“Atam Heydər Əliyevdən soruşdu ki, düzünü deyin, mənə ev verərdiniz?” – Rəsulzadənin nəvəsibackend

"Atam Heydər Əliyevdən soruşdu ki, düzünü deyin, mənə ev verərdiniz?” - Rəsulzadənin nəvəsi

Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə o, Modern.az-a müsahibəsində danışıb. Rais Rəsulzadə atası Azər Rəsulzadə ilə birlikdə 1991-ci ildə Heydər Əliyevlə görüşdüyünü xatırlayır.

“1991-ci il idi. Atam növbəti dəfə Bakıya gəlmişdi. Məktəb dostlarından biri ilə zəngləşib danışmışdılar, görüşməli idilər. Görüşə hələ vaxt vardı. Atam mənə dedi ki, gəl, Şəhidlər Xiyabanına gedək, şəhidlərimizi ziyarət edək. Həmin vaxt orada 20 Yanvar şəhidləri dəfn edilmişdi. Şəhidlər Xiyabanını ziyarət etdik. Şəhidlər Xiyabanında heç kim yox idi, ikimiz idik. Birdən atam qoluma toxundu ki, o Heydər Əliyevdir. Mən də baxdım ki, həqiqətən odur. Onun da yanında jurnalistlər var idi, müsahibə verirdi. Onların hamısını araladı, düz bizim yanımıza gəldi. Atamla salamlaşdı, dedi ki, “Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsiniz?” Atam dedi, “bəli”. Heydər Əliyev dedi ki, “mən sizi bir dəfə televizorda görmüşəm. Necəsiniz? Nə var, nə yox? Eşitmişdim, problemləriniz var. Səhhətiniz nə yerdədi?”. Atam da dedi ki, “Necə olacaq, “xalq düşməni” damğasını atmışam, gəlmişəm bura”. Heydər Əliyev dedi ki, “Mən də “kommunist” damğasını atmışam. Sabah burada Milli Məclisdə çıxış etməliyəm”.

Bizim burada 3 evimiz var idi, o evləri aldılar. Atam Heydər Əliyevdən soruşdu ki, “düzünü deyin, mən Bakıya gəlsəydim, siz mənə ev verərdiniz?”. Heydər Əliyev də atama dedi, “əlbəttə, sizə ev verərdim, niyə vermirdim. O vaxtı “Qlavlit”də müdir, bilikli mütəxəssis lazım idi, adam tapa bilmirdik. Bir gün gəldilər ki, biz adam tapmışıq, amma o olmaz. Dedim niyə? Dedilər, çünki Məhəmməd Əminin qohumudur. Mən də dedim, o nə deməkdir ki? Gətirin vəzifəyə həmin adamı. Həmin adam gəldi, fəaliyyət göstərdi, özünü doğrultdu. Ona görə o vaxt gərək gələrdiniz”. Bizimlə görüşdüyü dönəmdə Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərirdi. Heydər Əliyev deyirdi ki, indi burada səlahiyyətim yoxdur, amma Naxçıvana gəlin, orada nə şərait istəyirsiniz sizə yarada bilərəm. Qeyd edim ki, orada mənim stolumun üstündə Leninin büstü var idi, onu atdıq, Məhəmməd Əmin Rəsulzadənin büstünü qoymuşuq, onun bayrağını asmışıq”. Görüş belə oldu… Sonra Heydər Əliyev və ətrafı getdi. İki nəfər qaldı. Bizdən aralı gəzirdilər”.

Rais Rəsulzadə Heydər Əliyevlə şəxsən görüşündən də söz açıb:

“Günlərin birində gecə saat 10-11 arası telefonumuza zəng gəldi. Zəng edən özünü təqdim etdi, məni sabah Prezident Aparatında gözlədikləri bildirdi. Həmin gün Polşa Prezidenti gəlmişdi. Mənimlə söhbət etdi. “Siz rəssamsınız?” “Emalatxana var?” kimi suallar verdi. Həmin görüş zamanı maraqlı an yaşandı. Prezidentin köməkçisi işləyən rusdilli bir qız vardı. Mən oradan çıxanda rusca soruşdu ki, “o nə dedi?”. Ərizə yazdınız hə? Dedim ki, “haradan bilirsiniz?” Mənə ərizə vərəqələrini göstərdi. Mən ərizə yazmadığımı bildirdim. Ərizə yazmaq lazım idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*