Avropanın 2024-cü ildə Cənubi Qafqazla bağlı planları nədən ibarət olacaq? Ermənistan nə üçün silahlandırılır?
KONKRET.az mövzu ətrafında hərbi məsələlər üzrə ekspert Tərlan Eyvazovun fikirlərini öyrənib.
Ekspert bildirib ki, Sovet İttifaqı süquta uğradıqdan sonra Cənubi Qafqaz Rusiyanın razılığı ilə Fransanın diqqətində idi.
“Bu proses 1990-cı illərə qədər davam etdi. Müstəqilliyimizin ilk illərində isə mərhum prezident Heydər Əliyev Minsk Qrupu həmsədrliyində Fransanın olmasına əvvəlcə etiraz etmişdi. Lakin zəruri səbəblərdən sonradan razılıq əldə olundu. Beləliklə də indikindən fərqli olaraq Fransa o dövrdə neytrallığını qoruyub-saxlamışdı.
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki şanlı qələbəsindən sonra isə Fransanın ölkəmizə qarşı münasibətləri tamamilə dəyişdi və biz Avropada, əsasən, Fransanın ölkəmizə qarşı qərəzli mövqeyinin şahidi olduq. Bundan başqa, Almaniya da dövlətimizin əleyhinə davranışlar sərgilədi”.
Hərbi ekspert Azərbaycanın çevik siyasətinin və İkinci Qarabağ savaşındakı qələbəsinin bugünkü uğurlarımıza hesablandığını da xüsusilə vurğulayıb. Onu da bildirib ki, bu gün Amerika Birləşmiş Ştatları, Qərbi Avropa ölkələri, xüsusən də Fransa Ermənistana açıq dəstək göstərməkdədir. “Bununla bərabər Avropa və ABŞ Qafqazda Gürcüstana da diqqətini artırmağa başlayıb. Gürcüstanı Avropa İttifaqına üzv edəcəkləri ilə bağlı şirnikləndirici addımlar atırlar”.
Tərlan Eyvazovun fikrincə, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olmasında əsla maraqlı deyil. “Təəssüflər olsun ki, yaxın qonşuluq münasibətlərimizə baxmayaraq, Gürcüstan dolayısı ilə Fransanın havadarlığı ilə Ermənistana silah daşınmasına imkan yaradır. Bütün bunların fonunda Azərbaycanla Türkiyənin qarşılıqlı və uzlaşdırılmış siyasətində hələ ki təmkin nümayiş etdirilir. Göründüyü kimi, Fransanın Cənubi Qafqaza müşahidəçi adı altında hansısa hərbi birləşmələr yeritmək cəhdləri də Azərbaycanın dirənişi nəticəsində uğursuzluğa düçar olub.
Ermənistanın silahlandırılması həm də bu ölkənin İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti nəticəsində itirdiyi hərbi arsenalının boş qalan hissələrini doldurmaq məqsədilə ola bilər. Amma Ermənistana Fransa və digər ölkələr tərəfindən hücum silahları verilərsə, təbii ki, Azərbaycanın buna sərt şəkildə etiraz etmək hüququ var. Düşünürəm ki, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları uğurla nəticələnəcəksə, bu məhz Azərbaycanın sayəsində mümkün olacaq. Və son nəticədə bölgəmizdə inkişaf sürətlənəcək, eyni zamanda, kənar müdaxilələrin qarşısı birdəfəlik alınacaq”, – deyə Tərlan Eyvazov əlavə edib.
Bünyamin Bünyadzadə,
KONKRET.az