“Azərbaycan və Türkiyənin birgə planları nəticəsində yeni şad xəbərlər eşidəcəyik” – AÇIQLAMAbackend

“Azərbaycan və Türkiyənin birgə planları nəticəsində yeni şad xəbərlər eşidəcəyik” - AÇIQLAMA

“Qarabağdakı quldur yuvası dağıdıldıqdan sonra region dinc nəfəs alacaq və 35 ildən sonra, nəhayət, bölgə əmin-amanlığa qovuşacaq. İndi Qarabağ ermənilərinin reinteqrasiya prosesi başlayıb və çətin proses müəyyən vaxtdan sonra başa çatacaq. Bununla bərabər regionda kommunikasiyaların açılması istiqamətində ciddi addımlar atılmalıdır və deməli, Zəngəzur dəhlizinin açılması yenidən gündəmin əsas mövzularından biridir.

Bəzi region dövlətləri Zəngəzur dəhlizinin açılmasına qarşı olsa da, proseslər dəhlizin tezliklə işə salınmasına öz töhfəsini verəcək”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Politoloq əlavə edib ki, Zəngəzur dəhlizi mütləq açılacaq, bu, qarşısıalınmaz bir prosesdir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvan səfəri çox məsələdən xəbər verir. Birincisi, 102 il əvvəl Naxçıvan yaxınlığında Qars müqaviləsi imzalanmışdı. Və bu müqavilədən sonra Naxçıvanın qorunmasına nail olduq. Eyni zamanda, antiterror tədbirlərindən sonra Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərilə Türkiyənin Azərbaycanın yanında yer almasını bir daha nümayiş etdirdi. Hazırda Türkiyə ilə Azərbaycan regiondakı proseslər fonunda yeni mərhələyə qədəm qoyublar və həmin mərhələlər müzakirə edilir.

Digər tərəfdən, Azərbaycanla Türkiyə vahid strateji xətti davam etdirir və bir çox ölkələrdə bu iki qardaş dövlətin isti münasibəti qıcıq yaradır. Bizim istəyimiz isə yalnız iqtisadi potensialı genişləndirmək, mövcud geoiqtisadi layihələri həyata keçirməklə siyasi münasibətlərin inkişafına nail olmaqdır. Bu münasibətlər kiməsə xələl gətirmir. Sadəcə bəzi ölkələr məsələlərə öz prizmalarından baxır. Əminliklə deyə bilərik ki, Naxçıvanda baş tutan görüşdən sonra Azərbaycan və Türkiyənin birgə planları nəticəsində yeni şad xəbərlər eşidəcəyik. Ermənistanda baş verən hadisələr deməyə əsas verir ki, sülh müqaviləsinin imzalanmasının vaxtını uzatmaq ona gətirib çıxaracaq ki, Azərbaycan istədiklərini Ermənistandan daha tez bir zamanda alsın”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*