Hüseyn Həsənov Moskvadakı mənzilini başqa şəxsin adına keçirdibackend

Hüseyn Həsənov Moskvadakı mənzilini başqa şəxsin adına keçirdi

Axtarışda olan məşhur bloqer Hüseyn Həsənov “Moskva Siti”dəki mənzilini yeni sahibinin adına keçirib. Bu, mayın 19-da – Həsənovun beynəlxalq axtarışa verilməsindən sonra həyata keçirilib və görünür, əmlaka həbs qoyulmasının qarşısını almaq məqsədi daşıyıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, bloqer mənzilini tanışı olan moskvalı rieltor Vadim Boqaçın adına rəsmiləşdirib.

Boqaç əvvəllər Həsənova daşınmaz əmlak seçib. Onların birlikdə çəkdirdikləri və dərc etdikləri fotolar mövcuddur, hətta rieltor 2022-ci ildə ad günündə Hüseynə başqa birotaqlı mənzil də bağışlayıb. Cinayət işi ilə bağlı səs-küydən sonra ölkədən gedən bloqer Boqaçla razılaşıb və 100 milyonluq mənzili onun adına keçirib ki, üzərinə həbs qoyulmasın və müsadirə olmasın.

Boqaç özünü “ulduzlu rieltor” adlandırır və deyir ki, o, rusiyalı məşhurlara, o cümlədən Klava Koke, Dima Bilan, Yeqor Krid və başqalarına mənzil almağa kömək edir.

Qeyd edək ki, daha əvvəllər Hüseyn Həsənov Rusiyadakı əmlakını aktiv şəkildə satıb. Əvvəlcə o, təxminən 50 milyon rubl (1 milyon manatdan çox) dəyərində olan 2020-ci il buraxılışı “Rolls-Royce Cullinan”dan “qurtulub”, daha sonra “Neva Towers”də 44-cü mərtəbədə yerləşən 124 kvadratmetr sahəsi olan üçotaqlı mənzilini satışa çıxarıb.

Ölkəni tərk etdikdən sonra bloqer mənzillərini ayda 749 min rubla (təxminən 16 min manat) icarəyə verib, sonra isə 100 milyon rubla (2 milyon manatdan çox) satışa çıxarıb, lakin uzun müddət alıcı tapa bilməyib.

Xatırladaq ki, mayın 14-də Rusiya Daxili İşlər Nazirliyi milyonluq izləyicisi olan bloqeri çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində axtarışa verib. O, qiyabi həbs edilib və indi onu 7 ilə qədər həbs və külli miqdarda pul cəriməsi gözləyir. Həsənov özü bütün vergiləri və cərimələri ödədiyini bildirib. O, 320 milyon rubl (7 milyon manata yaxın) məbləğində pul verdiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*