Cənubi Qafqazda kommunikasiyaların (və ya nəqliyyat dəhlizlərinin) açılması üçün Azərbaycan, Ermənistan, Türkiyə və Avropa İttifaqının iştirak etdiyi dördtərəfli formatın yaradılması müzakirə edilir.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə üzrə ali komissarı Marta Kos Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi brifinqdə bildirib.
Aİ rəsmisinin sözlərinə görə, Avropa İttifaqı bir tərəfdən Ermənistan, digər tərəfdən isə Azərbaycan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinə kömək etməyə hazırdır. Brüssel bu məsələdə Bakı və Ankara ilə işləyir.
Marta Kos qeyd edib ki, Cənubi Qafqazda ölkələr arasında əlaqəni təmin etməklə çox şey əldə etmək olar, amma bu, yalnız İrəvan və Bakı arasında sülh təmin olunarsa, mümkündür.
Aİ komissarı xatırladıb ki, bu yaxınlarda Daşkənddə Avropa və Mərkəzi Asiya arasında cənub marşrutu layihəsinə investisiya cəlb etmək üçün ölkələr, beynəlxalq təşkilatlar və bizneslərin birləşəcəyi platformanın yaradılması təşəbbüsü ilə çıxış edib.
“TRIPP Qərblə Şərqi birləşdirən kommunikasiyaların sadəcə bir hissəsidir. Ermənistan, Azərbaycan, Türkiyə və Avropa İttifaqı arasında dördtərəfli formatı müzakirə edirik. Oktyabrda nazirlərin görüşü zamanı müzakirələrə başlamışıq, ardınca Daşkənddə investisiya forumu keçirdik”, – Kos əlavə edib.
