Avropalı missionerdən XƏBƏRDARLIQ: “Paşinyan, bizi qovmaq haqqında düşünmə, yoxsa…”backend

Avropalı missionerdən XƏBƏRDARLIQ: “Paşinyan, bizi qovmaq haqqında düşünmə, yoxsa..."

Ermənistan Qərbin diktə etdiyi siyasi kursa uyğun addım atır. ABŞ və Fransadan gələn təlimatla Nikol Paşinyan Avropaya istiqamət götürüb. Bunun üçün Avropaya inteqrasiya məsələsi gündəmdədir və İrəvan Aİ-yə namizəd olmaq üçün işlər aparır. Hətta Ermənistan parlamentində səsvermə də keçirilib.

Avropadan min kilometrlərlə uzaqda yerləşən, Cənubi Qafqazda dalana dirənən Ermənistan əslində Qərbin əlində vasitədir. Onlar Cənubi Qafqaza soxulmaq üçün Ermənistanın “xidmətlərindən” istifadə edir və bunun üçün İrəvana hər cür “yardım” göstərirlər. Ermənistana hərbi-siyasi dəstəyini əsirgəməyən Fransa Azərbaycanla sərhəddə Aİ-nin müşahidə missiyasını yerləşdirməsinin əsas təşəbbüskardır. İki il əvvəl Ermənistanla Azərbaycan arasında şərti sərhədə gətirilən avropalı maşahidəçilərin sayı get-gedə çoxalmağa başladı. Əksər Avropa ölkələrini təmsil edən müşahidəçilər arasında hətta uzaq Kanadadan da nümayəndələr var. Onların işi hər gün Azərbaycanla sərhədə gəlib biz tərəfə boylanmaq və Azərbaycan əsgərinin hərəkətini izləməkdir. Müşahidə missiyasına almaniyalı Markus Ritter adlı təqaüddə olan keçmiş polis zabiti rəhbərlik edir. Kəşfiyyatçı Ermənistanda olduğu müddətdə dəfələrlə Avropa mətbuatına müsahibələr verib. Hətta 2023-cü ilin yazında o, müsahibələrinin birində demişdi ki, əgər Azərbaycan hələ də Ermənistana hücum etməyibsə, deməli, missiya öz tapşırıqlarını yerinə yetirmək üçün əla iş görür.

Sonradan o bildirmişdi ki, bu fikirləri qeyri-rəsmi söhbət zamanı deyib. Amma sonralar o eyni məzmunlu müsahibələri ilə yenidən diqqət mərkəzinə düşdü. Markus Ritter növbəti müsahibəsini bir neçə gün əvvəl verib.

KONKRET.az həmin müsahibədən bəzi məqamları təqdim edir:

“Aİ missiyası sərhəddə insidentlərin sayını azaldıb, təhlükəsizliyi artırıb və bu, sübut olunmuş faktdır. Bura gəldiyimiz ilk gündən kəşfiyyat fəaliyyəti ilə bağlı ittihamlar eşidilir, amma işimiz tamamilə şəffafdır. Biz sərhəddə açıq patrul xidməti aparırıq və hər iki tərəf hər zaman harada olduğumuzu görür”, – deyə Ritter bildirib.

O, yenə də birinci müsahibəsindəki ritorikasından əl çəkə bilmir. Biz olmasaq azərbaycanlılar hücuma keçər. Buradayıq deyə hücum baş vermir”. Əslində, sərhəd hadisələrinin sayı həqiqətən də azalıb, lakin bunun missiyanın fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu, Azərbaycanın apardığı siyasi kursla bağlıdır. 2023-cü ilin sentyabrında ölkəmiz suverenliyini tam bərpa etdikdən sonra, Ermənistan tərəfinin təxribatlar üçün siyasi əsasları azalıb. Amma buna baxmayaraq, əvvəlki kimi tez-tez olmasa da, Azərbaycan mövqelərinin atəşə tutulması hələ də baş verir. Ona görə də yaxşı olardı ki, missiya sərhədin yerləşdiyi tərəfə daha çox nəzarət etsin və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatlarının qarşısını alsın.

