Yaradıcılıq sahələrinin sovet dövründə dövlətin fəaliyyətini təbliğ etmək məqsədi ilə ittifaqlar adı altında birləşməsi, bu gün də bu formatda fəaliyyət göstərməsi ilə artıq yaradıcı mühitin boğulması və məhdudlaşdırılması az qala rəsmiləşib. Təbii ki, ayda 200 manat təqaüd almaq arzusuyla yaşayan, şeirləri “Ulduz”, “Azərbaycan” qəzet və jurnallarında dərc olunsun deyə, dua edən, ədəbi camiədə yetər ki, yeri olsun, başqa heç nə vecinə olmayan dırnaqarası və dırnaqsız yazarların Azərbaycan Yazıçılar Birliyinə üzv olmaqdan ötə arzusu və uğuru ola bilməz.
Əslində, tələyə düşməyin təməli də buradan başlayır: məhrumiyyət, arzu və çarəsizlikdən istifadə etmək. Bununla da həmin yazarların, həmçinin istedadlı-üsyankar gənclərin sıxışdırılıb sıradan çıxarılmasının təməli qoyulur. Təbii ki, belə olan təqdirdə hansı yaradıcı mühitin inkişafından söhbət gedə bilər?
Əslində, diktaturanın mahiyyəti də elə budur: Məhrumiyyətlərdən yararlanmaq, özünə dəstək toplamaq. Zarafat deyil, AYB-nin hazırkı sədri Anar Rzayev 35 ildir ki, birliyin sədridir və ömrü əta eləsə növbəti 5 il üçün də sədr seçildi.
Sədrlik müddəti çoxumuzun yaşından böyük, çoxumuzla həmyaşıd olan xalq yazıçısı Anarın da fəaliyyəti diktatura deyil, bəs nədir? Görün, vəziyyət nə yerə çatıb ki, Anar Rzayevdən başqa namizədliyi irəli sürülən digər iki yazarın namizədliyi heç səsə qoyulmayıb həmin qurultayda. Anar isə seçkidən sonra jurnalistlərə verdiyi müsahibəsində deyir ki, 5 il də vəzifədə qalacaq, ondan sonra kimi istəsəniz sədr seçin. Yəni, birlik, ittifaq, yaradılıcığın inkişafı onun üçün mühüm əhəmiyyət daşımır, əsas kreslo və şəxsinə olan pərəstiş, eqosunun təmin edilməsidir. O, sədr olmasa, lap AYB-ni ləğv etsinlər, fərqi yoxdur və heç nə dəyişməyəcək. Hər halda, mən və mənim kimi çoxsaylı insanlar bu açıqlamadan bu qənaətə gəldilər.
Elə jurnalistin qurultaya ayrılan 203 min manat vəsaitin aqibəti ilə bağlı sualına tutarlı və şəffaf arqumenti olmadığı üçün onu təhqir edən xalq yazçısı, AYB-nin katibi, ziyalısı kimi təmsil etdiyi ölkənin dilində danışa bilməyən Çingiz Adullayevin hay-həşir salması da bundan xəbər verirdi. Az qala qocalar evini xatırladan Yazıçılar Birliyinin sədri isə yenidən sədr seçilməsində məqsədin nə olduğunu açıqlayanda, özü də bilmədən özünün ifşa elədi:
Sitat: Təməlini qoyduğum bəzi layihələr var. Növbəti 5 il ərzində onları tamamlamaq lazımdır.
Bilmirəm, bu layihələrdə nə qədər yeyinti olub, ya yox, amma həqiqətən tamamlanmasa Anar üçün çox çətin ola bilər.
Əslində, yaradıcı mühit sərbəst, azad və üsyankar olmalıdır. Amma bir yazıçı ki, AYB-ə üzv olmadan uğur qazana bilmirsə və ya uğurun sirrini birliyə üzv olmaqda görürüsə, bununla da azadlığını, azad yaradıcılığını itirirsə, hansı irəliləyişdən söhbət gedə bilər? Əbəs yerə deyil ki, artıq bu istiqamətdə ətalət və durğunluq yaranıb. Rəhbərlərin dəyişməsi prinsipi yoxdur, rəqabətdən söhbət gedə bilməz. Ayrılan vəsaitlərin aqibəti və şəffaflığı ictimaiyyətə bəyan edilmir. Nəticədə ərsəyə gələn sənət məhsullarında individual yanaşma görünmür . Çünki bu ittifaqlara üzv olan şəxslərin azad fikirləri təmsil etdikləri qurumları ifadə etməklə yoxa çıxır, məhvə sürüklənir. Bəs, dünya təcrübəsində necədir? Gəlin, nümunə üçün biraz da beynəlxalq sistemə nəzər salaq.
Dünya təcrübəsində eyni düşüncəyə, eyni yaradıcı təfəkkürə malik olan insanlar öz cəmiyyətlərini yaradır və öz yaratdıqları birliklərin ətrafında cəm olub heç bir dövlət təminatı və asılılıq olmadan fəaliyyət göstərirlər. Öz hesablarına ərsəyə gələn müxtəlif performanslarla özlərini inkişaf etdirərək, həm də yaradıcılıq mühitinin inkişafına nail olurlar. Amma Azərbaycan Yazıçılar Birliyi bu inkişafdan, bu fəlsəfədən elə məhrum qalıb ki, yeni nəsil yaradıcı şəxslərin inkişafında heç bir rol oynaya bilməyib və ya oynamaq istəməyib.
Əl qərəz, 35 ildir dəyişən heç nə yoxdursa, sonuncu qurultaydan sonra da nəyinsə dəyişəcəyinə ümid etmək yersizdir. Buna görə də təklif edirəm ki, ya Azərbaycan Yazıçılar Birliyi adlı xeyirə-şərə yaramayan qurum ləğv edilsin, ya da Anarı ömürlük sədr seçməklə, bu komediyaya son qoyulsun.
Mərahim Nəsib,
KONKRET.az
P.S. Qeyd edək ki, Mətbuat Şurasının sədri həm də AYB-nin sədr müavinidir. Ondan jurnalistin müdafiəsi ilə bağlı MŞ-nin bəyanatını gözlədiyimiz zaman AYB-nin sədr müavini kimi jurnalisti tərbiyəsiz adlandırdı. Məncə, artıq sözə ehtiyac yoxdur. Tarixə qovuşan iki yararsız qurumdan bundan başqa nə gözləmək olar?