Bu gün baş verənlərin Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə heç bir əlaqəsi yoxdur, daha çox Rusiyanın bölgədəki rolu və statusu ilə bağlıdır.
KONKRET.az xəbər verir ki, bunu NEWS.am ilə söhbətində separatçı Karen Mirzoyan deyib.
Onun sözlərinə görə, bu gün Rusiya Federasiyasının Cənubi Qafqazda rolunu azaltmağa cəhdlər var, lakin Moskva bu regionun onun üçün geosiyasi əhəmiyyətini nəzərə alaraq bu cəhdlərə imkan yaratmayacaq:
“Aydındır ki, Putinin Bakıya səfəri zamanı əsas gündəm məhz bu məsələ olub. Rusiya Federasiyası ilə Qərb arasında qlobal qarşıdurma var və Ermənistan hakimiyyətinin də müəyyən addımları nəticəsində regionumuz qarşıdurma meydanlarından birinə çevrilib”.
Separatçı izah edib ki, Rusiya öz maraqlarını güdür və regionda baş verənlərdə özü üçün təhlükəli hadisələr görür və müəyyən addımlar atır:
“Azərbaycan Ermənistan ərazisindən keçən dəhlizdən əl çəkməyib. Lakin bu, Türkiyənin də iştirak etdiyi daha qlobal məsələdir, ona görə də hər şey Rusiya-Türkiyə münasibətləri kontekstində nəzərdən keçirilməlidir.
Rusiya da öz növbəsində hesab edir ki, 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndi onun regionda mövcudluğunu qoruyub saxlamağa kömək edə bilər”.
Günel Mikayılova,
KONKRET.az