Ursula fon der Lyayen ABŞ-la sərfəli olmayan razılaşmaya məcbur qaldı
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ABŞ-la gömrük rüsumlarına dair Avropa üçün əlverişsiz hesab olunan bir razılaşmanı imzalamağa məcbur olub.
KONKRET.az xəbər verir ki, bu barədə The Sunday Times qəzeti Brüsselin nüfuzlu analitik mərkəzlərindən biri olan Bruegelin baş elmi əməkdaşı Yakob Kjerkegor-a istinadla məlumat yayıb.
Ekspertin sözlərinə görə, ticarət baxımından bu saziş Avropa üçün “dəhşətli” olub. “Amma əgər siz məsuliyyətli bir lidersinizsə, NATO-nun aparıcı hərbi gücü – Trampın rəhbərlik etdiyi Amerika – ilə münasibətləri qorumaqdan başqa seçiminiz yoxdur”, – deyə o bildirib.
Məqalədə qeyd edilir ki, fon der Lyayen əvvəlcə ABŞ-ın rüsum təhdidlərinə qarşı sərt cavab tədbirləri hazırlamışdı. Lakin son anda geri çəkilərək, Şotlandiyada Donald Trampla keçirilən son görüşdə güzəştə getməyə razılaşıb. The Times qəzetinin analizinə görə, bu qərar qismən Avropa biznesini qorumaq məqsədi daşısa da, əsas səbəb ABŞ prezidentinin bu məsələni Ukraynaya hərbi dəstəyin azaldılması və ya ümumilikdə Avropanın təhlükəsizliyinə zərbə vurmaq üçün bəhanəyə çevirməsindən ehtiyat edilməsi olub.
Brüssel dairələrində narahatlıq doğuran əsas məqam isə yaxın həftələrdə dərc olunması gözlənilən ABŞ-ın hərbi strategiyasının yenidən nəzərdən keçirilməsi ilə bağlı hesabatdır. Bu sənəd 800 minlik ABŞ hərbi kontingentinin Avropadan hissəvi şəkildə çıxarılmasına səbəb ola bilər.
The Sunday Times fon der Lyayenin Trampla görüşünü NATO-nun baş katibi Mark Ryuttenin Trampı “papa” adlandırması ilə müqayisə edib. “O, bu çirkin işi görməyə məcbur idi, çünki bu zəruri idi”, – deyə Kjerkegor bildirib.
Natiq Səlim,
KONKRET.az