“Azərbaycan dünyaya bircümləlik mesaj verdi” – ŞƏRHbackend

"Azərbaycan dünyaya bircümləlik mesaj verdi" - ŞƏRH

Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edilib. Ölkəmizdə növbədənkənar Prezident seçkilərini zəruri edən amillər nədir? 2024-cü il fevralın 7-də keçiriləcək seçkilər beynəlxalq ictimaiyyətə hansı mesajları verir?

Mövzu ilə bağlı AĞ partiya başqanı Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, “Növbədənkənar prezident seçkilərini yaradan zərurətin ən doğrusunu təbii ki, seçkiləri müəyyən edən şəxs, yəni Prezident bilir. Hadisələri analiz edərkən onu demək olar ki, son zamanlar Azərbaycanın Qarabağ, Zəngəzur, o cümlədən Türkiyə və Rusiya ilə daha yaxşı münasibətlərin qurulması məsələlərində yürütdüyü müstəqil siyasət Qərb dairələrini, ABŞ-ı, həmçinin digər güc mərkəzlərini ciddi narahat edir”.

Partiya rəhbəri onu da qeyd edib ki, Qərb dairələri və Amerika Birləşmiş Ştatları da ölkəmizdəki prezident seçkilərinə, ən azından, ölkə müxalifəti və iqtidarı qədər hazırlaşmaqda maraqlı idi. Lakin növbədənkənar Prezident seçkilərinin gözlənilmədən meydana çıxması onların planlarını alt-üst elədi. Eyni zamanda, ölkəmizə dost olanlar və düşmən kəsilənlər də sözügedən seçkilərin keçirilməsini gözləmirdirlər.

Tural Abbaslı bildirib ki, Azərbaycan hakimiyyəti bu qərarı ilə dövlətimizə qarşı bütün mümkün təzyiqləri neytrallaşdırdı. O düşünür ki, ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri birbaşa dövlət təhlükəsizliyi məsələləri ilə əlaqədardır.

İndiki məqamda Azərbaycana qarşı bəzi beynəlxalq güclərin qərəzli mövqeyi, eyni zamanda, Ermənistana dəstək göstərməsi ölkəmizin dövlət təhlükəsizliyinə təhdiddir.

Partiya sədri vurğulayıb ki, 2024-cü ildə keçiriləcək Prezident seçkiləri ilə Azərbaycanın dünyaya mesajı bircümləlik və net mesajdır. Bu mesaj isə ondan ibarətdir ki, dövlətimizin kontrolu öz əlindədir. Həmçinin dolayısı ilə bu mesaj Avropanı və Amerika Birləşmiş Ştatlarını razı salmayan siyasi xətt yürüdən iqtidarın mesajıdır. Xalq da bu məsələdə Azərbaycan iqtidarının yanındadır.  Xüsusilə də dövlət təhlükəsizliyi məsələlərində xalq və iqtidar həmrəyliyi mövcuddur.

“Güman edirəm ki, əsas mesaj həm də bu məqamlardan ibarətdir. Növbədənkənar prezident seçkiləri ilə bağlı 7 dekabr 2023-cü ildə verilən qərarla beynəlxalq dairələr öz mesajlarını almış oldular. Bir sözlə, Vətənimiz və xalqımız üçün xeyirli, uğurlu olsun”, – deyə Tural Abbaslı fikrini tamamlayıb.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də məsələyə münasibət bildirib. O, növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillərdən biri kimi 1991-ci ildən bu günə qədər ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra seçki keçirəcəyə diqqət çəkib.

“Hesab edirəm ki, növbədənkənar Prezident seçkilərinin keçirilməsini şərtləndirən amillərdən biri də məhz budur. Azərbaycanın separatizmə son qoymasıyla nəinki ölkə daxilində, eyni zamanda, regionda yeni bir situasiya formalaşıb. Məlumdur ki, bütün bunlara baxmayaraq, Azərbaycana qarşı təzyiqlər olunur. Dünyada bir çox güclər tərəfindən beynəlxalq təhdidlər var.

Ötən referendumda Prezidentin seçilmə dövrünün beş ildən 7 il müddətinə artırıldığı zaman bir sıra xarici güclər buna qeyri-demokratik don geyindirməyə çalışırdılar.

Azərbaycan Prezidenti reytinqinin yüksək olduğu bir dövrdə seçkilərə getməklə əhalinin daha böyük hissəsinin səsini qazanmağı və beynəlxalq təhdidlərə qarşı müqaviməti gücləndirməklə ölkə daxilində də bir sıra ciddi, radikal islahatlara gedilməsini əsas hədəf götürdü. Bütün bunları nəzərə alaraq növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac olduğu qənaətindəyəm”, – deyə Arzuxan Əlizadə vurğulayıb.

Bünyamin Bünyadzadə ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*