İnsanların təhlükəsizlik və əmin-amanlıq şəraitində yaşaması hər zaman prioritet məsələ hesab olunub. Bu, təsadüfi deyil, çünki bəşəriyyət üçün ən dəyərli olan insandır və insan həyatıdır. Məhz bu təhlükəsizlik və əmin-amanlığın təmin olunması ilk növbədə müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlayış və hörmət şəraitində yaşamasından asılıdır. Bu isə öz növbəsində fərqli mədəniyyətlərin dialoqu ilə birbaşa bağlıdır.
Azərbaycan elə bir coğrafiyada yerləşir ki, burada lap qədim zamanlardan müxtəlif mədəniyyətlərə və dini inanclara mənsub insanların yaşaması təəccüb doğurmur. Çünki ölkəmiz fərqli din və mədəniyyətlərin kəsişdiyi məkanda yerləşir. Amma daha əhəmiyyətlisi ondan ibarətdir ki, bu fərqli inanclara, mədəniyyətlərə və etnik kimliklərə malik insanlar Azərbaycanın ərazisində əsrlər boyu dinc, təhlükəsiz, dostluq və əmin-amanlıq şəraitində yaşayıblar. Tarixi mənbələr və xronoloji faktlar göstərir ki, bu, Azərbaycanın tarixən tolerant və multikultural dəyərlərə sadiq bir dövlət olduğunu sübut edir.
Dünyanın müxtəlif bölgələrində olduğu kimi, Azərbaycanda da insanlar fərqli dini inanclara malik olublar. Müxtəlif xalqlar və hətta kiçik etnoslar belə öz dini dünyagörüşləri ilə fərqləniblər. Buna baxmayaraq, bir toplumun digərinin inancına hörmətsizlik etməsi yolverilməz sayılıb və bu cür hallara yol verilməyib. Bu gün də həmin tolerantlıq və multikulturalizm ənənələri ölkəmizin milli dəyərləri kimi qorunmaqdadır. Əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, heç bir səmavi din, heç bir ilahi kitab başqasının inancına hörmətsizliyi qəbul etmir. Əksinə, bütün səmavi kitablar, xüsusən Qurani-Kərim sülhü, anlaşmanı və əmin-amanlığı tövsiyə edir. Həm milli tolerantlıq ənənələrimiz, həm də islam əxlaqı yalnızca dözümlülük və hörmət aşılayır.
Müxtəlif etnosların, dinlərin və mədəniyyətlərin nümayəndələrinin tarixən dostluq və qardaşlıq şəraitində birgə yaşadığı Azərbaycan bu mənada nümunəvi tolerant ölkə sayılır. Tarix boyu ölkəmizdə milli mənsubiyyətinə, dilinə, dininə və adət-ənənələrinə görə heç kim ayrı-seçkiliyə məruz qalmayıb. Əksinə, müxtəliflik burada zənginlik kimi qəbul olunub, insanlara humanistcəsinə yanaşılıb. Təsadüfi deyil ki, Azərbaycanın ərazisində tarix boyu bütpərəstlik, zərdüştlük, yəhudilik, xristianlıq və digər inanclar yayılıb və bu fərqlilik heç vaxt qarşıdurma yaratmayıb. Ölkəmizdə milli və dini zəmində heç zaman diskriminasiya halları baş verməyib, bu fakt Azərbaycanın tolerantlıq modelinin canlı sübutudur.
Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi mövzusunda KONKRET.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, İslam dini göndərildiyi gündən etibarən müxtəlif xalqları və mədəniyyətləri birləşdirən səmavi dəyərlər sistemi formalaşdırıb.
Onun sözlərinə görə, bu yanaşmanın əsasını Peyğəmbərimizin (s) Mədinəyə hicrət etdikdən sonra qurduğu İslam cəmiyyətindəki yazılı sənəd təşkil edir:
“Bu sənəd insanlığın ortaq dəyərlərini ortaya qoyur. Qurani-Kərimin “Hucurat” surəsinin 13-cü ayəsində buyurulur: ‘Ey insanlar! Biz sizi bir-birinizlə tanış olasınız deyə müxtəlif xalqlara və qəbilələrə ayırdıq.’ Bu ayə göstərir ki, fərqlilik Allahın hikmətidir və bu yanaşma tolerantlığın əsasını təşkil edir”.
Ağa Hacıbəyli vurğulayıb ki, Azərbaycan da müxtəlif xalqların azərbaycançılıq ideyası ətrafında bir arada yaşadığı nümunəvi ölkələrdəndir:
“Qurani-Kərimin ‘Bəqərə’ surəsində ‘Dində məcburiyyət yoxdur’ buyurulması bu məsələyə münasibətin əsasıdır. Heç bir xalqın inancına və baxışlarına təhqiramiz yanaşmaq olmaz. Buddist də olsa, biz onları təhqir etmirik. Bu, insanlıq borcudur”.
İlahiyyatçı əlavə edib ki, tolerantlıq anlayışı bizə gəlmə bir kəlmədir, onun qarşılığı isə “dözümlülük” və “xoşgörü”dür:
“Amma bu xoşgörü küfrə qarşı xoşgörü deyil. İslamın da bir sərhədi var. İslam dini sülhün tərəfdarıdır. İslamda ‘cihad’ adam öldürmək yox, insanları haramlardan çəkindirmək və doğru yola yönəltmək üçün səy göstərməkdir”.
Aynurə İsmayıl,
KONKRET.az
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.