Ermənistan tərəfinin Laçında mövqelərimizi atəşə tutması, hərbçimizin yaralanması artıq bardağı daşıran son damla kimi dəyərləndirilir. Baş verən hadisələr erməni təxribatının qarşısını almaq üçün antiterror əməliyyatlarının keçirilməsini zəruri edir. Danışıqların nəticə verməməsi, separatçıların dinc oturmaması, Ermənistanın isə öhdəliyini yerinə yetirməməsi rəsmi Bakının qarşıda çox ciddi addımılar atılacağına bir işarədir.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Laçında baş verən təxribatlar Azərbaycanın öz ərazilərində yurisdiksiyasını bərpa etməsinin vacib olduğunu göstərir:
“Çünki bu gün Ermənistan tərəfindən sistematik şəkildə Azərbaycan ərazilərinə qarşı təxribatlar törədilir. Bu təxribatların törədilməsi rus sülhməramlılarının öz öhdəliklərini yerinə yetirə bilmədiyini sübuta yetirir. Laçındakı sərhəd-buraxılış məntəqəsində bu təxribatın törədilməsi həm də oradan istifadə edən insanlara ciddi problemlər yaradır. Əslində orada vəziyyətin gərgin olmasına dair görüntü yaratmağa çalışırlar. Əlbəttə ki, bütün bu hadisələr Azərbaycanın antiterror əməliyyatlarını yaxınlaşdırır”.
Politoloqun sözlərinə görə, rəsmi Bakı antiterror əməliyyatlarının keçiriləcəyi ilə bağlı dəfələrlə xəbərdarlıq edib:
“Görünən odur ki, Ermənistan tərəfindən bu xəbərdarlıqlara məhəl qoyulmur. Hesab edirəm ki, ilin sonuna qədər əməli addılar atılmasa və Laçındakı nəzarət-buraxılış məntəqəsinə qarşı təxribatlar davam etsə, bu zaman Azərbaycan birmınalı olaraq antiterror əməliyyatlarına başlayacaq. Beləliklə rus sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etməsi məsələsi qaldırılacaq”.
Mövzunu saytımıza şərh edən politoloq Əziz Əlibəyli bildirib ki, cəbhədə antiterror əməliyyatlarına başlanmasının vaxtı yetişib:
“Çünki biz danışıqlardan istənilən nəticəni əldə etmirik. Reinteqrasiya ilə bağlı prosesə həm bölgədəki erməni separatçıları, həm də onlara dəstək göstərən qüvvələr mane olurlar. Separatçılara silah ötürülməsi və sair bu kimi özbaşınalıqlar davam etməkdədir. Bütövlükdə 10 noyabr razılaşmasına heç bir formada əməl olunmur. ABŞ da, öz açıqlamasında separatçılığın yayılmasında maraqlı olan qüvvələrin mövcudluğunu xsusilə vurğulayıb. Ona görə də, Azərbaycanın antiterror əməliyyatlarına başlaması tam leqaldır”.
Politoloqun sözlərinə görə, bütün bu məsələlər Azərbaycanın Qarabağda antiterror əməliyyatlarına başlamasına imkan verir:
“Digər tərəfdən, Prezidentin Laçında verdiyi ciddi mesajlar var idi. Ölkə başçısı erməni tərəfi ilə üçüncü görüşü reallaşdırmayacağını açıqlayırdı. Artıq ermənilər qalmaq və ya getmıklə bağlı seçim etməlidirlər. Baş verən proseslər hadisələri buna doğru aparır. Ona görə də, yayın həqiqətən “isti” keçəcəyinə böyük əminlik var”.
Müşviq Tofiqoğlu,
KONKRET.az