklik olmur, status dəyişmir. Gərək, manuel olaraq mühasib, əməliyyatçı özü ana səhifəyə qayıtsın, yenidən baxsın, “SİMA” tətbiqindən, yaxud saytdakı kabinetinə girsin, orada sənədin imzalanıb-imzalanmadığına, ya da imzalanıbsa, sənədi alıb, yükləyə, qarşı tərəfə göndərə bilərmi, buna baxsın. Yəni bu formada fəaliyyət aparılır. Bu, əməliyyatçılar, mühasiblər üçün əlavə iş yükü yaradır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov deyib.
E.Abbasov bildirib ki, vergi sistemində təkmilləşməyə ehtiyac var: ““ASAN İmza” ilə olan metodologiyanı və iş axımının eynisini digər imzalara da tətbiq etməlidirlər. Xüsusilə, “SİMA”ya. Əks halda, dediyimiz kimi, əlavə iş yükü yaranmış olur. Digər istiqamətlərdə bu problem o qədər də yoxdur. Burada öhdəlik daha çox vergi sisteminin üzərindədir. Proqram təminatında yenilənmə aparılmalı, metodologiya hər ikisində də eyniləşdirilməlidir”.
