Cənubi Qafqazda sürətlə dəyişən geosiyasi vəziyyət yeni müstəviyə qədəm qoyub. Dünya güclərinin regiona marağı, bəzi dövlətlərin bölgəyə daxil olmağa can atması siyasi prosesləri fərqli məcrada inkişaf etdirir. Qranadada Avropa Siyasi Birliyinin Sammitində Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatı, Almaniya Kanslerinin prezident İlham Əliyevlə telefon danışığı, bununla paralel, Rusiya prezidenti Vladimir Putinin Soçidə keçirilən “Valday” diskussiya klubunda çıxışı Cənubi Qafqazdakı proseslərin yeni mərhələyə qədəm qoymasından xəbər verir.
Avropa Parlamentinin Azərbaycan əleyhinə qərarları və Aİ-ni ölkəmizə sanksiyalar tətbiq etməyə çağırışı dünyadakı anti-Azərbaycan təbliğatının nəticəsidir. Düzdür, həmin qətnamələrin heç bir hüquqi gücü yoxdur və qəbul edilən qərarlar yalnız tövsiyə xarakteri daşıyır.
Ölkəmizi etnik təmizləmədə ittiham edən bəzi qüvvələr erməni diasporunun təsiri altında Azərbaycana qarşı hər cür qarayaxma kampaniyası təşkil edirlər. Avropa Parlamentinin Azərbaycana qarşı sanksyalar tələb etmək çağırışına ilk reaksiya Fransa prezidenti Emmanuel Makrondan gəlib. Fransa prezidenti bildirib ki, Azərbaycana qarşı sanksiya qəbul etmək müzakirə olunmur. Deməli, bir qrup avropalı deputatın səs verdiyi sənəd sadəcə mənasız kağız parçasıdır.
Avropa Siyasi Birliyinin Zirvə görüşündən əvvəl baş verən bu hadisələrdən sonra Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması haqqında sənədi imzalamaqla, ölkəmizə qarşı ərazi iddiasının olmadığını bildirdi. Bu, həm də Ermənistanın nəzarətində olan anklavların tezliklə Azərbaycana qaytarılacağına işarədir.
Soçidə isə Rusiya prezidenti Vladimir Putin Valday diskussiya klubunda geniş çıxış edib və Cənubi Qafqazla bağlı sualları da cavablandırıb. Putin yaranan vəziyyəti dərindən təhlil edərək Ermənistanı günahlandırıb və bir ay əvvəl Vladivostokda dediyi fikirləri demək olar ki, təkrar edib. Putin bildirib ki, Rusiya Ermənistana bir neçə dəfə sərfəli variant təklif etsə də, ermənilər həmin təklifləri qəbul etməyib, nəticədə isə bu hadisələr başlarına gəlib.
Qarabağ separatçılarının həbsinə toxunan Putin qeyd edib ki, onları Ermənistanda da görmək istəmirlər. Azərbaycanın suveren ərazilərini tanımasını Ermənistan baş nazirinə irad tutan Putin bununla da Qarabağın taleyinin həll edildiyini deyib. “Əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırsa, daha bizim deməyə başqa sözümüz qalmadı”, – deyə Putin bildirib. Rusiya prezidenti Paşinyanı həm də Qarabağ ermənilərinin taleyinə biganə yanaşmaqda qınayıb və deyib ki, Paşinyan Alma-ata bəyannaməsini rəsmi sənəd kimi qəbul etdikdən sonra Qarabağdakı ermənilərin status məsələsini də arxivə göndərib. Bu məkrli adam nə qədər üstüörtülü danışsa da, Azərbaycana qarşı qurduğu planı etiraf etməyə məcbur oldu.
Azərbaycanın iki rayonunu Ermənistana peşkəş vermək planını dilə gətirən Putin bu təkliflə ermənilərin razılaşmadığını bildirib. Deməli, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və Türkiyənin hərbi-siyasi dəstəyi qarşısında geri addım atmağa məcbur olan Rusiya Ermənistanın düşdüyü bu böhrandan təəssüflənir. Qarabağdakı ermənilərə status verilməməsinin, onların köçməsinin təsirindən dizinə vurur. Amma sonda bildirir ki, Qarabağın taleyi artıq həll olunub və Qarabağ Azərbaycanın suveren ərazisidir.
Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə, ardınca Qranadada ölkəmizin ərazi bütövlüyünün tanınması haqqında sənədin imzalanması, daha sonra isə Rusiya prezidentinin Soçidə söylədiyi təzadlı fikirlərin bir gündə baş verməsi də təsadüfi deyil. Azərbaycanı sanksiyalarla hədələyənlərə bu işə rəvac verən başqa birisinin “hələlik sanksiyaların vaxtı deyil” deməsi də ölkəmizə qarşı şantaj metodudur.
Vəli Həsənov,
KONKRET.az