Asif Mərzili jurnalistlərin təltifləri ilə bağlı Prezidentə müraciət etdibackend

Asif Mərzili jurnalistlərin təltifləri ilə bağlı Prezidentə müraciət etdi

Çox hörmətli cənab Prezident!

Azərbaycan Milli Mətbuatının 145 illiyi ilə bağlı müvafiq Sərəncamınıza uyğun olaraq iyulun 22-də bir sıra jurnalistlər və TV əməkdaşları, mədəniyyət işçiləri təltif edildilər. Sizə mətbuatımıza verdiyiniz dəyərə görə minnətdarlığımı bildirir, bütün təltif olunanları ürəkdən təbrik edirəm.

Cənab Prezident!

Ölkə jurnalistlərinin təltif olunması barədə Sərəncamınızdakı siyahı ilə tanış olduqdan sonra Sizə ürəyimdən gələn səmimi sözlərimi deməklə bərabər, eləcə də 28-ci ildir “Qarabağı azad etməyən xalqı Allah da xilas etməyəcək!” şüarı ilə nəşr olunan “Təzadlar” qəzetinin kollektivi adından müraciət etmək qərarına gəldim. Bunun əsas səbəbi isə odur ki, Siz ölkəmizin Prezidenti və Ali Baş Komandanı kimi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın işğaldan azad olunması üçün əlinizdən gələni edirsiniz, hətta həyatınızı belə riskə qoyaraq. Odur ki, əməkdaşları məcburi köçkün olan bir qəzetin kollektivinin ürək sözlərini ümumiləşdirib Sizə müraciət etməli oldum. İnanıram və buna şübhəm də yoxdur ki, müraciətim səmimi qəbul edilməklə, həm də onun mükafat və dövlət təltifi istəyindən qaynaqlanmadığına hər kəs əmin olacaq. Və dəyərli oxucularımız da bilir ki, ştatlı və ştatdankənar əməkdaşlarımızın hamısı ali təhsilli, mətbuat sahəsində yetərincə təcrübəsi olan peşəkarlardır, biri Prezident təqaüdçüsüdür, Qarabağ müharibəsində topçu batareyasının komandiri olub.

Cənab Prezident!

1988-ci ildə ustad Məmməd Araza SSRİ-nin Dövlət Mükafatı verilir. Jurnalistlər müxtəlif tanınmış şəxslərdən bu yüksək təltifə münasibət öyrənirlər. Eyni sorğu ilə AMEA-nın müxbir üzvü Xudu Məmmədova da müraciət edilir. Xudu Məmmədov deyir: “Əlbəttə, Dövlət bu mükafatı Məmməd Araza verməklə bu mükafatı hörmətə mindirdi”.

Yaxın tarixmizə etdiyim bu müraciətimin mahiyyəti aşağıda söylədiklərimin şərhinə bir açardır.

Bəli, Milli Mətbuat günü ilə bağlı artıq neçənci dəfədir ki, jurnalistlər, media əməkdaşları təltif edilir, onlara mənzillər verilir, qəzetlərə maliyyə yardımı ayrılır. Bunlar necə baş verir, siyahılar harada və hansı şəraitdə tutulur, bu, başqa bir mövzudur. Allaha və Sizə min şükürlər olsun ki, Azərbaycanda hər bir jurnalistin qələminə, mövqeyinə, səmimiyyətinə və hətta Sizə rəğbətinin ölçü vahidinə də bələdəm. Çünki Azərbaycanda bəlkə də əmək kitabçasında ən uzunmüddətli baş redaktor olan şəxslərdən biriyəm – 1989-cu ildən ta bu günə kimi. Yəni hamını gözəl tanıyıram. Heç bir vaxt da haqqımız olmayan mükafata, hədiyyəyə, yardıma… iddialı olmamışıq. Layiq bilinmişiksə, potensialımız imkan veribsə, yaradıcılığımıza qiymət verilib. Azərbaycanı harda olmuşuqsa, təbliğ və tərənnüm etmək birinci məqsədimiz olub. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, “Təzadlar” bəlkə də yeganə qəzetdir ki, erməni riyakarlığı və Xocalı soyqırımı barədə yazısı ABŞ-ın ermənilərin ən çox məskunlaşdığı Kaliforniya Ştatının Mərkəzi Kitabxanasında kataloqa salınmış kitabda yer almaqdadır. Məhz bu məqaləmizə görə 2009-cu ildə Prezident yanında KİV-ə Dəstək Fondu layihəmizi qəbul etdi, bizə maliyyə yardımı verildi, amma sonrakı illərdə isə müxtəlif bəhanələrlə biz bu dəstəkdən məhrum edildik. Çünki haradansa zəng edənimiz, tapşıranımız olmadı.

