Azərbaycan vətəndaşları restoranlara təhsildən çox pul xərcləyir – EKSPERTbackend

Azərbaycan vətəndaşları restoranlara təhsildən çox pul xərcləyir - EKSPERT

“Azərbaycanda insanların təhsil və elm sahəsinə ayırdığı maliyyə resursları ilə əyləncə və ictimai iaşə obyektlərinə sərf etdiyi vəsaitlər arasında əhəmiyyətli fərqlər var. Bu fərq getdikcə artan bir tendensiya göstərir”.

KONKRET.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, son illərdə Azərbaycanda kafe və restoranlara ayrılan vəsaitdə ciddi artım müşahidə olunur:

“Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2019-2023-cü illər arasında ictimai iaşəyə çəkilən xərclər təxminən 25%-30% artıb. Məsələn:

– 2019-cu ildə kafe və restoranlara xərclənən ümumi məbləğ təxminən 2 milyard manat təşkil edib.

– 2023-cü ildə bu rəqəm təxminən 2,7 milyard manata yaxınlaşıb. Bu, adambaşına düşən illik xərclərin də artmasını göstərir”.

Ekspert qeyd edib ki, Azərbaycanın dövlət büdcəsində təhsilə ayrılan xərclər ildən ilə artsa da, cəmiyyətin fərdi təhsil xərcləri ilə bağlı vəziyyət daha fərqlidir:

“2020-ci ildə dövlət büdcəsindən təhsilə ayrılan vəsait təxminən 3 milyard manat olmuşdur ki, bu da ümumi büdcənin təxminən 10-12%-ni təşkil edir.

2023-cü ildə isə bu rəqəm təxminən 3,4 milyard manata çatıb, lakin bu artım ölkənin iqtisadi böyüməsi və xərclənən digər sahələrə görə kifayət qədər yüksək deyil.

Fərdi təhsil xərcləri, o cümlədən repetitor xidmətləri, kurslar və məktəbdənkənar təlimlər isə təhsil sahəsinə birbaşa qoyulan şəxsi investisiyalardır. Burada ailələr müəyyən xərclər çəksələr də, ümumi xərclərin digər sektorlara, xüsusən də əyləncəyə xərclənən vəsaitlə müqayisəsi göstərir ki, təhsilə çəkilən xərclər daha aşağıdır”.

Kamran Əsədov təhsillə müqayisədə ictimai iaşəyə daha çox pul xərcləməyin səbəblərini də açıqlayıb:

“Cəmiyyətlərdə əyləncə, sosial həyat daha vacib rol oynamağa başlayıb və insanlar getdikcə təhsil üçün deyil, əyləncə üçün daha çox pul xərcləyirlər. Təhsilə pul xərcləmək bəzi ailələr üçün lazımi faydanı gətirmədiyinə görə, əyləncə və iaşə obyektlərinə investisiya etmək daha cazibədar olur. Bəzi insanlar üçün kafe və restoranlara getmək sosial statusun bir göstəricisinə çevrilib və buna görə də daha çox pul xərclənir”.

Onun sözlərinə görə, Azərbaycan bu tendensiyada tək deyil:

“Dünya miqyasında da oxşar vəziyyət müşahidə edilir. Bir çox ölkələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə, insanlar gəlirlərinin böyük bir hissəsini əyləncə və ictimai iaşəyə sərf edirlər. Ancaq inkişaf etmiş ölkələrdə bu tendensiya getdikcə dəyişir və təhsilə daha çox resurs ayrılır. Məsələn, OECD ölkələrində təhsilə xərclənən vəsait ümumi büdcənin böyük bir hissəsini təşkil edir və insanlar öz şəxsi büdcələrinin müəyyən bir faizini təhsil və elmə sərf edirlər.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*