Dünyanı təhdid edən ekoloji fəlakət son illərin ən çox müzakirə edilən mövzularındandır. Qloballaşan dünyada ətraf mühitin mühafizəsi problem olaraq qalır və hər il bu sahə üzrə yüzlərlə seminar, simpozium keçirilir. Dünya ekoloqları yeni ideyalar üzərində işləyir. Bəşəriyyəti təhdid edən ekoloji tarazlıq isə ildən-ilə pozulur və iqlim dəyişikliyinə səbəb olur.
Ətraf mühitə etinasız münasibət də ekoloji narahatlıq yaradır. Su hövzələrinin çirklənməsi, atmosferə atılan tullantı qazların ildən-ilə artması, flora və faunanın məhv edilməsi dünya ekoloqlarını həyəcan təbili çalmağa vadar edir.
Azərbaycanda da ekologiya mövzusu aktualdır. Hazırda ölkəmizdə ekoloji mühitə dövlət səviyyəsində xüsusi qayğı var və ətraf mühitin mühafizəsi əsas prioritetlərdəndir. Milli parkların, meşə zolaqlarının, canlı aləmin, flora və faunanın qorunması üçün xüsusi dövlət proqramları həyata keçirilib. Son 20 ildə Azərbaycanda doqquz milli park yaradılıb. Ölkəmizin əsasən dağlıq-meşə ərazilərini əhatə edən milli parklarda nadir ağaclar, nəsli kəsilməkdə olan heyvanlar, adları qırmızı kitaba düşən canlılar mühafizə olunur. Azərbaycanda ekoloji tarazlığın pozulması hallarına da rast gəlinir.
Su hövzələrinin çirkləndirilməsi, meşələrin qırılması, qanunsuz ov və digər neqativ hallar ekoloji tarazlığa zərbə vurur və təbiətlə vəhdət pozulur. Tullantı poliqonlarının diqqətdən kənarda qalması, yerli təşkilatların məsələyə səthi yanaşması da ekoloji problemlər yaradır. Bəzən etinasız yanaşmalar da ekoloji fəlakətə səbəb olur. Çox vaxt Azərbaycanda çalışan xarici təşkilatlar öhdəliklərinə düşən vəzifənin öhdəsindən ya gələ bilmir, ya da məsələyə etinasız münasibət bəsləyirlər. Nəticə isə acınacaqlı sonluqla başa çatır.
Ötən ilin iyun ayında Gədəbəyin Söyüdlü kəndi ərazisində də belə bir hal yaşanıb və ətraf mühitə etinasızlıq ekoloji fəlakətə gətirib çıxarıb. Bəzi işbazların etinasızlığı həm də sosial problemə səbəb olub. Söyüdlüdə yerli camaatın etirazına səbəb kəndin otlaq sahələrinə vurulan ekoloji ziyan və ətraf mühitin çirklənməsi idi. Ötən il iyulun 11-də ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı Prezident İlham Əliyev Gədəbəy rayonunda baş vermiş hadisəni qəbuledilməz adlandırdı. Bu işdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səhlənkarlığa yol verdiyini dedi. Ölkə başçısının iradlarından sonra Gədəbəydəki ekoloji fəlakətin qarşısı alındı. Söyüdlüdəki çatışmazlıqlar aradan qaldırıldı və ekoloji tarazlıq bərpa edildi.
Bu cür halların baş verməməsi üçün ciddi işlərə start verilib. İndi ətraf mühitin qorunmasından ötrü vaxtaşırı monitorinqlər keçirilir, yoxlamalar aparılır. Sənaye parklarında ekoloji tarazlığa nəzarət kökündən dəyişib.
Azərbaycanda ekoloji mühitə ən böyük zərbəni isə Ermənistan vurub. 30 il Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ölkəmizi ekoloji terrora məruz qoyub. İçməli su mənbələrimiz çirkləndirilib. İşğal zamanı Azərbaycan meşələri, yüzlərlə nadir ağac növü kəsilib. Zəngilan rayonu ərazisində Qafqazda ən böyük çinar meşəsi məhv edilib. Qarabağ ərazisində dağıdılan yüzlərlə yaşayış məntəqəsində ekoloji terror törədilib. Şərqi Zəngəzur ərazisindəki çaylar əhəmiyyətli dərəcədə ekoloji fəlakətlə üz-üzə qalıb. Nəticədə su hövzələrində nadir balıq növləri yox edilib. Ermənistan ərazisindəki iri sənaye komplekslərinin tullantıları bu gün də Azərbaycanın su hövzələrinə axıdılır. Ermənistan ərazisindən keçən Araz çayına sənaye tullantılarının atılması nəticəsində baş verən çirklənmə Azərbaycanda ekoloji tarazlığı pozur.
Bir sözlə, Ermənistanın Azərbaycana qarşı ekoloji terroru davam edir. 2022-cilin sonlarında Qarabağda qiymətli filiz yataqlarını istismar edən ermənilərin qanunsuz əməllərinə etiraz olaraq Azərbaycanın ekoloji fəalları Şuşa-Xankəndi yolunda uzunmüddətli aksiya təşkil etdilər və nəticədə ərazilərimizdə ekoloji terrorun qarşısı alındı. Amma düşmən ölkə öz çirkin əməlindən əl çəkmədi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə sərhəddə, Arazdəyən kəndində metallurgiya kompleksinin inşasına cəhd Azərbaycanın ekoloji mühitinə qarşı törədilən növbəti terror hadisəsi idi. Bunun da qarşısı alındı. Azərbaycan tərəfi bununla bağlı dəfələrlə dünyanın ekoloji təşkilatlarına, müraciət ünvanladı.
Dünyanın bəzi ölkələrinin qeyri-hökumət təşkilatlarının nümayəndələri də Ermənistanın qanunsuz əməlini pisləyən bəyanatlar verdilər. Nəticədə Ermənistan həmin zavodun tikintisini dayandırmağa məcbur oldu. Ermənistan ərazisindəki Metsamor AES-dən ərazilərimizə axıdılan zərərli maddələrin ətraf mühitə vurduğu ziyanın isə məbləği bəlli deyil.
Bütün bunlarla bağlı Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Amma etirazlara baxmayaraq, ermənilər ekoloji terrordan əl çəkmirlər. Ermənistanın ətraf mühitə vurduğu ziyan milyardlarla dollar dəyərində qiymətləndirilir. Azərbaycan öz ərazilərinə sahib çıxıb, sərhədlərinə nəzarət etdikcə, ekoloji fəlakətin fəsadları aradan qaldırılır.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamda respublikamızın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunub. Bildirilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir.
Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyib. 2050-ci ilə qədərki hədəfimiz isə istixana qazlarının miqdarının 40 faiz azaldılmasıdır. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “yaşıl enerji” zonası elan edib. Həmin ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulub.
Bununla belə, ölkəmiz bu ilin noyabr ayında COB29-a ev sahibliyi edəcək. Qalıq yanacaq istehsalçısı və ixracatçısı olan Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edərək hökumətin iqlim dəyişikliyi ilə bağlı ciddi tədbirlər görmək strategiyasını nümayiş etdirir.
Belə bir mötəbər konfransın ölkəmizdə keçirilməsi Azərbaycanın dünya miqyasında xüsusi çəkisindən xəbər verir. İndi dünyada əmindirlər ki, Azərbaycanın aktual ekoloji problemləri həll etmək və davamlı həll yolları tapmağa dair digər ölkələrlə işləmək üçün böyük imkanları var.
Vəli Həsənov,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusuna uyğun olaraq dərc edilir.