“Azərbaycan işğal faktına heç bir halda dözə bilməz”  – Səfir Qüdsi Osmanovbackend

"Azərbaycan işğal faktına heç bir halda dözə bilməz"  – Səfir Qüdsi Osmanov

Bakı Ermənistanın Azərbaycana silahlı hücumunun qarşısını aldığını elan edib və beynəlxalq birliyi rəsmi İrəvanı bu təcavüz siyasətini dayandırmağa məcbur etməyə çağırıb, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməli olduğunu, 1 milyondan çox qaçqın və məcburi köçkünün öz evlərinə qayıtmasının vacibliyini bildirib.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov Moldovanın https://noi.md/ru saytına müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən növbəti təcavüz və təxribat aktı Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən düşmənçilik və işğalçılıq siyasətinin növbəti təsdiqidir:

“Bu gün Azərbaycan ərazilərinin 20 faizi hələ də işğal altındadır və Azərbaycan xalqı bu həqiqəti heç vaxt qəbul etməyəcək”.

Onun fikrincə, bütün dünya koronavirus pandemiyası ilə mübarizə apararkən, hakimiyyət Ermənistanda COVID-19-un yayılması fonunda Azərbaycana qarşı təxribatlar törətməklə ölkə daxilindəki sosial-iqtisadi problemlərdən əhalini yayındırmağa çalışır və bununla diqqəti Azərbaycana yönəltməklə “xarici düşmən” imici ilə daxili siyasi problemlərini həll etmək istəyir.

O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz etdiyini, Dağlıq Qarabağı və Azərbaycanın daha yeddi rayonunu işğal etdiyini, bununla da BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəlikləri kobud şəkildə pozduğunu qeyd edib.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı dörd qətnaməsi Ermənistan tərəfindən yerinə yetirilmir. Beləliklə, Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərinə məhəl qoymur, Azərbaycana qarşı zorakılıq və təcavüz etməkdə davam edir və öz hərəkətləri ilə bölgədəki təhlükəsizliyə təhlükə yaradır.

Diplomatın vurğuladığı kimi, Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması və Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı Ermənistan tərəfinin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə sadiq olmamasının daha bir sübutudur. Təcavüzkar ölkənin bu kimi təxribatları münaqişənin sülh yolu ilə həlli üçün bütün səyləri ləğv edir və bölgədə gərginliyin artmasına xidmət edir.

Qüdsi Osmanov vurğulayıb ki, Azərbaycan hazırda regionun lider ölkəsidir, güclü iqtisadiyyatı, həmçinin Ali Baş Komandan tərəfindən qoyulmuş hər hansı bir vəzifəni həll etməyə qadir olan ordusu var. Bu baxımdan Azərbaycan işğal faktına sonsuz dərəcədə dözə bilməz:

“Ölkəmizin güclü lideri, Prezident İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpasını bütün zəruri vasitələrlə təmin etmək hüququ vardır”.

“Ancaq yenə də münaqişənin sülh yolu ilə həllinə ümid edirik, hər iki tərəfdə qurbanların olmasını istəmirik. Beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycana təcavüz siyasətini dayandırmağa məcbur etməlidir, Azərbaycan əraziləri erməni işğalından azad olmalıdır, 1 milyondan çox qaçqın və məcburi köçkün evlərinə qayıtmalıdır”. Diplomat fikrini belə yekunlaşdırıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*