Doktor Əhməd Şahidov ATƏT-in Vyanada keçirilən iclasında erməni nümayəndələrinin revanşist bəyanatlarına sərt cavab verib.
Avstriyanın paytaxtı Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ATƏT-də Finlandiyanın sədrliyinin təşkilatçılığı ilə “Tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi” mövzusunda ikigünlük görüş başlayıb.
Əlli yeddi ölkədən səfirlər, diplomatlar və rəsmi nümayəndələrin iştirak etdiyi tədbirdə vətəndaş cəmiyyətinin müdafiəsi, hüquq müdafiəçilərinin fəaliyyəti, dinc toplaşmaq azadlığının təmin edilməsi məsələləri və ATƏT regionunda bu sahələrdə mövcud problemlər müzakirə olunub.
İclasda Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi, doktor Əhməd Şahidov panel müzakirəsində iştirak edərək Ermənistan nümayəndələrinin Azərbaycana qarşı yönəlmiş təxribat və revanşist çıxışlarının qəti əleyhinə olduğunu bildirib.
Doktor Əhməd Şahidov çıxışında bildirib ki, tədbirdə iştirak edən erməni nümayəndələri Azərbaycana qarşı koordinasiyalı hücum həyata keçirirlər.
“Otuz ildir işğal altında olan bir ölkənin nümayəndəsi kimi bu revanşist və mənfur əhvalatları qətiyyətlə pisləyirəm”, – deyə o vurğulayıb.
Doktor Əhməd Şahidov Ermənistanın işğalı zamanı Azərbaycanın üzləşdiyi ağır faciələri – Xocalı soyqırımı, Bağanıs Ayrım qətliamı, Ağdaban faciəsi, o cümlədən Qarabağda məscidlərin dağıdılması və Ermənistanın bölgəyə atdığı yüz minlərlə mina səbəbindən dinc əhali üçün davam edən təhlükəni xatırladıb.
Bütün bu faciəli hadisələrə baxmayaraq, doktor Əhməd Şahidov Azərbaycanın sülhə sadiq qaldığını vurğulayıb. O, regionda uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün Ermənistanla münasibətlərin normallaşdırılmasının və sülh sazişinin imzalanmasının vacibliyini qeyd edib.
“Bu gün biz bir daha Ermənistana sülh və barışıq əlini uzadırıq. Gəlin mehriban qonşuluq və qarşılıqlı hörmət mühiti yaratmağa çalışaq.
Müharibələr heç vaxt heç kimə fayda verməuib, yalnız dialoq və əməkdaşlıq yolu ilə biz regionumuz üçün sabit və təhlükəsiz gələcək qura bilərik”.
Əhməd Şahidov çıxışının sonunda ermənilərə müraciət edib: “Erməni həmkarlarıma müraciət edirəm. İki gündür ki, nifrət ritorikasını yayırsınız. Qarabağda müharibə bitdi, sülh gündəmdədir. Biz Ermənistanla sülh istəyirik, qonşu kimi yaşayaq.
Müharibə istəyirsinizsə, erməni ordusuna qoşulun. Amma yeni müharibədə Ermənistan öz suverenliyini tamamilə itirə bilər.
Azərbaycan ordusu isə İrəvanda türk çayı içəcək, Göy məsciddə namaz qılacaq”.