“İstəkli ölkələr koalisiyası” Ukraynada müharibədən sonrakı dövrdə öz hərbi kontingentlərini yerləşdirməyin üç mümkün ssenarisini işləyib hazırlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Almaniyanın Der Spiegel jurnalı mənbələrinə istinadla məlumat yayıb.
Birinci ssenari – müşahidə missiyasının göndərilməsini nəzərdə tutur. Bu missiyanın əsas vəzifəsi mümkün sülh sazişinin icrasına nəzarət olacaq. Lakin jurnal yazır ki, bu variant zəif ehtimallı hesab olunur, çünki Kiyevin təhlükəsizliyini təmin etməkdə kifayət qədər effektiv sayılmır.
İkinci ssenari – daha real görünən plandır. Burada Qərb hərbçilərinin Ukrayna ərazisində, cəbhə xəttindən xeyli uzaqda yerləşdiriləcək təlim bazalarında ukraynalı çağırışçıları hazırlaması nəzərdə tutulur. Bu halda koalisiyadan on minlərlə əsgərin səfərbərliyi tələb olunacaq. Məqsəd isə illik hazırlanan ukraynalı əsgərlərin sayını hazırkı 90 mindən 150 minə qədər artırmaqdır. Təlimlərin bir hissəsinin Polşada keçirilməsi də planlaşdırılır.
Üçüncü ssenari – “cəbhə xəttinin hərtərəfli təhlükəsizliyi” adlanır. Bu halda 150 mindən çox əsgərin, yaxşı təchiz olunmuş hərbi bölmələrin və hava dəstəyinin cəlb edilməsi nəzərdə tutulur. Lakin bu variantın real görünmədiyini Fransa və Böyük Britaniya açıq şəkildə bildiriblər.
Der Spiegel yazır ki, ölkələrin qoşun göndərməyə hazır olması ilə bağlı mövqelər ciddi şəkildə fərqlənir. Təklif olunan müxtəlif formatlar isə prosesin hələ də real missiyanın tətbiqindən uzaq olduğunu göstərir.
Müşviq Tofiqoğlu
KONKRET.az