“Mən dünyadakı ermənilərə, Ermənistan vətəndaşlarına, eləcə də dünya mərkəzlərinin ekspert birliyinin nümayəndələrinə səslənirəm. İndi deyəcəklərim ilk baxışdan çox xoşagəlməz səslənə və xüsusən də erməniləri incidə bilər. Amma sərt həqiqət şirin yalandan qat-qat yaxşıdır”.
KONKRET.az xəbər verir ki, bunu, KUPOL Beynəlxalq Əməkdaşlığa Dəstək Fondunun Himayəçilər Şurasının sədri Sarkis Asatryan deyib. Asatryan təklif edib ki, onun dedikləri Ermənistan dövlətinin gələcək inkişafı konsepsiyaları üçün əsas götürülsün:
“Birincisi, biz ermənilər başa düşməliyik ki, qonşularımız Azərbaycan və Türkiyə yaxın onilliklərdə birliklərini möhkəmləndirəcəklər. Türkiyə ilə Azərbaycanın müttəfiqlik baxımından ortaq cəhətləri çoxdur. Bu, ilk növbədə, dildir. Digər tərəfdən din və ümumi mentalitet faktoru da önəmli rol oynayır. Aydın şəkildə başa düşməliyik ki, Türkiyə və Azərbaycan təbii müttəfiqdir. Azərbaycan isə başqa bir müttəfiqlik, məsələn, Rusiya ilə müttəfiqlik naminə Türkiyənin müttəfiqliyindən heç vaxt imtina etməyəcək.
Türkiyə və Rusiya tarazlıqda olsalar, Azərbaycan eyni dildə danışdıqları üçün mütləq Türkiyəni seçəcək. Bu, demək olar ki, bir millətdir, onilliklər ərzində onlar ümumi etnik qrupun formalaşmasına doğru irəliləyirlər. Ermənistan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Pakistanın yeni güclü iqtisadi, eləcə də hərbi-siyasi birlik yaradacağını dərk etməlidir. Bu, faktdır.
İkincisi, ermənilər, dərk edin ki, rus və erməni xalqının üç yüz illik dostluğu, şübhəsiz ki, qiymətsizdir. Amma Rusiya ən azı regional güc olmaqla heç vaxt öz maraqlarının zərərinə hərəkət etməyəcək. Ermənistan-Rusiya münasibətləri naminə Rusiya-Türkiyə münasibətlərinin, Rusiya-Azərbaycan münasibətlərinin əleyhinə getməyəcək. Yəni tərəzidə Ermənistan-Rusiya, Rusiya-Türkiyə, Rusiya-Azərbaycan əlaqələri var. Və Rusiya bu üç tərəzidən Ermənistan-Rusiya əməkdaşlığının xeyrinə seçim etməyəcək, çünki Rusiya öz maraqlarını daha üstün tutur.
Və nəhayət, biz dərk etməliyik ki, Rusiya kimi dövlətin öz geostrateji və geosiyasi maraqları var. Həm də heç bir halda inciməməli, kin-küdurətə qapılmamalı, Rusiyanın Türkiyə və ya Azərbaycandakı maraqlarından əl çəkib, Ermənistanın maraqlarını qoruyacağına ümid etməməliyik.
Üçüncüsü, biz ermənilər dərk etməliyik ki, qonşu seçilmir və qonşu heç yerə getmir. Ermənistan isə dörd qonşu ilə əhatə olunub. Onların hamısı Ermənistandan qat-qat böyük və güclüdür. Və düşmənçilik etməkdənsə, onlarla dost olmaq daha yaxşıdır. Bütün hallarda nifrət nitqi keçmişdə qalmalıdır.
Mən bu barədə dəfələrlə danışmışam. Öz qonşularına, o cümlədən türklərə və azərbaycanlılara qarşı nifrət aşılayan kreslo mütəxəssisləri praqmatik deyillər. Azərbaycanlılarla ortaq dil tapmalıyıq. Mən bu barədə üç il əvvəl danışdım və çox sadə mexanizm təklif etdim. Bu təklif Azərbaycan və Ermənistan partiyalarına, siyasi elitaya göndərilib.
Biz özümüzü dərk etməliyik və nifrətin kökünü kəsməliyik. Təklif edirəm ki, Azərbaycan və Ermənistan parlamentləri səviyyəsində nifrətin qadağan edilməsi haqqında qanun qəbul edilsin. Parlament Ermənistanda azərbaycanlılara və türklərə nifrət təbliğatını qadağan edən qanun qəbul etsin. İndi heç bir tənqidə qulaq asmaq istəmirəm. Kim məni tənqid etsə, emosional olaraq tənqid edəcək. Amma dərindən baxsanız, dediklərimin hamısı gələcək nəsillərimiz üçün qurtuluşdur. İcazə verin, ən pis adam olum, yüz ildən artıqdır nifrət bəlasını, ksenofobiyanı yayan və müharibəni təbliğ edən o əclaflara yalvarmaqdansa, Sülh Daşına yalvaracam. Bu, hər iki tərəfə aiddir. Ona görə də nifrət nitqi haqqında qanun qəbul etmək lazımdır. Ermənistanı qarşıda parlaq gələcək gözləyir. Başa düşməli və qəbul etməliyik ki, özümüzdən başqa heç kimin bizə ehtiyacı yoxdur”.
Vəli Həsənov,
KONKRET.az