“Avropa Şurasında Azərbaycana qarşı işləyən qüvvələr az deyil” – Səməd Seyidovbackend

“Avropa Şurasında Azərbaycana qarşı işləyən qüvvələr az deyil” - Səməd Seyidov

“Avropa Şurası illərboyu Azərbaycan-Avropa münasibətləri içərisində xüsusi bir yer tutmuş və tutur. Yaddan çıxartmaq lazım deyil ki, 2005-ci ildə məhz cənab Prezidentin birbaşa tapşırığı və göstərişi əsasında Azərbaycan torpaqlarının işğalı və azərbaycanlılara qarşı etnik təmizləmələrlə bağlı 14-16 nömrəli sənəd qəbul olunmuşdur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O qeyd edib ki, bu tarixi sənəd bizim üçün çox vacib və əhəmiyyətli olmuşdur:

“Bu tarixi sənədi biz dəfələrlə diplomatik müharibədə istifadə etmişik. Orada olan sözlərdən, cümlələrdən, fikirlərdən bəhrələnmişik və bu, özü-özlüyündə həddindən artıq, vacib əhəmiyyətli bir məsələdir. Bundan başqa Avropa Şurasında Azərbaycanın mövqeyini əks etdirən xeyli sənədlər olub. Ancaq bununla yanaşı Avropa Şurasının da içərisində Azərbaycana qarşı işləyən qüvvələr də az deyil, çoxdur. O cümlədən, onlar müxtəlif bəyanatlar, müxtəlif sənədlər vasitəsilə erməni lobbisinin Azərbaycana qarşı işləyən qüvvələrin vasitəsilə Azərbaycana təsir, təzyiq göstərmək və Azərbaycanda reallığı tamamilə fərqli formada əks etdirmək cəhdlərini də göstərmişdilər. Biz bunların dəfələrlə şahidi olmuşuq. Ona görə Avropa Şurası beynəlxalq təşkilat olduğu halda, onun rolunu,əhəmiyyətini, təsirini nə azaltmaq olmaz, nə də onun rolundan və əhəmiyyətindən artıq ona dəyər vermək də olmaz”.

S.Seyidov diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlarla Azərbaycan öz münasibətlərini konstruktiv və ən əsası milli maraqlarına uyğun olaraq aparır:

“Biz Avropa Şurasında  fəaliyyət göstərmişik və bundan sonra da göstərəcəyik. O, bir beynəlxalq səviyyədə olan  forumdur və o forumda biz iştirak etməliyik. O forumun içərisində müxtəlif vacib, əhəmiyyətli təşkilatlar var. Bilirsiniz ki, Avropa Şurası bir neçə qurumdan ibarətdir. Onu yalnız Parlament Assambleyasıyla məhdudlaşdırmaq olmaz. Nazirlər Komitəsi, Avropa İnsan Haqları Məhkəməsindən və s. ibarət böyük, geniş bir təşkilatdır. Biz bu təşkilatla əməkdaşlıq edirik. Harada bizim milli maraqlarımıza uyğundursa, biz onu yüksək səviyyədə qiymətləndiririk, harada isə milli maraqlarımıza hansısa bir təsir, təzyiq və ya başqa cür təqdim olunması məsələsini görürüksə, onu da açıq-aşkar deyirik. Bu gün Azərbaycan müstəqil və güclü bir dövlətdir. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın mövqeyi bildiyimiz kimi, o cümlədən də, Avropa Şurasında tamamilə fərqli və yüksək səviyyəli bir yerdədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*