Bir neçə gündən sonra milli mətbuatımızın yaranmasınıbn 149-cu ilini qeyd edəcəyik. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan mətbuatı bu gününə şanlı və şərəfli bir yol keçərək gəlib. Ən əsası bu günün regional gücü olan Azərbaycanın bu səviyyəyə çatmasında mətbuatımızın müstəsna rolu və xidməti var.
Hələ illər öncə ümumilli lider Heydər Əliyev deyirdi ki, milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.
Bu fikirlər müstəqillik illərində Azərbaycan mətbuatının keçdiyi yola ümumiləşdirilmiş şəkildə verilən ən yüksək qiymətdir. Doğrudan da Azərbaycanın mətbu camiəsinin qələmi süngüyə çevirdiyi günlər az olmayıb. Xüsusən də İkinci Qarabağ Müharibəsində biz bunun əyani sübutunu gördük. Bir dəstə jurnalist silaha sarılıb döyüşlərə atıldı. Qalan jurnalistlər isə 44 günlük müharibədə və ondan sonrakı dövrlərdə ideoloji sahədə xarici düşmənlərlə şərəflə döyüşdü.
Təbii ki, mətbuatımızın bu qədər güclü və monolit olmasının tarixə söykənən səbəbləri var. Çünki mətbuat son 35 ildə sözün hər mənasında dördüncü hakimiyyət olub. Bu hakimiyyətin formalaşmasında isə hakimiyyətin digər qollarının, xüsusən də icra hakimiyyətinin böyük rolu olub.
Mübaliğəsiz demək olar ki, Heydər Əliyev mətbuatla işləməyi bacaran çox nadir siyasətçilərdən olub. Onu bütün səfərlərdə böyük jurnalist ordusu müşayiət edib. Hər zaman mətbuata açıq olan dahi öndər həm də jurnalistlərin ən yaxın dostu olub. Onun jurnalistlərlə səmimi və mehriban ünsiyyətini yaşlı nəsil çox gözəl xatırlyır.
Qeyd etməliyik ki, ümummilli lider jurnalistlərin dostu olmaqla yanaşı milli mətbuatımızın bir nömrəli hamisi idi. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın inkişafında da mühüm dəyişikliklərə səbəb oldu. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz və ifadə azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə plüralizmin təşəkkülünə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə səbəb oldu.
Təsadüfi deyi ki, Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiyada da mətbuata verilən qiymət öz əksini tapıb: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
Təbii ki, 1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə idi. Bu fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım sayılır. Məhz bu Fərmanla mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü.
Bununla paralel mətbuatla bağlı müasir çağırışlara cavab verən qanunvericilik bazası hazırlandı. Belə ki, 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət edirdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı.
Qeyd etdiyimiz kimi? ümummilli lider hakimiyyətin digər qolları ilə yanaşı mətbuatın inkişafı üçün əlindən gələni əsirgəmədi. 2000-ci ilin martında ulu öndər Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” təsdiq olundu. Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
Ən böyük hadisələrdən biri isə bir sıra qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borclarının dondurulması və sonradan bu borcları ləğv etməklə bağlı hökümətin qərarı idi. 2001-ci ildə Azərbaycan jurnalistlərinin I Qurultayının keçirilməsi və Cənubi Qafqazda ilk dəfə Azərbaycanda Mətbuat Şurası adlanan özünütənzimləmə təsisatı yaradılması da milli mətbuat tarixindəki mühüm hadisələrdəndir.
2001-ci il mayın 11-də ulu öndərin “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” imzaladığı fərman müstəqil mətbuatın inkişafında əhəmiyyətli rol oynayan tarixi sənəddir. Dahi öndər cəmiyyətdə jurnalistlərə münasibətin formalaşmasında mühüm rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzetlərin baş redaktorları ilə keçirdiyi görüşlər Ümummilli liderimiz Heydər Əliyevi mətbuatın problemləri ilə daha yaxından tanış etdi. Bütün ölkə jurnalistləri Ulu öndəri ölkə başçısı olmaqla yanaşı, həm də bir dost, onların zəhmətinə qiymət verən yaxın sirdaş kimi qəbul edirdi.
