Ermənistan Baş Naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın proqnozllaşdırdığı kimi “Erməni analar cəhənnəmdən keçməli oldular”. Səyahətlərinin sonunda baş nazir onlara “bu ağırlıq altında gələcəyə nikbin baxa biləcəyini”, – deyib. Paşinyanın nikbinliyi, görəsən, hardan qaynaqlanlır?
Gəlin baxaq…
Qarabağla bağlı üçtərəfli müqavilənin imzalanmasından təxminən iki həftə sonra Baş nazir Nikol Paşinyan işgüzar dairələrin nümayəndələri ilə bir sıra görüşlərə başladı. Xüsusilə, Sənayeçilər və Sahibkarlar Birliyinin rəhbəri Arsen Qəzaryan, “Sil” konserninin qurucusu Xaçatur Sukiasyan, “Alex Holdinq” şirkətinin təsisçisi Samvel Aleksanyan, “Sovrano” şirkətinin sahibi Arman Sahakyan, “Spayka” şirkətinin sahibi David Xazaryan və “Menu”nun qurucusu Vahan Kerobyanla görüşlər oldu. Müzakirələrin əsas mövzusu dövlətlə iş dünyası arasındakı əlaqələrin gücləndirilməsi, investisiya proqramlarının davam etdirilməsinin təmin edilməsi, iqtisadi nikbinliyin bərpası idi. Sonda konkret razılaşmaların əldə edildiyi bildirildi.
Baş nazirlə görüşdə iştirak edən işgüzar mühitin altı təmsilçisindən dördünün eyni vaxtda “Türkiyə-Azərbaycan sevgisi” üzə çıxdı.
Türkiyə-Azərbaycan sevgisi bu iş adamların bəzilərində təzə deyil. Məsələn, Xaçatur Sukiasyan bir vaxtlar dövlətin prioritetlərindən birinin alternativ tranzit yolların axtarılması olduğunu (Gürcüstan xaricində) bildirmişdi. O zaman onun bəzi təklifləri ciddi narazılığa səbəb olmuşdu. Amma bütün bunlara baxmayaraq, o zaman “Yalnız Türkiyə ilə deyil, bəlkə də Azərbaycanla sərhədlərin açılmasından da danışa bilərik. Vaxt gələcək ki, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq həyata keçiriləcək”, – demişdi Sukiasyan.
Bir jurnalistin “Bu məsələni Qarabağ münaqişəsi həll olunmadan həll etmək mümkündürmü?”, – deyə soruşduqda Sukiasyan belə cavab vermişdi: “Düşünürəm ki, siyasi sistem və vəziyyət münaqişə həll olunmayana qədər bu iqtisadi məsələnin həllinə imkan verməyəcəkdir. Ancaq indi hesablamalar aparmaq, imkanları araşdırmaq mümkündür ki, münasibətlər normallaşdıqdan sonra regional inteqrasiya və inkişaf prosesi sürətlə başlasın”.
Sukiasyan alternativ yollarla bağlı ilk müsahibəsini 2003-cü ildə verib. Zənnimcə, Sukiasyan bu gün Azərbaycanla əməkdaşlığa məmnuniyyətlə və daha sürətlə başlamağa hazırdır.
Sənayeçi və Sahibkarlar Birliyinin rəhbəri Arsen Qəzaryana gəlincə, o, “Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılmasına yardım” proqramı (proqramı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilib. Və Avrasiya Əməkdaşlıq Fondunun köməyi ilə həyata keçirilən tədbirlərdə Türkiyə ilə əməkdaşlıqda Qəzaryan xüsusi fəallığı ilə tanınır.
Yeri gəlmişkən, Qəzaryan transit daşımalar üçün sərfəli olan Trabzon istiqaməti haqqında ilk danışanlardan biri idi. Onun sözlərinə görə, Türkiyədəki Trabzon limanı “erməni daşıyıcıları üçün nəqliyyat xərclərini 600 dollar azaltmaq üçün bir fürsətdir”. Bu nəqliyyat dəhlizi Gürcüstanın Potisinə ən yaxşı alternativdir.
Sukiasyan və Qəzaryan “Türk-Azərbaycan” qardaşlaşmasıının faydalarını xəyal edərkən, Paşinyanla görüşün digər iştirakçısı Samvel Aleksanyan (Lfik Samo) uzun müddətdir Türkiyənin gömrük imtiyazlarından faydalanmaq eşqi ilə yaşayır.
Xatırladaq ki, 2020-ci ilin mayında Ermənistan hökuməti nəyə görəsə Samvel Aleksanyana məxsus olan “Alex Textile” şirkətinə gömrük imtiyazlarının verilməsi barədə qərar qəbul etdi.
Qərar “şirkətin prioritet sahəyə yatırdığı investisiyalar”la əsaslandırıldı. Bir sözlə, “Alex Tekstil” xammala (əsasən Türkiyə və Çindən gətirilir) görə təxminən 14 milyard 127 milyon dram (təqribən 29 milyon dollar) məbləğində idxala görə gömrük vergilərindən azad edildi. Şirkətin texniki tənzimləmələrində və xam mal ehtiyaclarının ödənilməsində Türkiyə birinci yeri tutur.
Göründüyü kimi Ermənistanın əsas sənayeçiləri Azərbaycan-Türkiyə sərhədlərinin açılmasına çoxdan razıdır. Bəs biz necə? Paşinyanın vəd etdiyi nikbin gələcəyə getmək üçün bu yükün altına çiyin verməyə hazırıqmı?
Anna Beqleryan, “Verelq” qəzeti, 7 dekabr 2020
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az