Attraksion həvəskarlarına XƏBƏRDARLIQ: Əyləncə qurğularına minməzdən öncə bunlara mütləq riayət edinbackend

Attraksion həvəskarlarına XƏBƏRDARLIQ: Əyləncə qurğularına minməzdən öncə bunlara mütləq riayət edin

Səudiyyə Ərəbistanının Taif şəhərində yerləşən əyləncə parkında baş vermiş ağır hadisə diqqətləri attraksionların təhlükəsizliyi məsələsinə yönəldib. Yerli mətbuatın məlumatına görə, attraksionun qırılaraq yerə çırpılması nəticəsində 23 nəfər xəsarət alıb. Hadisə Azərbaycanda fəaliyyət göstərən əyləncə parklarındakı attraksionların vəziyyətinə dair mövzunu da gündəmə gətirib. Bəs görəsən, bizdə bu sahədə vəziyyət necədir? Təhlükəsizlik məsələləri necə təmin olunur?

Mövzu ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev KONKRET.az-a açıqlamasında bildirib ki, attraksionlar təhlükə potensialı olan avadanlıqlar siyahısına daxildir. Bu səbəbdən də, onların istismarı ciddi təhlükəsizlik tələbləri ilə tənzimlənməlidir. Onun sözlərinə görə, bəzi hallarda kustar üsulla hazırlanmış, texniki pasportu və istismara yararlılıq sənədi olmayan attraksionlar qanunsuz şəkildə fəaliyyət göstərir ki, bu da ciddi təhlükə yaradır:

“Ölkədə hələ də texniki təhlükəsizlik ekspertizasından keçməyən və icazəsiz istismarda olan attraksionlar var. Belə hallarda bu obyektlərin fəaliyyəti dərhal məhdudlaşdırılmalı, yoxlamalar gücləndirilməlidir. Fövqəladə Hallar Nazirliyi tərəfindən ildə azı bir dəfə attraksionlara texniki baxış keçirilməlidir. Yoxlama zamanı təhlükə riski aşkarlanarsa, attraksionun fəaliyyəti dərhal dayandırılmalıdır. Əyləncə qurğularından istifadə etməzdən əvvəl vətəndaşlara qısa təlimatlar verilməli, attraksion operatorları isə xüsusi təlim keçərək müvafiq ixtisas biliklərinə yiyələnməlidirlər. Təhlükəsizlik nişanları və “stop” düymələrinin yerləri aydın şəkildə göstərilməli, attraksionun pasport və son texniki yoxlama sənədləri gözlə görünən yerdə yerləşdirilməlidir. Bəzən operator vəzifəsinə təsadüfi şəxslər cəlb olunur ki, bu da riski daha da artırır. Nəticədə, istismar qaydalarına əməl olunmadıqda attraksion istifadəçilərinin həyatı təhlükəyə atılır. Attraksionlarda təhlükəsizliyin təmin olunmasına görə birbaşa məsuliyyət obyekt sahiblərinin üzərindədir”, – ekspert vurğulayıb.

Qeyd edək ki, son illərdə Azərbaycanda bir neçə əyləncə obyektində texniki nasazlıqlar qeydə alınıb. Mütəxəssislər əhalini yalnız sənədləşdirilən və texniki baxışdan keçən attraksionlardan istifadə etməyə çağırır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*