“Bizim buradakı fəaliyyətimiz Aİ nümayəndəliyi vasitəsilə əvvəlcədən Bakıya çatdırılır. Ona görə də, heç bir gizli fəaliyyətlə məşğul deyilik. Biz tərəflərə real vəziyyəti beynəlxalq ictimaiyyətdən, xüsusən də Brüsseldən gizlətməyə imkan vermirik. Bu, həm Ermənistan, həm də Azərbaycan üçün əlverişsizdir. Çünki onlar Aİ-nin xəbəri olmadan heç nəyə başlaya bilməzlər. Paşinyanın təklifi missiyanın geri çəkilməsi ilə bağlı deyil, yalnız sərhədin dəqiq müəyyən edilmiş, demarkasiya olunmuş hissələrində fəaliyyətinin azaldılması ilə əlaqədardır. Lakin bu, o demək deyil ki, biz cəbhəyanı kəndlərə səfər etməyi və yerli sakinlərlə ünsiyyəti dayandıracağıq. Tərəflər patrulları azaltmağa razılaşsalar, bizim etirazımız olmayacaq”, – deyə Ritter bildirib.

Ritter həm də qarşı tərəfə xəbərdarlıq da edir: “Paşinyan! bizi qovmaq haqqında heç düşünmə. Cəbhəyanı kəndlərə baş çəkmək və yerli sakinlərlə ünsiyyət qurmaq bizim missiyamıza daxildir. Biz burada sizin təhlükəsizliyiniz üçün çalışırıq. Hazırda sərhəddə vəziyyət nisbətən sakitdir, ciddi insident yoxdur. Bununla belə, hər iki tərəf vəziyyətin mümkün pisləşməsinə açıq şəkildə hazırlaşaraq mövqelərini gücləndirməkdə davam edir. Buna baxmayaraq, ümumilikdə işlər düzgün istiqamətdə gedir. Biz “ən pisə hazırlaş, amma ən yaxşısına ümid et” prinsipiylə işləyirik.

Ritterin bu ifadəsi bir qədər aydın deyil. Əgər tərəflər vəziyyətin pisləşməsinə hazırlaşırsa, düzgün istiqamətdə hərəkət etməkdən necə danışmaq olar? Əgər ən pisə hazırlaşırsansa, bu missiyanın nə mənası var? Yəni, onun rəhbərinin sözlərindən belə çıxır ki, hər şey mümkündür. Bu arada, əgər siz “sülh göyərçini” rolunu öz üzərinizə götürmüsünüzsə, o, mütərəqqi olmalıdır. Ritterin məntiqinə görə, əgər müharibə indi baş verməyibsə, bu, onun qarşısını almaqlarına görə deyil, obyektiv şəraitin hələ yetişməməsi səbəbindədndir.

Nəhayət, müsahibənin ən kəskin keçidi: “Misiyanın ikinci mandatı eyni vəzifələri (patrul, hesabat və etimadın möhkəmləndirilməsi) saxlayacaq. Biz cəbhəyanı kəndlərdəki məktəblərə baş çəkməyə, uşaqlara missiya və Aİ haqqında danışmağa davam edəcəyik. Bu, işimizin vacib tərəfidir, çünki biz missiyamızın mülki və silahsız olduğunu çatdırmağa çalışırıq. Biz kəşfiyyatla məşğul deyilik, lakin regionun sabitləşməsinə kömək edirik”.

Burada Ritter əsl kəşfiyyatçı kimi danışır. İndiyə kimi heç bir kəşfiyyatçı öz missiyasını könüllü olaraq etiraf etməyib. Əgər ortada sübut varsa, Ritterin dediklərinə niyə inanmalıyıq? Hər gün şərti sərhəddə Azərbaycana tərəfə boylanan missionerlər topladıqları kəşfiyyat məlumatlarını Avropaya göndərir və orada bəzi məsələlər müzakirə olunur. Buna uyğun olaraq Ermənistana silahlar göndərilir və Azərbaycanla sərhəddə hücüm silahları yerləşdirilir. Ritter isə bildirir ki, avropalılar erməni kəndlərini gəzir, yerli əhaliylə söhbət edir. Ritter gözəl bilir ki, missiyanın məqsədi kəndlərdə erməni folkloru toplamaq deyil və onları maraqlandıran həmin kəndlərə yaxın Azərbaycan mövqelərinə tərəf boylanmaqdır. Əgər günlərin birində hərbi əməliyyat başlayarsa, o zaman Ritter və onun kəşfiyyatçı dəstəsiylə heç kəs hesablaşmayacaq. O zaman onların Müsyö Jordan kimi, güc-bəla ilə üzü Parisə qaçmaqdan başqa yolları qalmayacaq.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*