Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı məlumat yayıb. Nazirliyin açıqlamasına görə, hadisə yerinə ilk çatan şəxs Hərbi Hava Qüvvələrinin aviasiya bazasının hərbi qulluqçusu, kiçik çavuş Nurlan Botagarin olub.
KONKRET.az “Zakon.kz” saytına istinadən xəbər verir ki, o, baş verən faciəvi anları danışıb.
Nəşr yazır ki, hadisə baş verən gün Nurlan texnikaya xidmət göstərilməsi ilə məşğul olub. Aviasiya bazası yaxınlığında təyyarələrin uçuşları adi haldır, lakin bu dəfə onun diqqətini qəribə bir şey çəkib. Təyyarə Aktauya yaxınlaşarkən dövrə vurmağa başlayıb və uçuş-enmə zolağına çatmamış dəniz sahilinə düşərək alovlanıb.
Hadisə barədə növbətçiyə məlumat verən Nurlan dərhal avtomobillə qəza yerinə yollanıb.
“Beynimdə köməyə ehtiyacı olan yaralı sərnişinlərin ola biləcəyi fikri keçdi. Vəziyyətin mürəkkəbliyi onda idi ki, iki yerə parçalanmış təyyarənin bir hissəsi yanırdı. Hər şey bir fəlakət filmi kimi görünürdü. İlk olaraq təxminən on yaşında, ağ gödəkçəli bir qızı gördüm. O, təyyarənin arxa hissəsindən çıxmağı bacarmışdı. Başqa avtomobillərin bizə yaxınlaşdığını gördükdə, onu həmin istiqamətə yönəltdim. Təyyarənin qopmuş arxa hissəsi çevrilmiş vəziyyətdə idi. Üst hissəyə qalxıb gövdənin parçalarını ayaqlarımla sındıraraq içəri daxil oldum və yaralılara kömək etməyə başladım”, – deyə Nurlan xatırlayır.
Təxminən 40 saniyə sonra “Mankistau Elektrik Şəbəkəsi” şirkətinin nümayəndələri də xilasetmə işlərinə qoşuldular. Nurlan təxminən on yaralı sərnişini xilas edərək onlara təhvil verib.
Hərbi qulluqçunun sözlərinə görə, hadisə yerində mənzərə dəhşətli olub. Hər yerdə ağrılı iniltilər və kömək çağırışları eşidilirdi.
“O, təyyarə qəzasında yaralanan insanlara ilk kömək edən şəxs olduğunu heç kimə deməyib. Xilasedicilər və tibbi xidmətlər hadisə yerində işə başladıqdan sonra o, hərbi hissəyə qayıdıb. Onun bu şücaətli addımı barədə yalnız bu gün bəzi media orqanlarından məlumat alıb. Jurnalistlər onun qəhrəmanlığını təsdiqləyən şəkilləri kənd sakinlərindən əldə ediblər”, – deyə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd olunub ki, kiçik çavuş Nurlan Botagarin 2017-ci ildən Silahlı Qüvvələrdə xidmət edir. O, Boğanqul kəndində doğulub, Beyneu rayonunda böyüyüb. 29 yaşlı Nurlanın həyat yoldaşı Gülümxanla iki qızı var – Akjaynu və Yasina. (Musavat.com)
KONKRET.az