“Ermənistan öz şıltaqlığına görə Avropa İttifaqı üçün yükə çevrilməməlidir”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsinin təxirə salınmasını şərh edərkən deyib.
Aşotyan sənədi yarımçıq adlandıraraq, Brüsselin bu qanun layihəsi haqqında bir söz demədiyini diqqətə çatdırıb.
O, Respublika Partiyasının da daxil olduğu “Mənim Şərəfim Var” fraksiyasının bu layihənin əleyhinə səs verməsini düzgün adlandırıb.
“Biz Ermənistanı sevirik və Avropa İttifaqını çox yaxşı tanıyırıq. Üstəlik, bu cür uzaqgörən siyasi şıltaqlıqlara görə Aİ-yə yük olmaq istəmirik”, – deyə Aşotyan vurğulayıb.
Xatırladaq ki, daha öncə məlum olub ki, parlamentin Avropaya inteqrasiya komissiyası qanun layihəsinin ikinci oxunuşda müzakirəsini təxirə salıb. Qərara əsasən, parlament komissiyasının hansı nəticəyə gəlməsindən asılı olmayaraq, sənəd martın 25-də parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az