“Problemlərin öz həllini tapması üçün həm dünyada, həm də regionda fərqli vəziyyət yaranmalıdır ki, tərəflər həqiqətən də sülhə razı olsunlar”
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.
O, bildirib ki, hazırda Ermənistan tərəfinin gündəmi belə yoxdur
“Bu gün biz bunu görmürük. Yalnız Qərblə Rusiya arasında region uğrunda mübarizə gedir. Aydındır ki, belə bir formatla xarici işlər nazirləri orada ciddi bir şeyə imza ata bilməzlər, çünki nəyəsə qərar verən xarici işlər nazirləri deyil. Üstəlik, ölkə rəhbərləri də bu dəqiqə qərar vermirlər. Ermənistan üçün isə aydındır ki, əgər Qərb hansısa razılığa gəlsə, o zaman Moskva bütün aspektlərdə qısqanclıqla yanaşacaq və ona görə də sıçrayışlar baş verəcək. Digər məsələ ondan ibarətdir ki, Azərbaycan bu platformalardan çox peşəkar şəkildə istifadə edir. Məhz Qərbin köməyi ilə Qarabağ məsələsini, Rusiya vasitəsilə isə dəhliz problemini həll edir”, – deyə erməni politoloq bildirib.
Kiviryanın fikrincə, hər güzəştdən sonra erməni tərəfi yalnız buna bəraət qazandırmağa çalışır, günahı keçmişin üzərinə yıxır.
“Nəticəni təmin etmək üçün həm diplomatik, həm də hərbi sahədə həqiqətən işləmək, rəqibinə qarşı tarazlıq yaratmağı bacarmaq lazımdır. Azərbaycan aqressiv diplomatiya aparır. Ermənistan yalnız bir halda öz maraqlarını irəli sürə bilər: zaman alsa və eyni zamanda bu vaxt ərzində özünə gəlsə”, – deyə erməni politoloq əlavə edib.
Günel Mikayılova,
KONKRET.az