Azərbaycan post-COVID dövrünə necə hazırlaşır? – AÇIQLAMAbackend

Azərbaycan post-COVID dövrünə necə hazırlaşır? – AÇIQLAMA

Azərbaycanda  COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər olduqca müsbət nəticələr verir. Belə ki, məhdudiyyətlər aradan qaldırılır və ölkəmiz artıq post-COVID dövrünə hazırlaşır.

Millət vəkili Elşad Mirbəşiroğlu KONKRET.az-a açıqlamasında bildirib ki, koronavirus pandemiyası dünyanı bir çox sınaqlar qarşısında qoydu: “İnkişaf səviyyəsindən, coğrafi genişliyindən və əhali sayından asılı olmayaraq, dünya dövlətləri ciddi problemlə üzləşdilər. Hətta dünyanın aparıcı ölkələri belə, pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində operativ qabaqlayıcı tədbirlər görə bilmədilər və çox böyük zərərlə qarşılaşdılar. Təbii ki, zamanla dünyanın bir sıra ölkələri pandemiyaya qarşı mübarizə sahəsində uğurlar əldə etməyə başladılar. Azərbaycan isə pandemiyanın ilk günlərindən effektiv antiböhran idarəçiliyini həyata keçirmək qabiliyyətini nümayiş etdirdi. Hələ pandemiya elan olunmamışdan öncə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında Operativ Qərərgah yaradıldı. Qərərgah preventive addımların atılması baxımından ilkin təsəvvürləri formalaşdırdı və tətbiq olunacaq mexanizmləri müəyyənləşdirdi. 2020-ci il mart ayının birinci ongünlüyündə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri ölkəmizdə səfərdə olarakən, Azərbaycanda pandemiya ilə mübarizə istiqamətində hazırlanan tədbirlər planını yüksək qiymətləndirdilər. Bunun nəticəsi idi ki, Azərbaycan vəziyyəti nəzarət altında saxlaya bildi”.

Yeni təyinat alan Elşad Mirbəşiroğlu kimdir? - DOSYE | Eurasia Diary

Millət vəkilinin sözlərinə görə, dünyanın demək olar ki, bütün ölkələrində olduğu kimi, Azərbaycanda da, bəzi hallarda yoluxma sayında yüksək dinamika müşahidə olundu: “Amma bu proses uğurla tənzimlənir və nəzarət altına qaytarılırdı. Ölkə Prezidentinin göstərişləri və iradəsi sayəsində qısa zamanda modul tipli xəstəxanalr istifadəyə verildi. Bütövlükdə koronavirusla mübarizə sahəsində yaradılan xəstəxanaların maddi-texniki bazası yüksək səviyyədə idi. Bütün bunlar isə effektiv mübarizəni həyata keçirməyə imkan verdi. Nəzərə almaq lazımdır ki, kütləvi vaksinasiyaya başlayan ilk ölkələrdən biri də Azərbaycan oldu. Bu gün də, dünyanın bir sıra ölkələri vaksin ala bilmir. Lakin Azərbaycan bu istiqamətdə kifayət qədər addımlar atıb. Hazırda ölkədə 2 milyon, 300 minə yaxın insan vaksinasiya olunub. Bu da kifayət qədər normal göstəricidir. Bu baxımdan Azərbaycanda post-COVID dövrünün atılacaq addımları haqda düşünmək mümkündür. Post-pandemiya dövründə məşğulluğu və iqtisadi inkişafı effektiv təmin etmək üçün, hökumət tərəfindən bu bəladan əziyyət çəkən təbəqələrə dəstək məqsədi ilə 2 milyard dollardan artıq vəsait ayrıldı. Həmin məbləğ müvafiq istiqamətlərdə vəziyyətin normal həddə saxlanılması üçün nəzərdə tutulub. Bu baxımdan post-COVID dövründə iqtisadi inkişafın və məşğulluq səviyyəsinin yüksəldilməsini stimmullaşdırmaq üçün, normal baza mövcuddur. Təbii ki, post-COVID dövründə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar da müəyyənləşdirilməkdədir. Eyni zamanda torpaqlarımız işğaldan azad edilib və həmin ərazilərin potensialı da ümummilli iqtisadi inkişaf dövriyyəsinə əlavə ediləcək. Həmin ərazilərdə iqtisadi infrastrukturun yaradılması, məşğulluq səviyyəsinə kifayət qədər təsir edəcək. Təbii ki, yeni iş yerlərinin, iqtisadiyyatın yeni sahələrinin yaradılması baxımından kifayət qədər imkanlar mövcuddur. Hesab edirəm ki, işğaldan azad olunan ərazilərdə turizm sektorunda və ya digər əməktutumlu sahələrdə məşğulluğun yüksək səviyyədə təmin olunması istiqamətində addımlar atılacaq. Bunun üçün ölkəmizdə strateji baxış və potensial mövcuddur”.

Müşviq Tofiqoğlu

KONKRET.az      

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*