Baş nazir Nikol Paşinyan Ermənistan İctimai televiziyasına müsahibəsində Qarabağdakı Rusiya sülhməramlılarından danışıb. Aparıcının “sülhməramlılar Qarabağdan çıxdıqdan sonra Ermənistan ərazisində yerləşə bilərlərmi” sualına cavab verən Paşinyan bildirib ki, onların Ermənistan ərazisində qalacağı sadəcə şayiədir: “Onlar Qarabağdakı rus qoşunlarıdır, əgər Qarabağı tərk edirlərsə, o zaman Rusiyaya getməlidirlər”.
Paşinyanın fikirlərinə dərhal reaksiya verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Qarabağdakı rus sülhməramlılarının gələcək taleyi Azərbaycanla müzakirə olunacaq.
Məsələni KONKRET.az-a şərh edən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, əvvəla rus əsgərlərinin qalmasının ermənilərlə birbaşa əlaqələndirilməsi doğru deyil: “Azərbaycan Qarabağa qayıdacaq və yaxud da orada yaşayan erməni mənşəli vətəndaşların təhlükəsizliyinə təminat verir.
Amma müəyyən keçid dövrü üçün bu, lazımdır. Nəzərə almalıyıq ki, erməni revanşist dairələr buradakı ermənilərin həyatları üçün təhlükənin və təhdidin olması məsələsini bəhanə kimi istifadə edirlər. Azərbaycanla bir yerdə yaşamağın mümkün olmaması, bununla da onlara xüsusi bir status verilməsi məsələsini qoyurlar.
Ola bilsin ki, keçid dövrü üçün müəyyən kontingent qala bilər. 2020-ci il bəyannaməsinə görə Rusiya sülhməramlılarının orada olmasını tənzimləyən konkret bir sənəd mövcuddur. Amma qeyri-qanuni silahlı birləşmələrin ləğv edilməsi və oradakı terror rejiminin məhvindən sonra orada hansısa xarici hərbçilərin mövcudluğuna ehtiyac yoxdur.
Bu məsələlərdə müzakirələrin gedəcəyi aydındır. Rusiya tərəfi də elan edir ki, sülhməramlı məsələsində yalnız Azərbaycanla danışıqlar gedir. Beynəlxalq missiya, beynəlxalq müşahidə və ya nəzarət mexanizmi kimi məsələlər heç bir halda qəbul edilməz. Bu məsələlərdə hər halda özünü kifayət qədər peşəkar göstərən Azərbaycan diplomatiyasına etimad göstərmək olar. Hər halda dövlət tərəfindən verilən vədlərin böyük bir hissəsinin gerçəkləşdiyinin şahidi olduq”.
Daha sonra anklavlar məsələsinə toxunan partiya sədri bildirib ki, bu məsələdə dəqiqləşməyə ehtiyac var: “Naxçıvanın bir, Qazaxın isə yeddi kəndi bizim üçün eksklav, ermənilər üçün anklav deyil. Bu,1992 və1993-cü illərdə bizim sərhədlərə bitişik ərazilər idi. Müəyyən xəritələrdə də Azərbaycan əraziləridir. Orada üç kənd bizim üçün eksklav, ermənilər üçün anklav sayıla bilər. Bu baxımdan hesab edirəm ki, ən yaxın dövrdə Kərki və Əskipara daxil olmaqla həmin ərazilərin azad olunması baş verə bilər. Hərbi əməliyyat tələb olunarsa, buna da getmək lazımdır”.
Vəli Həsənov,
KONKRET.az