“Atalıq vəzifəsini yerinə yetirməyənin xərcini başqası çəkməlidir?” – Aliment Fondu mübahisəsibackend

“Atalıq vəzifəsini yerinə yetirməyənin xərcini başqası çəkməlidir?” – Aliment Fondu mübahisəsi

“Tutaq ki, o fond hər hansı bir dövlət qurumunun nəzdində yaradıldı və həmin qurum büdcədən maliyyələşdi, siz inanırsız ki, onda doğma övladına aliment ödəməyən şəxs məlum fonda gəlib vəsait ödəyəcək?”

KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

O, Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı mübahisələrə qoşulub.

Xatırladaq ki, Milli Məclisin İnsan hüquqları komitəsinin son iclasında “İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi” zamanı “Aliment Fondu”nun yaradılması məsələsi müzakirə edilib. Komitə sədri Zahid Oruc sözügedən fondun yaradılmasının saxta boşanmalara gətirib çıxaracağını deyib.

Öz növbəsində, Musa Quliyev qeyd edib:

“Aliment Fondu”nun yaradılması ilə bağlı irəli sürülən təklif yeni deyil. Artıq bir neçə ildir ki, bu məsələ gündəlikdədir. Zaman-zaman paralmentdə də bu mövzu ilə bağlı fikirlər səslənib.

Əlbəttə, bu boşanan və uşaqlara maddi-sosial dəstək göstərməyən valideynlərin əvəzinə dövlətdən müəyyən vəsaitin ayrılması niyyətini güdür. Amma təklifin realaşması bu gün üçün o qədər də mümkün görünmür. Əvvəla, nəyə görə öz atalıq, yaxud analıq funksiyasını yerinə yetirməyən vətəndaşın əvəzinə digər vergi ödəyici vətəndaş niyə xərc çəkməlidir?

İkincisi, həmin fond yaradılarsa, indiyədək valideynlik borcunu yerinə yetirməkdən, aliment ödəməkdən yayınan insanların daha da əl-qolu açılmayacaq? Onlar daha da arxayınlaşmayacaq?

Tutaq ki, o fond hər hansı bir dövlət qurumunun nəzdində yaradıldı və həmin qurum büdcədən maliyyələşdi, siz inanırsız ki, onda doğma övladına aliment ödəməyən şəxs məlum fonda gəlib vəsait ödəyəcək? Əgər ödəməyəcəksə, onda hansı tədbirlər görüləcək? Fond yaranmadan da belə tədbirlər görmək mümkün deyilmi?”

Deputat bildirib ki, “Aliment Fondu”nun yaradılması təklifini verən deputatlar onun iş mexanizmini də izah etməlidir:

“Fond yaradılsın deyən şəxslər təbii ki, xoş niyyətlə deyir. Amma yaxşı olar ki, onlar bu mexanizmi də izah etsinlər: hansı mexanizm qurulacaq ki, həmin fond çalışsın və valideynlik öhdəliyini yerinə yetirməyən insanlar hansı qaydada o fonddan vəsait alacaq?

Bütün bunlar həm çox ciddi müzakirə mövzusudur, həm də mexanizmi axtarıb tapmaq lazımdır. Fondu yaradaq demək çox asandır. Belə bir fondun yaradılması sağlam olmayan niyyətlərə də yol açacaq və saxta boşanmalara gətirib çıxaracaq. Biz ünvanlı sosial yardım məsələsində bunları gördük. Yəni bir çox yerlərdə bu cür saxta boşanmalar oldu ki, o ailələr ünvanlı sosial yardımı almış oldular. Bütün bunları ölçüb-biçmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*