Avropa Parlamenti niyə Zelenskini ayaq üstə alqışladı? – ŞOK SƏBƏBLƏRbackend

Avropa Parlamenti niyə Zelenskini ayaq üstə alqışladı? - ŞOK SƏBƏBLƏR

Dünən iki maraqlı hadisəni müşahidə elədim. Birincisi o idi ki, BMT-nin toplantısında Rusiya Xarici İşlər naziri Sergey Lavrov baykot edildi. O onlayn qoşulduğu iclasda çıxışa başlayar-başlamaz çoxluq sakitcə zalı tərk etdi. Yəni Lavrovun simasında Rusiya eşidilmədi, boykot edildi.

Əslində bu mənzərə mənə tanışdır. 90-cı illərin əvvəlində bizim parlamentdə də kiminsə danışığı xoşa gəlmiyəndə çoxları durub zalı tərk edirdi. İndi də elə oldu. Açığı dünyanı idarə edən dövlətlərin bu hərəkəti məni məyus etdi. Ona görə yox ki, Sergey Viktoroviçi dinləmədilər, boykot etdilər. Məhz ona görə ki, aparıcı dövlətlər açıq dialoqdan qaçdılar. Gözləmək olardı ki, həmin toplantıda normal bir müzakirə gedərdi. Hamı öz sözünü deyər və lap elə Rusiya siyasi elitası açıq şəkildə ifşa olunardı. Lakin bu, olmadı. Bu da onu göstərir ki, dünyanın qulağı həqiqətləri eşitməyə hələ hazır deyil.Əksər dövlətlər həqiqətin yox, ABŞ-ın yanında dayanır. ABŞ-ınsa niyəti bəllidir. Dünyanın tək ağası olmaq istəyir. Və Lavrov bəlkə də düz elədi onu baykot edənlərə qışqırdı”axmaqlar”… Çox təəssüf ki, bu gün dünyanı axmaqlar idarə edir.

Amma bu boykot məsələsində bir məqam məni sevindirdi. Bilirsiniz nə? Biz 30 il bundan qabaq istifadə etdiyimiz siyasi texnologiyanı Qərb indi-indi tətbiq eləyir. Deməli, biz nədəsə Avropanı qabaqlayırıq. Özü də ən azı 30 il.

Məni təsirləndirən ikinci məqamsa Volodimir Zelenskinin Avropa Parlamentindəki çıxışı zamanı bütün parlamentarilərin Ukrayna prezidentini ayaq üstə alqışlaması oldu. Bu mənzərə məni lap 50 il qabağa apardı. Rəhmətlik Brejniyevin belə çapan çalma mərasimlərindən çox xoşu gəlirdi. Amma Zelenskinin duruşu və şairanə danışığı mənə daha çox Nemət Pənahlının 80-ci illərin sonlarındakı alovlu çıxışını xatırlatdı. Və o mənzərəyə baxa-baxa düşündüm ki, “nə ola, Zelenski deyə ki, “oturan ermənidir”. Amma nainsaf oğlu ürəyimdən keçəni demədi. Eləcə danışdı. Heç Nemət bəy kimi şeir də demədi. Yəqin Volodya şeir bilmir. Bilirsə də, rusca bilir. Ona görə də demədi. Və bu məqamda yenə sevindim. Dedim ki, “vay canına, bu çapan və alovlu çıxış məsələsində Avropa ruslardan 50 il, bizdənsə 35 il geri qalır”.

Sonra bir xeyli düşündüm. Dedim ki, biz vaxtilə Neməti niyə ayaq üstə alqışladığımızı heç olmasa bilirdik. Bəs bu avropalılar Zelenskini niyə ayaq üstə alqışlayırlar. Bu balaca kişi nə edib ki?! Hansı qəhrəmanlığı göstərib?

Mən biləni Ukraynanın 20 faizdən artıq torpağını ruslar işğal edilib. İndi də ruslar gəlib Kiyevə dirənib. Ukrayna xalqı qırılır, didərgin düşür, aclıqdan ölür. Putində sağ-salamat oturub Kremldə əmrlər verir. Ukraynanın belə bir acınacaqlı vəziyyətində avropalılar Volodyanı niyə ayaqda alqışlayırlar?