Jurnalistlərə mənzil paylananda da kənarda qalmışıq. Çünki yüksək vəzifə tutan dayımız, əmimiz, adamımız, yenə də yuxarıdan zəng edənimiz olmadı.

Müsabiqə yazılarımıza nə qədər maneçilik törətsələr də, həmişə 2-ci və ya 3-cü yerlərdə qərar tutmuşuq, 1-ci yerə layiq bilinməmişik. Çünki ora həmişə arxalıların yeri olub.

Dövlət mükafatları və təltiflər veriləndə də birmənalı olaraq kənarda qalmışıq. Çünki Prezident Administrasiyasına əlimiz və səsimiz çatmayıb. Səsimizi içimizə alıb susmuşuq. Amma xarici ölkələrdə, xüsusən də Rusiyada, Ukraynada, Başqırdıstanda, İranda, Türkiyədə… olanda Azərbaycanın və onun Prezidentinin, 1-ci xanımının, bu millətin və xalqın adını uca tutmaqda, təbliğ etməkdə susmamışıq, əlimizdən gələni etmişik. Yazılarımız Türkiyə mətbuatında dərc edilib…

Heç bir sponsor köməyi olmadan İranda üç ildir ardıcıl olaraq mədəniyyət günlərimizin təbliğatı festivallarında minlərlə tamaşaçının alqışları ilə Azərbaycanın üçrəngli bayrağının dalğalandırılmasına nail olanda mən yalnız o alqışları Azərbaycanın və Sizin ünvanınız üçün qazanmışam! Çünki məqsəd və məramımız dövlətimizin adına edilən xidmətlərimizin qarşılığında hansısa dövlət mükafatı almaq niyyətindən uzaq olub. Dövlətimizin, vətənimizin adının ucalığı bizim ən böyük mükafatımız olub! Ümumiyyətlə, bəlkə də peşəkar jurnalistin elə ən böyük mükafatı bu da olmalıdır.

Cənab Prezident!

Bir daha təkrar edirəm, bu söylədiklərim əməkdaşlarımızın hansısa dövlət mükafatına layiq görülməməsinə görə deyil. Əlbəttə, olsaydı, bu, bir həvəsləndirici və stimullaşdırıcı hal olardı, ən azı hələ də mükafatlandırma, advermə ənənəsi yaşanan Azərbaycanda yaxşıya, layiqə… verilən dəyərin bir fərq ölçüsü kimi ortada olardı. İctimai rəy də ona köklənərdi ki, ölkəmizdə bu sahədə də ədalət var, balans var, insaflılıq var, yaxşıya yaxşı münasibət var. Bu, vətəndaş cəmiyyətinin tarazlığında vacib faktordur. Yoxsa, insanlar görəndə ki, vaxtilə dövlət başçısını, dövlət rəhbərini, nəhayət, bu hakimiyyəti aşağılayanlar mükafatlandırılır, dövlətimizi öyənlər isə yada salınmır, onda fərqli düşüncələr ortaya çıxır. Təbii, bilənlər bilir ki, Siz təqdim olunmuş siyahını saf-çürük etmirsiniz, buna heç Sizin vaxtınız imkan verməz, bu siyahını tutanlar və təqdim edənlər buna məsuliyyət daşıyır. Amma o siyahıları tutanlar da insafı, ədaləti, haqqı unutmamalıdırlar. Çünki bu qeyri-dəqiqliyi kənardan hamı görür.

Cənab Prezident!

