Azərbaycanda son vaxtlar xarici bazarlara, xüsusilə ABŞ səhmlərinə marağın artdığı bildirilir. Rəsmi statistika açıqlanmasa da, maliyyə sektorunda bu tendensiyanın hiss edildiyi qeyd olunur. Hətta iddialara görə, bu məsələdə Gürcüstan, Ermənistan, Türkiyə kimi qonşu ölkələrdən də öndəyik.
Yerli investorların ABŞ bazarına marağı niyə artıb? Qonşu ölkələrlə müqayisədə Azərbaycanın ön planda olduğunu deyə bilərikmi?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, ABŞ bazarına marağın artmasının səbəbləri qlobal tendensiyadır:
“Çünki ABŞ fond birjası dünyada ən likvid, etibarlı və gəlirliliyi yüksək hesab edilən bazarlardandır. Texnologiya, enerji, maliyyə kimi sektorlarda lider olan şirkətlər – “Apple”, “Microsoft”, “Tesla”, “Nvidia” və sair bu ölkədə listinqdədir. Lakin Azərbaycanda kapital bazarı hələ zəif inkişaf edib. Yerli birjada alqı-satqı imkanları çox məhduddur, səhmlərin sayı və çeşidi azdır. Ona görə investorlar xarici bazarlara yönəlirlər. Son illərdə əsasən gənc və orta təbəqədən olan insanlar kriptovalyuta, foreks və beynəlxalq investisiya platformaları vasitəsilə maliyyə bazarlarına maraq göstərməyə başlayıb. Bu da ABŞ səhmlərinə çıxış istəyini gücləndirib. Texnologiyanın əlçatanlığı da birjada əsas rola malikdir. İnvestisiya tətbiqləri – məsələn, “Interactive Brokers”, “eToro” vasitəsilə sərhədsiz alqı-satqı imkanı asanlaşıb. VPN və onlayn ödəniş xidmətləri ilə bu prosesdən istifadənin real imkanı yaranıb. Kriptovalyuta bazarındakı yüksək risklərdən sonra bir çox investor nisbətən daha sabit və tənzimlənmiş ABŞ bazarına keçib”.
İqtisadçı qeyd edib ki, iddialara görə, Azərbaycanda investor marağı Gürcüstan, Ermənistan, hətta Türkiyə ilə müqayisədə daha yüksəkdir:
“Bunun səbəbi odur ki, əhali uzun müddət valyuta saxlamağa üstünlük verib və dollar yönümlü aktivlərə keçid daha asan olub. Həmçinin ölkəmizdə qeyri-rəsmi kapital sahibləri bu ölkəkərlə müqayisədə daha çoxdur. Gürcüstanda bank sektoru nisbətən açıqdır, amma əhali daşınmaz əmlaka üstünlük verir. Ermənistanda qapalı iqtisadiyyat və məhdud maliyyə resursları səbəbindən ABŞ bazarına çıxış daha aşağıdır. Türkiyədə isə yerli fond bazarı kifayət qədər aktivdir. Türk investorlarının böyük qismi daxili bazarda iştirak edir, ABŞ bazarına çıxanların sayı azlıq təşkil edir”.
Ekspert əlavə edib ki, Azərbaycanın üstünlüklərindən biri də dollara güclü bağlılıqdır:
“Gənc nəsildə qlobal maliyyə bazarlarına maraq sürətlə artır. Yerli birjada imkanlar az olduğuna görə investor avtomatik xarici bazara yönəlir. Qeyri-rəsmi məlumatlara əsasən, Azərbaycan regionda ABŞ səhmlərinə maraqda öndə ola bilər. Bunun səbəbi həm psixoloji, həm də iqtisadi amillərlə bağlıdır”.