Məsələ aydındır. ABŞ və Qərb axır ki, axtardıqlarını tapıblar. Volodimir Zelenskini tərifləyə-tərifləyə göylərə qaldırıblar. Sonra da onu və onun əliylə də Ukrayna dövlətini qudurmuş ayının qabağına atıblar. Və həm ABŞ, həm də Avropa düşünür ki, Ukrayna savaşı Rusiyanı çökdürəcək, bəlkə də dağıdacaq. Bəs Ukrayna? Bu məsələdə Ukraynanın taleyi nə ABŞ-ı, nə Qərbi, nə də ki Rusiyanı düşündürür. Ukrayna dövləti və xalqı indiki məqamda daha çox qurbanlıq quzuya bənzəyir.

Ən pisi də odur ki, bunu Zelenski və onun yaxın çevrəsi də bilir. Amma Qərbin çapanı və tərifli sözləri Zelenskinin gözünü elə bağlayıb ki, o acınacaqlı reallıqları düzgün dərk eləmək qabiliyyətini itirib. O, özünü qədim nağıllardakı yeddibaşlı əjdaha ilə vuruşan qəhrəman sifətində görür. Bu isə təkcə Zelenskinin deyil, bütövlükdə Ukrayna xalqının faciəsidir. Çünki bu müharibədə qaliblər, qazananlar olacaq. Lakin Ukrayna dövləti və xalqı bütün hallarda məğlubiyyətə, dağılmağa və məhv olmağa məhkumdur.

Zelenski təriflərdən o qədər başını itirib ki, ən xırda reallıqları belə dəyərləndirə bilmir. O bilmir ki, bu savaşda Rusiya sona qədər gedəcək. Nəticəsi nə olursa olsun. Çünki Putinin ikinci yolu yoxdur. Çünki bu layihədə ABŞ və Qərbin hədəfi Rusiyanı məhv edib dağıtmaqdır. Təbii ki, 150 milyonluq rus xalqının da taleyi ABŞ və Qərbi əsla maraqlandırmır.Onların hədəfi Rusiya kimi güclü bir rəqibi nəyin bahasına olursa-olsun sıradan çıxarmaqdır.

İndiki vəziyyətdə nə Putin, nə də ki, Zelenski güzəştə getmək fikrindən çox uzaqdır.Bu da hadisələrin daha qorxunc məcrada inkişaf edəcəyini göstərir.

Sonda onu da demək istəyirəm ki, BMT və Avropa İttifaqı niyə hər zaman bu qədər “adil və qətiyyətli” olmur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin 4 qətnaməsi 25 il kağız üzərində qalanda, Liviyada, Suriyada, İraqda, Misirdə və daha neçə-neçə müsəlman ölkəsində dinc əhali qırılanda, ölkələr viran qalanda niyə bu qədər prinsipial olmadılar?!

Deməli, ABŞ, Avropa, lap elə Rusiya da heç zaman ədalət hayında olmayıblar. Onlar hər zaman öz maraqları üçün qərarlar verib, hərəkət ediblər. Bunun üçün gah demokrat donu geyiniblər, gah da insan haqlarının müdafiəçisi olublar.

İndi də iki slavyan xalqı qurdlar süfrəsinə qoyulub. Parçalanmaq, yeyilmək, dağıdılmaq üçün… Vəssalam.

Surxay Atakişiyev,

KONKRET.az

  • afaq
    Mart 2, 2022 - 12:15

    Surxay bəy, sizin kimi talantlı bir jurnalist və ziyalının belə bir qərəzli mövqe tutması əsla təqdirəlayiq deyil…siz çox gözəl bilirsiniz ki, başlıcası Avropa olmasaydı biz müstəqil olmazdıq və indi ən azı güneydəki soydaşlarımızın olduğu bir durumda idik..bu gün heç Türkiyə də Ukraynanı müdafiə etmir, yalnızca öz çıxarlarını güdür….Ərdo…Putinin dostu və çox şeydə oxşarıdır, onu yalnız şəxsi maraqları ilgiləndirir…Qərb olmasaydı bugün heç Ukrayna da yox idi…Sizin və bu saytın kremlpərəst olmağınız çox üzücüdür…Sədd heyif…hələ gec deyil, düşünüb daşınıb dəyişin…ən yaxşısı bu olar..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*