Böyük üzrxahlıqla bir faktı deməyi özümə borc bildim: 2015-ci ildə aşağıda qeyd edəcəyim məsələ ilə bağlı Baş Prokuror Z.Qaralova və Milli təhlükəsizlik naziri E.Mahmudova rəsmi ərizə ilə müraciət etdim (surəti təqdim edilir). Sitat: “…Cənab Baş Prokuror! Cənab Nazir! Bildiyiniz kimi, fəaliyyəti dayandırılmış keçmiş ABU-nun rektoru E.Abdullayev… 2011-ci ildən Fransanın Paris şəhərinə qaçmış, hələ də orada müvəqqəti yaşamaq statusu ilə məskunlaşmışdır… Artıq bu şəxs o dərəcədə arxayınlaşmışdır ki, beynəlxalq qanunların ziddinə olaraq, mühacirlər haqqında qanun və qaydalara əməl etməyərək özünün adına yaratdığı facebook səhifəsindən, həmçinin saxta profillərdən Azərbaycan Prezidenti cənab İlham Əliyevin, onun ailə üzvlərinin, doğmalarının, Ümummilli lider, mərhum Heydər Əliyevin, Prezidentin komanda üzvlərinin, o cümlədən Ramiz Mehdiyevin, Sizin – Zakir Qaralovun, MTN naziri Eldar Mahmudovun, DİN naziri Ramil Usubovun, prezidentin köməkçisi Əli Həsənovun və digər yüksək vəzifəli şəxslərin əleyhinə əsası olmayan, şantaj və böhtan xarakterli, bu şəxslərin şərəf və ləyaqətini ağır formada alçaldan, onları xüsusilə ağır cinayətlərdə suçlayan yazılar və karikaturalar dərc etmək üçün istifadə edir… Bunların hamısı onun facebook səhifəsində vardır və Sizə təqdim edirəm…. Ən azından bilirsiniz ki, mən dövlətçiliyimiz naminə vicdanımın səsi ilə bir jurnalist olaraq E.Abdullayevin şər və böhtanları qarşısında susmadan, hətta onun hamını hədələdiyi və qorxutduğu gizli videolarından belə çəkinmədən cavabını vermişəm… Bu şəxs cəzalanmaq təhlükəsini hiss etmədiyindən son vaxtlar daha da azğınlaşıb və həddini aşaraq təhqiramiz hərəkətlərini davam etdirir. O, 11 aprel 2015-ci il tarixli statusunda facebook səhifəsində və özü tərəfindən yaradılmlş saxta profillərdə açıq mətnlə dilə gətirilməsi mümkün olmayan söyüşlər işlətmiş, hətta Ümummilli lider H.Əliyev barədə nalayiq və s. əxlaqdan uzaq ifadələr yazmışdır. Səhifəsində Prezident İlham Əliyevin özü haqqında montaj olunmuş fotolardan istifadə edərək Prezidenti və onun ailə üzvlərini, həyat yoldaşını və qızlarını, Ramiz Mehdiyevi təhqir edən fotolar yaymaqda davam edir. İndi belə çıxır ki, mən vicdanlı jurnalist olaraq bu cinayətkara susmadığımın, özümün və ölkəmin Prezidentinin, dövlətimin şərəf və ləyaqətini müdafiə etməyimin cəzasını çəkməliyəm, E.Abdullayevin barəsində cinayət işi başlamış, onun tutulub istintaqa təhvil verilməsini təmin etməli olan Baş Prokurorluq və DİN, MTN isə susmalıdır?

Azərbaycan Prezidenti və onun ailə üzvlərinin şərəf və ləyaqətinin qorunması, eləcə də Azərbaycan vətəndaşı olaraq mənim konstitusion hüquqlarımın müdafiəsi aidiyyəti dövlət orqanlarının vəzifəsidir deyə, mən Azərbaycan vətəndaşı olaraq E.Abdullayevin bu təhqirlərinə adekvat cavab vermək hüququmu sosial şəbəkələri izləyənlərin diqqətindən hələki kənar saxlayaraq, Sizlərdən xahiş edirəm: bu şəxsə qarşı ən sərt tədbirlər görülsün. Əgər sosial şəbəkələrdə Azərbaycanın sabiq Prezidenti, türk dünyasında Ümummilli lider kimi qəbul edilmiş mərhum H.Əliyevin ruhunu təhqir edən Elşad Abdullayevə qarşı tərəfinizdən qanuni tədbir görülməsə, mən şərəf və ləyaqətimi bildiyim formada müdafiə etmək hüququmu özümdə saxlayacağam və bundan sonra baş verəcək hər hansı hərəkətimə məsuliyyət daşımadığımı indidən elan edirəm. Bunun üçün Parisə getməyə hazırlaşıram. Odur ki, məni qəbul etməyinizi Sizdən xahiş edirəm. İnanıram ki, dövlətim vətəndaşı olan mən jurnalisti, Azərbaycan dövlətinin hazırkı elitasını və Prezident komandasını ağır ifadələrlə alçaldan bir şəxsi cəzasız buraxmayacaq.