İlham Əliyev – Azərbaycan mətbuatı
Mayası Ümummilli liderimiz Heydər Əliyev tərəfindın yoğrulan mətbuata qayğı Prezident İlham Əliyev tərəfindən yeni müstəvidə, müasir çağırışlara uyğun olaraq davam etdirildi. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanındı.
Mətbuata güzəştli kreditlərin verilməsi, qəzetlərin əlavə dəyər vergisindən azad edilməsi, onların maddi-texniki bazasının daha da gücləndirilməsi, ölkəyə gətirilən qəzet kağızı üçün dövlət rüsumunun ləğvi, qəzetlərin “Azərbaycan” Nəşriyyatına olan borclarının dondurulması ilə bağlı qəbul etdiyi qərarlar mətbuatla bağlı müasir tələblərə cavab verən qanunvericilik aktlarıdır.
İlham Əliyevin 2005-ci il 20 iyun tarixli Sərəncamına əsasən Azərbaycan milli mətbuatının 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, ilk dəfə olaraq mətbuat işçilərinin çoxsaylı mükafat, orden və medallarla təltif olunması, “Əməkdar jurnalist” fəxri adının bərpa edilməsi ölkə başçımızın jurnalistlərə doğma münasibətinin və verdiyi dəyərin təzahürüdür.
“Kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi haqqında” 2005-ci il 21 iyul tarixli sərəncama əsasən Mətbuat Şurasının maddi-texniki bazasının möhkəmləndirilməsi, 30-dan çox müxtəlif mətbuat orqanı və informasiya agentliklərinin hər birinə 10 milyon manat maliyyə dəstəyi göstərilməsi, qəzetlərin nəşriyyatlara olan borclarının dövlət büdcəsi hesabına ödənilməsi ilə mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirildi. 2008-ci il 31 iyul tarixli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” KİV-nin müstəqilliyinin təmin edilməsi məqsə¬dilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəd kimi milli jurnalistikanın sonrakı inkişafına əhəmiyyətli təsir göstərdi.
Prezident İlham Əliyevin 2015-ci il 2 iyun tarixli Sərəncamına əsasən milli mətbuatın 140 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi müstəqil Azərbaycanda azad sözə, mətbuatın inkişafına göstərilən qayğının daha bir ifadəsidir. “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli sərəncamı isə mətbuata böyük dəyər olmaqla milli jurnalistikamızın gələcək fəaliyyət istiqamətlərini, ana məramını da müəyyənləşdirmişdir.
Digər sahələrlə yanaşı media sahəsində də davamlı olaraq islahatlar aparılıb. Mövcud qanunvericiliyin təkmilləşdirilməsinin zamanın tələbi olduğunu nəzərə alan Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparıldı. Dövlətimizin başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılması məqsədilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı.
Bunun ardınca 2021-ci il 30 dekabr tarixində isə Prezident tərəfindən imzalanan “Media haqqında Azərbaycan Respublikasının Qanunu” media fəaliyyətini tənzimləmək, standartlaşdırmaq və media orqanlarının etik standartlara uyğun fəaliyyət göstərməsini təmin etmək, milli jurnalistika sahəsində mövcud ənənələrin qorunması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyətə malik dövlət sənədidir.
Bir sözlə, son 30 ildə hakimiyyətin digər qolları kimi media da uğurlu inkişaf yolu keçib. Hazırda ölkəmizdə 10-dan artıq müstəqil televiziya, 200-dən çox xəbər portalı, onlarla qəzet və jurnal fəaliyyət göstərir. Ən əsası isə, son illərdə Azərbaycanda mediasının müstəqilliyi və iqtisadi dayanıqlılığı təmin edilib.
Natiq Səlim,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.