AY Partiya Azərbaycanda siyasi partiyalarla görüşlərə başlayıbbackend

AY Partiya Azərbaycanda siyasi partiyalarla görüşlərə başlayıb

Bu gün AY Partiya Başqanı Anar Əsədli Ədalət Partiyasının sədri İlyas İsmayılov ilə görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqan müavini Elşad Abdullayev, Baş Məclisin sədri Şəmsəddin Rəhimli, sədr müavini Əlisəfa Quliyev, Gənclər Təşkilatının üzvü Ruhəngiz Cəfər, Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Elxan Şükürlü iştirak ediblər.

Anar Əsədli heyət üzvlərini tanıtdıqdan sonra partiyanın quruluş məqsədi və yaxın gələcəyə aid planları haqqında məlumat verib. Azərbaycan siyasətinin gündəliyində olan məsələlərə fikir bildirən AY Partiya Başqanı partiyalar arasında əlaqələrin və əməkdaşlığın vacibliyinə diqqət çəkib. O bildirib ki, Azərbaycan siyasətçilərinin və partiyalarının arasında daimi fəaliyyət göstərən platforma qurulsa, bundan hamı faydalanar.

Ədalət Partiyasının sədri bildirib ki, siyasət bir adamın, bir partiyanın arzuları ilə yox, qanunlarla idarə olunmalıdır. O, dövlətin qanunun aliliyi prinsipi ilə fəaliyyət göstərməli olduğunu deyib, proporsional seçki sisteminin bərpasının vacibliyindən danışıb, AY Partiya ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

AY Partiya Başqanının rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə də görüşüb. Anar Əsədli görüşün məqsədi, partiyanın yaranma tarixi haqqında qısa məlumat verib. İqtidar ilə müxalif arasında dialoqa önəm verməklə yanaşı, müxalifət daxilində də dialoqun yüksək səviyyədə olmasını arzuladığını əlavə edən Anar Əsədli partiyalar ilə görüşlərin keçirilməsinin bundan sonra daimi iş planının bir parçası olacağını vurğulayıb.

Pənah Hüseyn siyasi partiyaların birgə fəaliyyətlərini dəstəklədiyini bildirib. O, milli partiyalar üçün Türk Dünyası ilə əlaqələrin prioritet olması gərəkdiyini diqqətə çatdırıb. Pənah Hüseyn qeyd edib ki, bələdiyyələrə geniş səlahiyyətlər verilməlidir.

Görüşlərdə gündəmə dair digər məsələlər ətrafında müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*