Dərin hörmətlə:
Asif Mərzili,
“Təzadlar” qəzetinin baş redaktoru
Bakı şəhəri, 14 aprel 2015-ci il”.

***
Cənab Prezident, bunun ardınca E.Abdullayevin şəxsi poçtuna burada yaza bilmədiyim bir neçə cümləlik sərt ifadələrimi göndərdim… Bir dəqiqə sonra onun səhifəsindəki bütün təhqiramiz statuslar silindi, sağ olsun, o, artıq məsuliyyətini dərk etmişdi. Bu günədək də susmaqdadır. Lakin indiyədək dövlət büdcəsindən külli miqdarda yardımlanan, lazım olan məqamda isə Sizin sərəncamlarınızla orden və medallar, mənzillər… alan jurnalistlərin, “media kapitanları”nın birinin də bu məsələdə səsi çıxmadı. İndi də elədir, susurlar.
Bunları ona görə xatırlatdım ki, mən dövlətimizin maraqları naminə bu riskli və məsuliyyətli addımları atanda nə vaxtsa dövlətimizin mükafatlarına layiq görüləcəyimizi ağlıma belə gətirmirdim. Çünki 1993-cü ildən fəaliyyət göstərən “Təzadlar” qəzetinin məcburi köçkün əməkdaşlırının heç birinin amalı bunlar olmayıb. Amma indi görəndə ki, Rusiyanın milli maraqlarını təbliğ edənlər, şəxsi və siyasi maraqlarını önə çıxarıb Prezident Administrasiyasında özünə əmilər, dayılar, dostlar… tapanlar hamının gözü qarşısında dövlət mükafatlarının sahibi olurlar, onda özümüz üçün deyil, cəmiyyətimizin düşüncələri üçün narahat oluruq. Bir daha təkrar edirəm, bizim dayımız da, əmimiz də, dostumuz da canımızı fəda etməyə hər an hazır olduğumuz, zamanında bunu etdiyimiz dövlətimizdir. Hansı ki, o dövlətin də rəhbəri Sizsiniz. Biz indi nə edək ki, hələki Prezident Administrasiyasında olan əmilərin, dayıların… təsir vasitələri və siyahı tutma imkanları daha böyükdür, hələ də köhnə ənənələr davam edir və bizim orada “adamımız” … yoxdur. Amma biz kollektiv olaraq bilirik ki, bu gün Azərbaycanda Sizdən böyük ürək sahibi yoxdur. Çünki Siz Azərbaycanda yaşayan hər bir vətəndaşın, bu sırada biz – “Təzadlar” qəzetinin kollektivinin də Prezidentisiniz!
İnanıram ki, müraciətim cavabsız qalmayacaq. Ya ümumiyyətlə, Azərbaycan jurnalistikasında təltiflənmələrə son qoyulmalıdır, ya da ədalətli, haqqı olanların təltiflənməsi baş verməlidir.

Dərin hörmətlə:
Asif Mərzili,
“Təzadlar” qəzetinin baş redaktoru
Bakı şəhəri, 23 iyul 2020-ci il

  • Omer
    İyul 28, 2020 - 16:59

    As if muellim mence dovlet bascisi bu siyaini ozu arasdirir. Birldeki mirsahin muellim in, aygun xanimin ve digerlerinin mukafatlandirilmasi tam edaletlidir mence. Gelecekdede sizde alarsiniz. Amma oz dili ile mukafat istemek bir az qebuledilmezdir mence. Size ugurlar

Omer üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*