“Atası bir dəfə də olsa, konfet alıb qızının yanına gəlməyib” – Xanım Qafarovanın anasıbackend

“Atası bir dəfə də olsa, konfet alıb qızının yanına gəlməyib” - Xanım Qafarovanın anası

Aktrisa Xanım Qafarovanın anası Gövhər Qafarova müsahibə verib.
KONKRET.az həmin müsahibəni təqdim edir:
-Gövhər xanım, səhhətiniz, yaşayışınız necədir?
-Şükür, dolandıran Allahdır. Həm mən, həm də Gövhər pensiya alırıq. Camaat necə, biz də elə. Əlbəttə ki, böyük problemləri həll edə bilmirik, amma gündəlik dolanışığımıza bəs edir. Mən naşükür insan deyiləm. Nənə-bala dolanırıq. Gövhər 8-ci sinifdə oxuyur, illər elə tez gəlib keçir ki. Özüm də Xanım rəhmətə gedəndən xəstəyəm, dava-dərmanla yaşayıram. Dərmanlar da od qiymətinədir.
-Bu gün kimlər gəlib qapınızı açır?
-Təzə-təzə hamı gəlib gedirdi, indi bir o qədər də yox. Zəmanə çətindir, heç kimdən nəsə ummuram. Teatrdan bizimlə daim əlaqə saxlayırlar. Müharibə və pandemiyaya qədər Qənirə xanım gəlirdi, hər zaman maraqlanırdı. İndi onların da başı qarışıqdır, ummuram da.
-Xanım Qafarova boşluğunu kimsə doldura bilib?
-Onun nəfəsini, qoxusunu qızından alıram, amma heç biri mənə Xanımı əvəz etmir. Xanımın yoxluğu ilə barışa bilmirəm. Həm oğlum idi, həm də qızım. Bir qızım da var, onun da təzyiqdən gözləri tutulub.
-Ən böyük arzunuz nədir?
-Ən böyük arzum Gövhərin ali məktəbə qəbul olunmasıdır. Mənim dərdim bir dənə budur. Allahdan buna görə ömür yox, vaxt istəyirəm.
-Gövhər həm də anasının yolunu davam etdirir, aktrisa olmaq istəyir. Ona mane olacaqsınız?
-Xeyr, ona mane olmadım, çünki hələ uşaqdır. Mübariz Mənsimovun vasitəsilə Türkiyədə Mahsun Kırmızıgülün filmində çəkildi. Azərbaycanda da iki uşaq filmində rol alıb. Mübariz bəy bizim ailəyə çox böyük köməklik göstərib. Bayramlarda zəng edib Gövhəri, məni təbrik edir. Dövlətimiz də Xanımın sağlığında onun üçün çox şey etdi, müalicəsinə nə qədər pul xərclədi. Dövlətimizdən də çox razıyam.
-Xanımın istedadından sizcə kifayət qədər istifadə olundu?
-Onun içi dolu idi, elə bil ki, sənət üçün yaranmışdı. Təəssüf ki, ondan çox istifadə olunmadı, arzuları ürəyində qaldı. Sənətini o qədər sevirdi ki. Deyirdi ki, ana sağalıb, sənətimin arxasınca ayaqyalın qaçacağam. Qismət olmadı. Son illərdə xərçəngə yoluxandan sonra iynə vurub səhnəyə çıxırdı. Morfini yaxın buraxmırdı özünə. Allah adamı idi, ibadətlərə çox gedirdi. Deyir ki, mənə mollaxanım deyirlər, çünki dostlarımla içki yox, çay içirəm. Gövhər anasının şəkilini kitabının arasında, telefonunda saxlayır. Dərd paylaşdıqca azalar deyirlər, amma bizim dərdimiz bir gün də azalmadı, əksinə çoxaldı. Hər onun şəkilinə baxanda köz olmuş yaram qanayır. Övlad dərdi azalmır. Mən bir oğlumu da hərbi xidmətdə itirmişəm, erməninin bəlasına gəldi. Bir neçə övlad, nəvə itirmişəm. Mən dünyaya dərd çəkmək üçün gəlmişəm.
-Gövhərin atası qızını görməyə gəlir?
-Ata da elə o vaxtdan xəstədir, indi də lap yatağa düşüb. Bəzən zəng edir, amma hələ bir konfet alıb qızına gətirməyib. Gövhər də gedib-gəlmir. Mən ona heç bir qadağa qoymamışam, atasıdır istəsə böyüyəndən sonra gedib tapar onu./moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*