Xəbər verdiyimiz kimi Xocalı hava limanı dekabrın 25-də istismara veriləcək. Bu barədə Rusiya sülhməramlıları məlumat yayıb. Məlumatda deyilir ki, ”Hava limanının ətrafı minalardan tamamilə təmizləndi və hava limanının özü mühəndis və texniki baxımdan normal istismara tam hazırdır. Hava limanı 2012-ci ildə təyyarələr qəbul etməyə hazır idi. Ancaq Bakı onun istismarına icazə verməmişdi. Lakin noyabrın 10-da üçtərəfli razılaşmanın bağlanmasından və Rusiyanın sülhməramlı əməliyyatının başlanmasından sonra vəziyyət dəyişdi”.
Xocalı aeroportu fəaliyyətə başladıqdan sonra xocalılar gələn ilin yanvar ayından öz doğma dədə-baba yurdlarına köçürülməsi başlaya bilərmi?
Bununla bağlı KONKRET.az-a danışan deputat Razı Nurullayev bildirib ki, Xocalı aeroportu ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edilib: “Tərəfimizdən uçuşlara icazə verilib. Xocalı aeroportunun işə düşməsi, onunla bağlı qərarlar Azərbaycan tərəfindən veriləcək. Bununla bağlı iş gedirdi”.
Deputat vurğulayıb ki, Xocalıya Azərbaycan vətəndaşları qayıdacaq: “Amma bu yəqin ki, yaxın zamanlarda gerçəkləşməyəcək. Çünki hələ də həmin ərazilərdə erməni silahlı birləşmələri qalmaqdadır. Onlar meşələrdə gizlənir. Dağlıq Qarabağ icmasının nümayəndələri hələ də silahla gəzir. Erməni silahlı birləşmələri təəssüf ki, hələ də həmin ərazilərdədir. Onların oradan çıxarılması gündəmdədir. Əlbəttə bütün bu məsələləri Rusiya sülhməramlıları həyata keçirməlidir. Təəssüf ki, onlar bununla bağlı hələ də konkret addımlar atmır. Təbii ki, bu, bizi qəzəbləndirir. Amma istənilən halda bu, Rusiyanın məsuliyyətidir ki, həmin insanların əlindən silahlarını alıb, oradan çıxarsın və Azərbaycan qanunlarına tabe olmağa məcbur etsin. Əks təqdirdə Azərbaycan anti-terror əməliyyatı keçirərək onları silahsızlaşdırmalıdır. Bundan sonra təbii ki, həmin ərazilərə Azərbaycan vətəndaşlarının qayıtması mümkün olacaq”.
Nərgiz Mirzəyeva,
KONKRET.az